Günəş kimi nur
saçır
Nizami Gəncəvi -870
Azərbaycan
xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını,
şeirini Şərq aləmində, bütün dünyada
Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan
xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət
bağışladığına görə - Gəncə
torpağı, Gəncə xalqı, gəncəlilər əbədi
minnətdarlığa layiqdirlər.
Heydər ƏLİYEV
XII əsr
qədim Gəncənin əsl intibah dövrü kimi tarixə
daxil olub. Xüsusən Atabəylərin hakimiyyəti illəri
Gəncənin qızıl əsri, tərəqqi,
çiçəklənmə çağı
sayılır. Atabəylər
şairlərə, sənətkarlara, musiqiçilərə,
həkim və mühəndislərə hamilik edirdilər. Gəncədə
Nizami Gəncəvi və Məhsəti xanımla
yanaşı, görkəmli hüquqşünas Əbülfəz
Gəncəvi, şair Tacəddin Katıb, astronom İvan
Sarkoviç və başqaları yaşayıb- yaradıblar.
Gəncə kitabxanası "Dar əl-kütüb"
bütün Şərqdə məşhur idi. Onun haqqında
çox yazılıb, çox deyilib. Gəncənin intibah
dövrünün əvəzsiz incisidir o!
Görünür, ulu Nizaminin parlaq
dühası ilə yanaşı, elə bu zəngin kitab məbədinin
özü Gəncədə genişmiqyaslı coşqun ədəbi
mühitin yaranmasına güclü təkan verib. Yeri gəlmişkən,
ölməz şairin müasirlərindən, intibah
dövrünün yazarlarından bir neçəsini yada salmaq
istəyirik:
Ömər
Gənci saf həyat sürən, ağıllı, comərd
bir adam idi. Dilçi alim və istedadlı şair kimi
tanınırdı. Gəncədə doğulub, burada
böyüyüb, ilk təhsilini burada alıb. Sonra
Bağdadın məşhur "Nizamiyyə" mədrəsəsində
oxuyub. Nişapurda vəzir Fəxrülmülkün
övladlarının müəllimi olub. 1155-ci ildə - 70
yaşında Mərv şəhərində vəfat edib. Ədəbi
aləmə onun 26 beyti bəllidir. Ömər Gənci
ömrünün çoxunu Bağdadda, Nişapurda və Mərv
şəhərlərində keçirib. Ona görə də
şeirlərində vətən duyğusu, Gəncə həsrəti
daha kövrək, daha qəlbəyatandır:
Ətirli
meh əsdikcə səhər dost diyarından,
Qəlbim yarpaq tək əsir, tapmır
bir zərrə aram.
Əbül-Üla
Gəncəvi dövrünün məşhur simalarından
sayılır. 1096-cı ildə Gəncədə
anadan olub. Böyük istedad sahibi idi.
Ömrünün yetkinlik çağında
Şirvana köçüb. Sözü,
söhbəti ilə sarayda xüsusi nüfuz qazanıb. "Məlik əş-şüəra", yəni
"şairlərin şahı" rütbəsinə
yüksəlib. Əfsələddin
Xaqaninin qayınatası idi. Kürəkəni ilə əvvəl
möhkəm dost olub. Xaqanini şirvanşah II Mənucöhrə
o təqdim edib. Ona Xaqani təxəllüsünü
də Əbül-Üla Gəncəvi verib. Lakin sonralar saray intriqaları bu münasibətləri
özgə səmtə yönəldib. Düşmənləri
Əbül-Üla Gəncəvini dinsizlikdə təqsirləndirib
ləkələməyə, gözdən salmağa
çalışırlar. Xaqani ilə də
aralarında ziddiyyət yarandı. Bu iki
böyük sənətkar bir-birinə çox kəskin həcvlər
yazırdı.
Əbül-Üla Gəncəvi Azərbaycan
ədəbiyyatında ictimai-fəlsəfi şeirin ilk
nümunələrini yaradıb. Təkcə
"Andnamə" qəsidəsi onun şairlik qüdrətini,
ömür boyu Gəncə ilə, gəncəlilərlə
bağlılığını çox aydın göstərir:
Ürək bulud, sözüm inci,
könülsə bir dərya,
Dilim bu gövhərə
carçı, zamanə isə baha.
Mənəm həməsrlərdən
qabaqda gedən ustad,
Mənimlə gəncəlilər fəxr
edir, deyil bica.
"Şairlər şahı" kimi mötəbər
ad qazanmış Əbül-Üla Gəncəvi 1159-cu ildə
dünyasını dəyişib.
Qivami Mütərrizi Gəncəvinin
doğum tarixi bəlli deyil. 1190-cı
ildə vəfat edib. Bəzi qaynaqlarda onu
Nizaminin əmisi oğlu və ya qardaşı kimi qələmə
verirlər. Qivami əsl zəhmət
adamı idi, çörəkçi olub. Həyatın
hər üzünə bələd idi. Ona
görə də poeziyası saf, sağlam və durudur. Həmişə həyata və insanlara ayıq
münasibət bəsləyirdi. İctimai
haqsızlığa, cəhalətə, yalana,
riyakarlığa kəskin etiraz edirdi. Qivami
saflığın, gözəlliyin vurğunu idi. Onun
gözəllik idealı real insandır:
Mənim gündüzümdür ayın
çöhrəsi,
Qara saç altında Ay kimi parlar.
Saçının ətridir səhərin
yeli,
Yanlış dedik məgər, yel ənbər
saçar?
Qivaminin ən dəyərli əsərlərindən
biri "Raiyyə" qəsidəsidir, məşhur
Qızıl Arslana həsr olunub. Mütəxəssislər
deyirlər ki, onun poeziyası forma və məzmunca dolğun,
dərin və əlvandır. Şair
öz dövrünün çoxlu probleminə toxunmuş, bir
çox suallara poeziyasının dili ilə özünəməxsus
şəkildə cavablar axtarmağa
çalışmışdır.
Mxitar Qoş Gəncənin ədəbi
aləmində tarixçi, təmsilçi və
hüquqşünas kimi tanınırdı. Dərin biliyə, geniş
dünyagörüşünə malik bir insan olub.
"Alban salnaməsi"nin və
"Qanunnamə" toplusunun müəllifidir. "Alban
salnaməsi"ndə 1130-1166-cı illər ərzində,
daha doğrusu, səlcuqların hakimiyyəti dövründə
Albaniyada baş verən hadisələr təsvir olunur. 1184-cü ildə tərtib edilən "Qanunnamə"yə
isə, Alban dövlətinin kilsə qanunları ilə
yanaşı, digər ölkələrin də qanunları
daxil edilmişdir.
Mxitar Qoş Xaçın
knyazlığında Nor Genetik monastırının əsasını
qoyub və 1213-cü ildə - 73 yaşında orada vəfat
edib. "Alban salnaməsi"
akademik Ziya Bünyadov tərəfindən tərcümə
edilərək 1993-cü ildə Azərbaycan oxucularına
çatdırılmışdır.
Gəncəli Kirakos (1200-1271). Dövrün adlı-sanlı ziyalılarından
olub. Bir növ Mxitar Qoş məktəbinin
yetirməsidir. Cənubi Qafqazda monqol
işğalı dövründə baş verən hadisələri
konkret faktlarla açıb göstərən "Tarix"
kitabının müəllifidir. Onun əsərlərində
Gəncə zəlzələsi və Gəncə
qapıları haqqında maraqlı məlumatlar var.
Məhsəti Gəncəvi - qədim Gəncənin
bir parlaq ulduzu! Qüdrətli rübai ustası
kimi məşhurdur. Müxtəlif cünq
və təzkirələrdə iki yüzə yaxın
rübaisi, bir neçə lirik şeiri qalıb. Yaradıcılığı humanizm və nikbinliyi
ilə seçilir. Heyif ki, həyatı
haqqında dəqiq məlumat yoxdur.
Onun şəxsiyyəti,
dünyagörüşü və ədəbi irsi ilə
bağlı bir sıra mübahisələr mövcuddur. Bəzi müəlliflər, o cümlədən
akademik Y.Bertels Məhsətinin sadəcə bir mif, bədii
obraz olduğunu söyləyirlər. Lakin
professor Rəfail Hüseynov dövrün mötəbər
qaynaqlarını dərindən təhlil edərək Məhsəti
xanımın mövcudluğu üzərindəki dumanı,
çəni biryolluq silib atmış, "Məhsəti - necə
varsa" adlı çox dəyərli bir əsərində
konkret dəlil-sübutla bir sıra cəsarətli fikirlər
irəli sürmüşdür.
Məhsəti xanım Azərbaycan
poeziyasında şəhraşub (Şəhrəngiz) poetik
janrının gözəl nümunələrini
yaratmışdır. Bəllidir ki, şəhraşubda,
əsasən, sadə zəhmət adamları, müxtəlif
peşə və sənət sahibləri vəsf edilir.
O dövrdə görünməyən
iş! Məhsəti xanım gah qəssaba, çörəkçiyə,
toxucuya, hamamçıya üz tutur, gah da oxucunu dülgərin,
dərzinin, papaqçının yanına aparır:
Papaqçı sevgilim şövq ilə
bayaq
Tikirdi əlində atlazdan papaq.
Hər papağa yüz-yüz afərin
dedim,
Dördünə biri də bəs idi
ancaqE
Hansı rübaini oxuyursansa, elə bil bu gün
yazılıb. Sadə, səmimi, aydın! Ürəkdən
gəldiyi üçün elə o dəqiqə ürəklərə
yol tapır:
Dad ürək əlindən, dad eşq əlindən,
Çoxlarıdək
düşdüm bu möhnətə mən.
Ürəkdir səbəbi bu ahü
zarın,
Dad ürək əlindən, dad
eşq əlindən.
Bəzi müəlliflərin
yazdıqlarına görə, XII əsrdə Gəncədə
Xərabat adlı bir məhəllə var imiş. Həyat
zövqündən pay almaq istəyən sənətkarlar, rəqqasə,
xanəndə və şairlər buraya toplaşaraq
sözlü-nəğməli məclislər düzəldər,
elm, şeir, sənət, musiqi mövzularında fikir
mübadiləsi edərdilər. Məhsəti
xanım bu məclislərin bəzəyi, incisi
sayılardı. Onun şeirləri, əsasən, əvvəl
sevgilisi, sonra həyat yoldaşı olmuş Gəncə Xətibinin
oğlu Əmir Əhməd arasında gedən deyişmələrdən
ibarətdir:
Yetməzmi qəribə
verdin işgəncə,
Cəfanın hüdudu olmazmı, səncə?!
Demişdin: Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən, bax, bu da Gəncə!..
Dövrün bir sıra məhdud
görüşlərindən yüksəkdə dayanan Məhsəti
xanımın haqqında hələ sağlığında
bir sıra söz-söhbət yaranmış, rəvayətlər
uydurulmuş və bunlar get-gedə "Məhsəti və Əmir
Əhməd" adlı iri həcmli bir əsərin
yaranması ilə nəticələnmişdir. Xoşbəxtlikdən
onun bir neçə nüsxəsi bizim günlərə kimi gəlib
çatmışdır. Hazırda
respublika Əlyazmaları İnstitutunda və Azərbaycan Ədəbiyyatı
Muzeyinin arxivində mühafizə olunur. Bu
qədim ədəbi abidənin çağdaş oxuculara
çatdırılması XII əsr Gəncə məişəti
və ictimai həyatı haqqında təsəvvürün
dolğunlaşmasına kömək edərdi.
Məhsəti Gəncəvinin adı
doğma yurdunda həmişə əziz və uca tutulur. Nə
yaxşı ki, ulu şairənin həmyerlisi Nigar xanım Rəfibəyli
incə ruhlu rübailəri fars dilindən
böyük uğurla tərcümə edərək 1969 və
1975-ci illərdə Azərbaycan oxucusuna çatdırıb.
Gəncənin Xatirə parkında Məhsəti
xanımın heykəli ucalır, yeni qəsəbələrdən
birinə Məhsəti Gəncəvi adı verilib. İndi
də şəhərdə onun adına
geniş bir mərkəzin yaradılmasından söhbət
gedir.
Bir sözlə, XII yüzillik Gəncənin
qızıl əsriydi. Sərkərdə-sərraf
da çox olub, söz-sənət sahibi də. Onların hamısının pənahı, qibləgahı
isə Şeyx Nizami idi. Özü də təkcə
Gəncədə, Azərbaycanda, türk elində, Şərq
aləmində yox, bəlkə də bütün dünya
miqyasında.
Nizami belə bir
mühitdə pərvaz edib, belə bir mühit yaratdı. O,
günəş kimi parladı, nur kimi şəfəq
saçdı və elə sağlığında
özünə layiq qiymət də aldı. Təqribən
onun həmyaşıdı olan böyük hind şairi Əmir
Xosrov Dəhləvi (XIII əsr) əbəs demir ki:
Nizami hər
sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir
inci.
Yaxud XV əsrin görkəmli fars-tacik
şairi Əbdürəhman Camini dinləyək: "Nizaminin
parlaq və tərifəlayiq kamilliyinin izahata ehtiyacı yoxdur.
Çünki heç kimin onun qədər xoş və incə
mənalar saçmağa qüdrəti ola
bilməz; bu, insan nəslinin imkanları xaricindədir".
Böyük özbək şairi Əlişir
Nəvai həmin miqyassız ölçü meyarını
bir qədər dəqiqləşdirir: "Nizami sənəti
o qədər əzəmətli və çəkilidir ki, onu
ölçmək üçün göylər qədər
böyük tərəzi, Yer kürəsi kimi iri
ölçü vahidi lazımdır".
Gəncə eşqi, Gəncə məhəbbəti,
Gəncəyə vurğunluğu, Gəncəyə sədaqət
ulu Nizaminin bütün varlığından, sözündən-sənətindən
süzülüb gəlir. Bu
dahi insan heç vaxt Gəncənin ovsunundan çıxa bilməyib.
Saraylardan gen gəzib, halal zəhməti ilə dolanıb. Qıpçaq gözəli Afaq ilə ailə qurub.
Yeganə oğlu Məhəmmədi
böyüdüb. Ömrü boyu Gəncədə
yaşayaraq, yazıb-yaradıb:
Aləm deyir: "Övladsan sən
dünyaya, Nizami,
Sığışmazsan Gəncədə
gen dünyaya, Nizami".
Özü yazır bunu. Amma
sığışdı Gəncədə gen dünyaya bu nəhəng
söz ustadı. Bir-birinin ardınca, bir-birindən dəyərli
"Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
və "İskəndərnamə" kimi beş əvəzsiz
inci yaratdı, müdrik sözü, büllur sənəti ilə
qədim Gəncəni bütün dünyaya tanıtdı. Əbəs yerə demirlər ki, Nizaminin "Xəmsə"si
müqəddəs poeziya aləminin əbədi günəşinə
çevrilib.
Ulu şairin hər əsəri
poeziyasevərlərin, incə ruhlu insanların, ilk öncə
isə qədirbilən gəncəlilərin stolüstü
kitabıdır. Dahi şairin 870 illik
yubileyi ərəfəsində qədim Gəncə
başdan-başa ölməz Nizami şəfəqinə
bürünüb. Hər yan dəyişib.
Xüsusən şairin müqəddəs məqbərəsi
tam yeni bir görkəm alıb. Baxdıqca şairin
ölməz misraları yada düşür:
Məzarım
yanından ötüb keçərkən
Üstümdə görərsən
göyərmiş otlar.
Salam ver, hörmətlə məndən salam al,
Məni görməsən də,
görərəm səni.
Əhməd
İSAYEV
Azərbaycan.-2012.-
25 sentyabr.- S.6.