Görkəmli ədibin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir

 

 Prezident İlham Əliyevin "Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında" 2012-ci il 10 aprel tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində "Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi" mövzusunda elmi konfrans keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası (MR) Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli dramaturq Məmməd Səid Ordubadinin həyat və çoxşaxəli ədəbi fəaliyyəti, ədibin ömür yolu, zəngin bədii yaradıcılığı, onun ədəbiyyat tariximizdəki əvəzsiz xidmətləri haqqında ətraflı məlumat vermişdir.

Görkəmli yazıçı və dramaturqun əsərlərinin mövzusu, janr xüsusiyyətləri haqqında danışan İ.Hacıyev bildirmişdir ki, Məmməd Səid Ordubadi xalqına, onun tarixinə möhkəm tellərlə bağlı nəhəng sənətkarlarımızdan biri olmuşdur. Azərbaycanda tarixi roman məktəbinin banisi kimi tanınan dramaturqun çoxşaxəli yaradıcılığında yaşadığı dövrün ən vacib məsələləri dolğunluğu ilə öz əksini tapmışdır. Ədib yaşadığı dövrün fakt və hadisələrini məharətlə qələmə aldığı şeirlərində, hekayələrində, tarixi romanlarında təsvir etmiş və canlı surətlər yaratmışdır.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin "Azərbaycanda tarixi roman məktəbinin banisi", Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigarlının "Məmməd Səid Ordubadinin şeir yaradıcılığı", AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Məmməd Səid Ordubadi yaradıcılığında ədəbi dil məsələsi", filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun "Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı", filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin "Məmməd Səid Ordubadi və Azərbaycan romançılıq ənənəsi", sənətşünaslıq üzrə fəlsəfə doktoru  Ələkbər Qasımovun "Məmməd Səid Ordubadinin əsərləri Naxçıvan səhnəsində" mövzusunda məruzələri dinlənilmişdir.

Elmi konfransa yekun vuran akademik İ.Hacıyev görkəmli yazıçının anadan olmasının 140 illik yubileyi ilə əlaqədar olaraq "Məmməd Səid Ordubadi: taleyi və sənəti" kitabının nəşrə hazırlandığını söyləmişdir. Bildirmişdir ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin tərtib etdiyi kitabda M.S.Ordubadinin fədakarlıqla dolu həyatı, taleyi işıqlandırılacaq, çoxcəhətli yaradıcılıq fəaliyyəti, mədəni tədbirlərin həyata keçirilməsində ictimai xadimin əvəzsiz rolu və Azərbaycanda tarixi roman məktəbinin formalaşmasında xidmətləri öz əksini tapacaqdır. AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında M.S.Ordubadinin anadan olmasının 140 illik yubileyi ilə bağlı sərgi də təşkil olunmuşdur. "Məmməd Səid Ordubadi-140" mövzusunda sərgidə görkəmli ədibin əsərləri və onun yaradıcılığı haqqında müxtəlif tədqiqat əsərləri nümayiş olunur.

 

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S.6.