Azərbaycanlı alimlər Ankarada keçirilən VII Beynəlxalq türk dili qurultayında iştirak edirlər

 

 Ankarada Türk Dil Kurumunun təşkilatçılığı ilə Azərbaycan, Rusiya, Ukrayna, Çin, Pakistan, Orta Asiya Balkanlardan elm adamlarının iştirakı ilə VII Beynəlxalq türk dili qurultayı keçirilir. Qurultayda azərbaycanlı alimlər iştirak edirlər.

Dörd gün davan edəcək qurultayın açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Türkiyə Baş nazirinin müavini Bülənd Arınç türk dilinin bir milli sərvət olduğunu, Anadoluda 75 milyon, Qafqaz, Balkanlar Orta Asiyada milyonlarla insanın danışdığı türkcənin dialektləri arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulamışlar. Müasir həyatımızda hegemon olan texnologiyaların inkişafı ilə yanaşı, qədim dilimizi qorumaq üçün dilçi alimlərin, ziyalıların, mətbuatın üzərinə böyük vəzifələr düşür. Dünyada yaşayan 6912 dilin bəziləri məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu halda, türk dili daha geniş yayılmaqdadır.

Türk Dil Kurumunun sədri, professor Mustafa Kaçalinin sədrliyi ilə qurultay müxtəlif bölmələrdə dilçi alimlərin məruzələrinin təqdimatı ilə öz işini davam etdirmişdir.

Azərbaycanlı alimlər - professorlar Əbülvəz Amanoğlu "Katun - Qədim türk dilində bir yer adı", Adil Bağırov "Dədə Qorqud" dastanında Naxçıvanla bağlı yer adları", Möhsün Nağıoğlu "Orta əsrlər Azərbaycan tərcümə mətnlərinin dili", Fəxrəddin Veysəlli "Azərbaycan türkcəsində kəlmələrin prozodik modelinin iki zirvəliliyi", dosentlər Vasif Adilov "Tarixi türk adlarında rəng işarələrinin yeri", Mətanət Abdullayeva "Fəlsəfi şeir sənətinin simvolik dili haqqında", Qızılgül Abdullayeva "XVII əsrdə Azərbaycan türkcəsində çağatay elementləri", Gülzadə Abdulova "Atalar sözləri arxaik sözlərin dil yaddaşıdır", Baba Məhərrəmli "Türk dilində ölü söz kökləri" məruzələrini təqdim edəcəklər.

 

 

 Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.6.