Bakıda «Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq» mövzusunda beynəlxalq forum işə başlamışdır

 

 Sentyabrın 24-dən 26-dək  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, "Azərbaycan Xalçaçıları" İctimai Birliyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi birgə "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq" adlı beynəlxalq forum keçirir.

Forumun açılış tədbirində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna milli komitələrinin nümayəndələri, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti iştirak ediblər.

Forumun keçirilməsində məqsəd muzey icmasının və dövlət qurumlarının imkanlarının birləşdirilməsi üzrə qeyri-maddi mədəni irsin mühafizəsində və inkişafında əsas məsələlərin aşkar edilməsindən ibarətdir.

Forum çərçivəsində Azərbaycanın UNESCO-ya daxil olunmasının 20 illik yubileyi qeyd olunur. Bu yüksək səviyyəli beynəlxalq təşkilatın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bütün dünya xalqları qarşısında tanıtmaq, müdafiə etmək, insanları məlumatlandırmaq istiqamətində apardığı işlər danılmazdır.

Beynəlxalq Muzeylər Şurasının Rusiya Milli Komitəsi Bakıda forum çərçivəsində Rusiyanın 20 aparıcı muzey direktorları və Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin prezidenti, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri V.İ.Tolstoyun iştirakı ilə öz rəyasət heyətinin iclasını da keçirməyi planlaşdırıb.

Bakı Biznes Mərkəzində 24 sentyabr 2012-ci il tarixində öz işinə başlayan Forum ayın 26-dək davam edəcək. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın təqdimatı ilə açılan Forumda UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyevanın "Azərbaycanla UNESCO arasında 20 illik əməkdaşlığın nəticələri və perspektivləri", Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevanın "Xalça ənənələrinin dirçəlişi", Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Beynəlxalq Mədəni Əlaqələr Departamentinin direktoru Yekaterina Seleznevanın "Qeyri-maddi mədəni irs", Beynəlxalq Muzeylər Şurası Gürcüstan Milli Komitəsinin sədri İnqa Karayanın "Qeyri-maddi mədəni irsin qorunmasında və interpretasiyasında muzeylərin rolu", Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın "Cəngin dirçəlişi", Qobustan Milli Qoruğu Muzeyinin direktoru Məlahət Fərəcovanın "Qayalarda yazılanlar - Qobustan qoruğunun qayaüstü incəsənət abidələrinin təbliğində ictimaiyyətin rolu", Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Əfqan Şəfiyevin "Qeyri-maddi mədəni irsin muzeylər vasitəsilə təbliği" mövzusunda çıxışları nəzərdə tutulub.

Forum iştirakçıları  tədbirin  ilk günündə Azərbaycanın müasir dekorativ tətbiqi sənət nümunələrindən ibarət "Ənənələr yaşayır" adlı sərgi ilə tanış olmaq imkanı əldə ediblər. Sərgidə tikmə ustalarından Qalena Vəkilovanın, Rəhilə Əhmədovanın, Mehriban Xəlilzadənin, Zərifə Seyidəliyevanın, Bədirə Əliyevanın, Şəhla Əsgərovanın, xalçaçı-rəssamlardan Eldar Hacıyevin, Zemfira İsmayılovanın, Zahidə Həşimovanın və zərgər Cəmaləddin Eyyubovun əl işləri nümayiş olunub.

Tədbirdə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Teatr Muzeyi, Səməd Vurğunun ev-muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Xalça Muzeyi, Azərbaycan Ədliyyəsinin Tarixi Muzeyi tərəfindən nəşr olunmuş buklet, kataloqkitablar da təqdim olunub ki, bu da bir daha Azərbaycan muzeylərinin geniş fəaliyyətini göz önündə canlandırır.

Azərbaycan Milli İncəsənət Muzeyində öz işini daha 2 gün ərzində davam etdirəcək forumda Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin prezidenti Vladimir İlyiç Tolstoy çıxış edəcək. Həmçinin AMEA-nın böyük elmi işçisi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova "Azərbaycanda qeyri-maddi mədəni irsin qorunmasında və inkişafında UNESCO-nun rolu" mövzusunda çıxışı, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna Beynəlxalq Muzeylər Şurası (ICOM) milli komitələrinin nümayəndələrinin iclası və yekun sənədlərin qəbulu nəzərdə tutulub.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S. 7