Sülh inkişafın əsas təməlidir

 

 SÜLH  - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf. Sülhün carçıları isə  gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar.

SÜLH - azadlıq, bərabərlik və ədalət;

SÜLH - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri.

SÜLH - poeziyamızın daimi mövzusu...

 Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə  yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi  sualına  hələ də birmənalı cavab vermək mümkün deyil. Sülh şəraitində yaşamalı olan insanlar, min təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.  Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə  sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə,  təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır.

SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyican atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə  dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il  21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.

1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı məsələlər barəsində "Peace one day"i yaratmağa məcbur oldu. Əsas cəhd ondan ibarət idi ki, heç olmasa, ildə bir gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısı alınsın, ön cəbhələrdə silahlar sussun - atəşkəsə  əməl edilsin.

21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də 2012-ci ilə kimi 3 milyard insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.

Beynəlxalq Sülh Günü təsis edildiyi vaxtdan hər il  BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin Baş katibi Pan Gi Munun müraciətində qeyd edildiyi kimi,  hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və  atəşkəs dövründə pozulmaqda davam edir: "Məhz buna görə də biz çalışmalıyıq ki, bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin".

Baş katibin bildirdiyinə görə, BMT dünya xalqlarını səfərbər etmək məqsədilə mesaj kampaniyasına start da verib: "Mənim mesajımda deyilir: 21 sentyabr  Beynəlxalq Sülh Günüdür. Mən ümumdünya liderlərinə və bütün dünya əhalisinə səslənərək, münaqişə, yoxsulluq və aclığa qarşı, hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsinə çağırıram".

Sülh  bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də BMT-nin ali  vəzifəsidir. Adıçəkilən bəyannamədə deyilir: "O, danışıqlarımızın aparıcı qüvvəsidir. O, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə  qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur".

Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar baş alıb gedir, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir. Həqiqətən də dünyanın müxtəlif qütblərində saysız-hesabsız insan qrupları üçün sülh hələ də əlçatmazdır. Çad və Darfurdakı köçkün düşərgələrindən tutmuş Bağdadın darmadağın edilmiş dalanlarınadək sülhə aparan yol uğursuzluq və əzab-əziyyətlərlə müşayiət olunmuşdur.

BMT-nin Baş katibinin  hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində  deyilir ki,  münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan  beynəlxalq  miqyaslı tədbirlər nəticəsiz qaldıqca  insanların qorxu, vahimə içərisində yaşaması da davam edir.

Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə,  təbii ki,   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin  apardıqları sülh danışıqlarının səmərə verməməsi  regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və  məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə,  beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də,  təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. 1994-cü ildən münaqişə tərəfləri  arasında atəşkəs rejimi elan olunsa da, buna birtərəfli qaydada əməl edilir. Ermənistan nəinki atəşkəsə  əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini  hələ də kobud şəkildə pozmaqdadır. Əlbəttə, bu isə nüfuzlu beynəlxalq təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı siyasətə kölgə salır, onlara inamı azaldır.

Bütün bunlarla yanaşı, respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir. Bu əlamətdar gün münasibətilə İsveçrə səfirliyinin Bakı Ofisi ilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili  (ombudsman) və BMT-nin İctimai İnformasiya Departamenti daim birgə tədbirlər keçirirlər.

Muzey Mərkəzində "Sülh naminə 1000 qadın" sərgisində nümayiş etdirilən "Yer kürəsinin 1000 sülhpərvər qadını" adlı şəbəkə  çərçivəsində sülh mədəniyyətinin yaradılması sahəsində onların apardığı mühüm fəaliyyət barədə məlumat verilib. "Sülh sənin, mənim, hamımız üçün" devizi altında  təşkil olunan "dəyirmi masa"da isə istər hökumət, istərsə də QHT-lər və koalisiyalar, beynəlxalq təşkilatların təmsilçiləri qadınların sülh təhsili və tədqiqatları ilə bağlı bir qərara gəliblər.

Bu günün 21 illiyi ilə əlaqədar BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq edib. Baş Məclis belə qərara gəlib ki, BMT-nin, ona üzv olan dövlətlərin və bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək, sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sadiqliyini sübuta yetirən xüsusi bir vaxt təyin olunmalı idi ki, 21 sentyabr da məhz bu nöqteyi-nəzərdən seçilib.

Onu da xüsusi qeyd etməliyik ki, BMT-nin 60 illik yubileyinə  həsr olunmuş "Qızıl Göyərçin" beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. Bu  yüksək və ali mükafata dünyanın tanınmış simalarından olan Roma papası XVI Benedikt, Dalay Lama, Nobel mükafatları laureatları Desmond TutuLex Valensa, Çexiya prezidenti Vatslav Havel, Almaniya Prezidenti Roman Hersoq, Almaniya Bundestaqının spikeri Lammert, Almaniyanın təhsil naziri xanım Annete Şavan, Almaniyanın ailə naziri xanım dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülmüşlər.

Sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən daha çox sevilir. Çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin  olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 21 sentyabr.- S. 6.