«Teleqraf» qəzeti Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Kampaniyasının həyata keçirdiyi foto müsabiqəsinə
geniş yer vermişdir
Böyük Britaniyanın nüfuzlu
"Teleqraf" qəzeti Ətraf Mühitin Mühafizəsi
üzrə Beynəlxalq Dialoq Kampaniyasının
(IDEA) təşəbbüsü və fotoqraf Reza ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən
"Yer kürəsi uşaqların gözü ilə -
2012" beynəlxalq foto müsabiqəsinə geniş yer
vermişdir.
AzərTAc xəbər verir ki, qəzet
dünyanın müxtəlif ölkələrindən minlərlə
gənc fotoqrafın çəkdikləri fotoları "Yer
kürəsi uşaqların gözü ilə - 2012"
müsabiqəsinə təqdim etdiklərini bildirmişdir.
"Sənin seçimin" onlayn ictimai səsvermə
resursunun açılması indi ictimaiyyətə bu fotolara səs
vermək imkanı yaratmışdır.
Qəzet yazır ki, müsabiqənin əsas
məqsədi ətraf mühit məsələləri ilə
bağlı maarifləndirmənin səviyyəsini
artırmaqdır. Bu layihə ilə 17 və ondan
aşağı yaşdakı uşaqlar "Mən təbiəti
sevirəm" və "Mən çirklənmədən
qorxuram" mövzularında fotolar çəkməyə həvəsləndirilmişlər.
Məqalədə beynəlxalq foto
müsabiqəsinin rəsmi veb-səhifəsi -
http://childrenseyesonearth.org/contest/biz-kimik - ambassadors#ambassadors
yerləşdirilmiş və bildirilmişdir ki, ictimaiyyət
sentyabrın 25-dək bu sayta daxil olmaqla seçilmiş 50 foto
arasından qalibi müəyyən etmək üçün səs
vermək imkanı əldə edir. Ən çox səs
qazanan foto "Sənin seçimin" mükafatına layiq
görüləcəkdir.
"Yer kürəsi uşaqların
gözü ilə - 2012" beynəlxalq foto müsabiqəsinin
rəsmi veb-səhifəsi 7 dildə - Azərbaycan, ingilis,
fransız, rus, italyan, fars, portuqal dillərində fəaliyyət
göstərir. Müsabiqəyə təqdim olunmuş
fotolardan münsiflər heyəti tərəfindən müəyyənləşdirilən
50 şəkil səsverməyə
çıxarılmışdır.
Səhifədə "Yer kürəsi
uşaqların gözü ilə - 2012" Beynəlxalq foto
müsabiqəsinin IDEA-nın təşəbbüsü və
fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində
həyata keçirildiyi qeyd olunmuşdur. Layihə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi, Dünya
Fotoqrafçılıq Təşkilatı (WPO), Böyük
Britaniyanın "National Geographic" uşaq jurnalı, SDN,
FotoEvidence, Webistan Foto Agentliyi və Ainaworld qeyri-hökumət
təşkilatı tərəfindən dəstəklənir.
Saytda
http://childrenseyesonearth.org/contest/az/-biz-kimik - ambassadors#ambassadors
müsabiqənin təşəbbüsçüsü,
IDEA-nın təsisçisi Leyla xanım Əliyeva haqqında
ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Leyla
xanım Əliyeva gənclərlə iş əsnasında
Şərqi Avropada yaşayan və təhsil alan Azərbaycan
gənclərini narahat edən əsas qayğılardan birinin ətraf
mühit olduğunu aydın görürdü. Azərbaycanda və
Şimali Qafqazda yaşayan hər bir uşaq on bir iqlim
qurşağından doqquzuna sahib olan regionda böyüməkləri
ilə fəxr duyur.
Bildirilmişdir ki, IDEA gənclərlə
ətraf mühitlə bağlı maarifləndirici işlərin
aparılmasına, daimi fəaliyyətin təmin olunmasına,
ekologiya problemlərinin ailənin, cəmiyyətin və milli
həyatın tam ortasına çəkilməsinə xidmət
edən kampaniyadır. Hazırda Azərbaycanda hakimiyyətin ətraf
mühitin qorunması məqsədi ilə həyata
keçirilən proqramlar əsasən sənaye təmizlənməsi,
güclü Milli Park layihəsi, kütləvi ağac əkilməsi
və sərf olunan enerjinin bərpası ilə
bağlıdır.
Səhifədə həmçinin Leyla
xanım Əliyevanın aşağıdakı sözləri
əksini tapmışdır: "Dünya gənclərinin ətraf
mühitə diqqəti və qayğısı artmaqdadır.
Bizi həyatla təmin edən ətraf mühit ilə
harmoniyada yaşaya biləcəyimiz gələcəyi qurmaq
bizim öz əllərimizdədir".
Bundan başqa, veb-səhifədə
"Yer kürəsi uşaqların gözü ilə -
2012" Beynəlxalq foto müsabiqəsinin komandasının
digər üzvləri - məşhur fotoqraf Reza, layihənin
baş redaktoru Lauren Jarvis, sosial media meneceri Emili Edvards, layihə
meneceri Lidiya Norel, eləcə də dünyanın məşhur
fotoqraflarından ibarət beynəlxalq münsiflər heyəti
və Məsləhət Şurası haqqında da ətraflı
məlumat verilmişdir.
Azərbaycan.-2012.-
21 sentyabr.- S.6.