Milli teatrımızın qaranquşu
Mədəniyyət
tariximizdən
Dövrünün görkəmli və
istedadlı sənətkarı kimi tanınan Mirzə Muxtar milli
teatrımızın ilk qaranquşlarından sayılır. O, Şərq musiqisini
incəliklərinə qədər mükəmməl bilən
musiqişünas kimi
də məşhur idi. Mirzə Muxtar tanınmış bir
ailədə dünyaya göz
açmışdı. Onun atası Əli
Əsgər Qarabaği Mehdiqulu
xan tərəfindən "Saray musiqiçisi" kimi şərəfli vəzifəyə layiq görülmüşdür.
Mirzə Əli Əsgər gözəl səsə malik xanəndə, həm də kamil bir kamançaçalan
idi. Sonradan tarın sirlərinə yiyələnərək Cənubi
Qafqazda görkəmli bir
tarzən kimi şan-şöhrət
qazanmışdır. Şuşanın tanınmış xanəndələrindən
Hacı Hüsü, Məşədi İsi məhz onun
müşayiətilə yaxın-uzaq ellərdə məclislər
qurardılar. Mirzə Əli Əsgərin özü də Yaxın Şərq ölkələrinə
- şah saraylarında qurulan
məclislərə dəfələrlə dəvət edilərdi.
Mahir bir tarzən kimi ad-san qazanmış Mirzə Əli Əsgərin
ocağında pərvazlananlar da məhz sənətkar
olmalı idilər. Əgər Mirzə Muxtarın atası XIX
əsrin məşhur tarzənləri olan
Sadıqcana, Cavad bəyə, Əli bəyə,
Məşədi Zeynala, Şəkər oğlu Kərimə müəllimlik edərək
onları ustad
çalğıçı səviyyəsinə yüksəldə
bilmişdisə, övladlarına da bu sahədə əsas yol
göstərən bir şəxsiyyət idi. Əlbəttə, Mirzə Muxtarın musiqişünas kimi
yetişməsində ilk məktəbi öz evlərində idi.
O, kiçik yaşlarından
çalıb-oxumağı atasından öyrənmişdisə,
onun qurduğu məclislərdə
iştirak edən musiqi
xadimlərindən də çox mətləblər
əxz etmişdi.
Növbəti təhsilini
mədrəsədə alan Muxtar sonra Şuşa
şəhər məktəbini də bitirdi.
O, türk, ərəb, fars
dillərini də mükəmməl öyrənmişdi. Hətta
əvvəllər qəzəl də yazıb. Bu
barədə Mir Möhsün
Nəvvabın təzkirələrində də məlumat var.
XIX
əsrin 60-70-ci illərində Şuşada
"Qış klubu"nda
ara-sıra tamaşalar oynanılardı.
Tamaşaçılar arasında Mirzə Muxtar
da olardı. Dramaturgiyaya
olan həvəsi onu bir maqnit gücü
ilə teatra çəkirdi. 1870-ci ildə
özü kimi
istedadlı gəncləri və müəllimləri başına
toplayaraq Şuşada
"Hacıquluların zalı"nda Mirzə Fətəli Axundzadənin
"Hacı Qara" komediyasını tamaşaya qoydu. Teatr tariximizin ilk
tamaşalarından olan bu
əsərin səhnə taleyi o qədər uğurlu
keçməsə də, şəhərin mədəni həyatında
müsbət rol oynadı. Mirzə Muxtar isə ruhdan
düşmədi. Üç il sonra yenidən
"Hacı Qara"nı tamaşaya
qoymalı oldu.
Bu tamaşa
qışlaqda göstərilib. O vaxt mətbəə
olmadığından tamaşa haqqında
elanı - müasir dillə desək,
afişanı əlləri ilə yazan
Mirzə Muxtar çox
əziyyət çəkib. Barmaqları qabar
olub, amma 40-a qədər
elan yazaraq şəhər
əhalisinə paylayıb, hətta dindarlara
da verib. Mürəkkəb
və ziddiyyətli bir şəraitdə tamaşa göstərmək o
zaman din xadimləri tərəfindən
günah sayılırdı və onlar aktyorları həmişə "kafir" adlandıraraq təqib edirdilər.
Xalqı qəflət yuxusundan oyatmaq üçün
başına gələcək hər bir
fəlakətə əvvəldən hazır olan
Mirzə Muxtar isə heç
nədən çəkinmirdi. Onun
tamaşasına gələn dindarlar hətta
bu gənci hədələyərək xəbərdarlıq
edirdilər: "Şəriətə zidd
şey bulsaq, vay halına". "Hacı Qara"nın
tamaşasından çox sonra
"Kaspi" qəzetində dərc edilən
məqalələrin birində Mirzə Muxtar
yazırdı: "Şükür ki, dinə müxlafi bir şey bulmayıb
razı getdilər". Beləliklə, Mirzə
Muxtar Mirzə Fətəli Axundzadənin
digər komediyalarına da səhnə həyatı
verərək özü də baş rolda
tamaşaçılar qarşısına çıxdı. Cəhaləti,
xalqı soyanları, tamahkarları,
fırıldaqçıları, bir
sözlə, feodal mühitinin
özünəməxsus eybəcərliklərini tənqid edən
bu əsərlər
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanırdı.
Firidun Şuşinski
yazırdı: "Mirzə Muxtarın Azərbaycanın milli teatr tarixində unudulmaz xidmətlərindən biri
də onun teatr səhnəsində
ilk dəfə qadın rolunda
çıxış etməsidir. Şübhəsiz ki, bu məsələ o dövrdə heç də
asan deyildi. Bir yandan ruhanilər teatr sənətini "şeytan
əməli" adlandırırdılar, digər tərəfdən
də azərbaycanlı qızların səhnəyə
çıxmasına imkan verilmirdi.
Buna görə də kişilər Azərbaycan
səhnəsində qadın rollarını oynamağa
məcbur olmuşdular".
"Kaspi" qəzeti 9 may
1913-cü il tarixli
sayında yazırdı: "Mirzə Muxtar
Məmmədov müsəlman səhnəsinin ilk
həvəskar artistlərindən biridir.
O, birinci dəfə Şuşada
müsəlman Molyeri Mirzə Fətəli
Axundovun ölməz "Hacı Qara" pyesində oynamışdı. Müsəlman
səhnəsi və onun xidmətləri ona görə qiymətlidir ki,
o zaman səhnədə
oynamaq mürtədlik hesab
olunurdu. Bu işə
cəsarət edənlər isə avam camaat və dindarlar tərəfindən
təqib olunurdu. O dövrdə qadın
rollarını oynamaq böyük
qəbahət sayılırdı. Bu
rolları oynayanlar hər cür
alçaldılır, onları hətta rolunu
ifa etdikləri qadınların adı ilə
çağırırdılar".
Mirzə Muxtar 1852-ci ildə Şuşada
doğulmuşdu. Onun doğum tarixi ilə əlaqədar
tədqiqat və yazılarda müxtəlif rəqəmlər
göstərilir: 1841, 1842, 1852, 1859 və s.
Biz isə məhz 1852-ci ilin
üstündə dayandıq. Çünki
haqqında verilən nekroloqda da 1852-ci il yazılıb. Bundan başqa, 1913-cü ilin əvvəllərində Bakıda Mirzə
Muxtarın sağlığında onun səhnə
fəaliyyətinin 40 illiyini qeyd ediblər. Həmin vaxt
çıxış edənlər də sənətkarın
"60 sinnini" dilə gətirərək
ona uzun ömür arzulayıblar. Həyatının
müəyyən illəri üzərində sadə hesablamalar aparanda da doğum tarixinin
1852-ci il olduğu təxmin
edilir.
Öz doğma şəhərində
milli teatr
tamaşalarının təşkilatçısı və
iştirakçısı olan Mirzə Muxtar Şuşanı 31 yaşında tərk
etmək məcburiyyətində qalıb. Məşhur
şuşalı publisist Haşım bəy
Vəzirovun "Evlənmək bir stəkan
su içmək deyil"
əsərinin tamaşası zamanı (1883) salonda
ciddi mübahisə düşüb.
Elə bir vəziyyət yaranıb ki, artistləri öldürmək qərarına
gəliblər. Səhnəyə hücum
edən əlixəncərlilərdən canlarını qurtarmaq üçün aktyorlar dal qapıdan qaçmaq zorunda
qalıblar. Mirzə Muxtar ələ keçib. Qadın paltarında olması onu ölümdən xilas edib. Nadanlar elə güman ediblər ki, bu, süpürgəçi qadındır. Lakin sonralar ruhanilərin
fitvası və göstərişi ilə teatrın təşkilatçısı
kimi Mirzə Muxtar axtarılıb.
Əvvəlcə Ağdamda, Gəncədə,
sonra Tiflisdə gizlənməli olan Mirzə Muxtar 1899-cu
ildə Bakıya köçməli olub.
Müəllimliklə məşğul olsa
da, şəhərin teatr
tamaşalarında müntəzəm çıxış edib. Demək olar ki, balıq susuz yaşaya bilmədiyi kimi, o da teatrdan
ayrı qala bilməyib. Belə
bir fakt da var ki,
onun duyumuna,
istedadına, səhnə fəaliyyətinə yaxından bələd
olan Üzeyir bəy
Hacıbəyli Mirzə Muxtarı operaya dəvət
edib. 1908-ci ilin
yanvarında "Leyli və Məcnun"
operası tamaşaya qoyulanda
Məcnunun atası rolunu da
ilk dəfə Mirzə Muxtar
yaradıb. Ceyhun Hacıbəyli ilk Azərbaycan operasının necə
yaranması ilə bağlı qələmə
aldığı məqalədə yazıb: "Məcnunun
atası rolu üçün
isə biz çox cəlbedici
bir adam tapdıq. Əslən
Qarabağdan olan, muğam sənətini əla bilən və haçansa malik olduğu zəngin səsinin bir
qismini hələ də qoruyub
saxlamış müəllim Mirzə Muxtar
bu işi öz öhdəsinə götürdü".
O, sadəcə, aktyor deyildi.
Firidun Şuşinskinin
təbirincə desək, Üzeyir bəy
Hacıbəylinin ən yaxın məsləhətçisi və
köməkçilərindən biri olmuşdu.
Uzun illər Opera və Balet
Teatrında yorulmadan çalışan
Mirzə Muxtar "Əsli və Kərəm",
"Aşıq Qərib", "Şah
İsmayıl", "Şah Abbas və Xurşudbanu", "Fərhad və Şirin" və digər operalarda
müxtəlif rolları böyük məhəbbət
və ehtirasla yaratmışdı. Onu tamaşaçılar da
çox sevirdi. Dövrünün
görkəmli sənətşünası Cəlil bəy
Bağdadbəyov yazırdı: "Leyli
və Məcnun" tamaşası zamanı Üzeyir
bəy Mələk xanımla teatra həmişə
qoşa gələrdi. Mirzə Muxtarın
ifasında Məcnunun atasının ariyasını dinlədikdən
sonra teatrı tərk edərdi. Üzeyir bəy Mirzə Muxtarın səsinin vurğunu idi. Bunun da bir
neçə səbəbi vardı. Mirzə Muxtar
səhnəyə Şuşa
bülbüllərinin avazını, çaylarının səsini,
meşələrinin rəngini, çiçəklərinin ətrini,
sübhünün təmizliyini gətirmişdi.
Bir də Mirzə Muxtar
əruz vəzninin bilicisi idi.
Füzuli qəzəllərini aydın, rəvan və səlis
tələffüz edirdi. 1908-ci ildən
1918-ci ilədək Üzeyir bəy
Hacıbəylinin Cənubi Qafqazda, Orta Asiyada səhnəyə
qoyulan opera və
operettalarında Mirzə Muxtar bir aktyor kimi
iştirak etmişdir.
Bəstəkar Əfrasiyab
Bədəlbəyli "Musiqi lüğəti"
kitabında Mirzə Muxtarı da ehtiramla xatırlayıb. Onun
musiqi hafizəsini, ərəb və fars dillərində sərbəst
danışmasını təqdirləyərək Mirzə
Muxtarı "muğamat aləminin
sultanı" adlandırıb. Məlahətli və
yanıqlı səsi ilə seçilən Mirzə
Muxtarın yüksək səhnə mədəniyyətinə
malik olması haqqında da
mütəxəssislərin müsbət ruhlu
rəyləri var. O, aktyor
kimi tamaşaçısını, xanəndə
kimi də dinləyicisini ovsunlaya
bilirdi. Rolları o qədər
təbii və inandırıcı yaradırdı ki, Mirzə Muxtar özünü səhnədə yox, həyatda hiss edirdi. Bu səbəbdən
də bütün fəaliyyəti - istər
aktyorluğu, istərsə də xanəndəliyi
təsirli və yaddaqalan
alınırdı. Onu hamı sevirdi. Pərəstişkarları da çox idi.
Ömrünün ahıl
çağında da opera
və dram teatrlarının
tamaşalarında müntəzəm çıxış edərdi.
Tiflisdə tamaşaya qoyulan
"Leyli və Məcnun" operasında
Məcnunun atası rolunda səhnəyə
çıxanda Mirzə Muxtarın 75 yaşı vardı.
İllər onun səsinin yanından belə
keçə bilməmişdi. Həmişəki təravətində
və xoş avazında idi.
O, səhnə ilə 78 yaşında vidalaşıb. Uzun illər Azərbaycan milli
teatrına xidmət edərək özünün
necə istedadlı aktyor və teatr qurucusu olduğunu fədakarlıqla təsdiq edib. Onun şöhrəti
elləri dolaşırdı. İrəvanda, Gəncədə,
Tiflisdə, Vladiqafqazda, Dərbənddə
bu şuşalı sənətkarı
gözəl tanıyırdılar.
Mirzə Muxtar 1929-cu ildə Bakıda vəfat etmişdir. Ölüm
tarixində də müxtəlif rəqəmlər göstərilir.
Yenə də dəqiq tarixi müəyyənləşdirmək
üçün nekroloq
köməyə çatdı. O zaman
"Kommunist" qəzetində dərc olunan nekroloqda ölüm tarixi 1929-cu il göstərilib və orada
oxuyuruq: "Türk səhnəsinin
bütün
ağırlıqlarını çiyinlərində keçirmiş, uzun ömrünün çox
dəyərli bir hissəsini bu səhnədə
çalışmış ən qoca aktyor Mirzə Muxtar həyat
səhnəsindən həmişəlik olaraq
çəkildi".
İndi anadan
olmasının 160 ili tamam
olan Mirzə Muxtar milli teatr tariximizin
ilk qaranquşlarından biri
idi. Bu unudulmaz
sənətkarın irsi böyük
bir məktəbdir. Vaxtilə bu məktəbdən pərvazlananlar sonralar Azərbaycan mədəniyyətinin çox görkəmli xadimləri oldular. Unudulmaz Cəlil bəy
Bağdadbəyovun bir fikri
ilə yazını tamamlayırıq: "Mirzə MuxtarE gənc aktyorlara
muğamatı təlim edib şeirlərin
anlamadıqları sözlərini başa
salardı. Olduqca müsbət bir adam idi.
Mirzə Muxtarın "Hicaz" və
"Şur" oxumağını başqa xanəndə və aktyorda
görmədim. Onun "Şur"u eşitdiklərimə bənzəmirdi".
İstər teatr, istərsə də
ifaçılıq sənətimizin bu
görkəmli nümayəndəsi mədəniyyət
tariximizə adını əbədilik həkk etdirib...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
21 sentyabr.- S.7.