Türkiyənin məşhur «Anadolu atəşi» rəqs ansamblı Şəki tamaşaçılarını valeh etmişdir

 

 Şəkidə keçirilən "Şəhər günü" bayram tədbirində Türkiyənin məşhur "Anadolu atəşi" rəqs ansamblının konserti xüsusilə böyük maraq doğurmuşdur. Dünya şöhrətli kollektiv Azərbaycanın regionlarında ilk dəfədir ki, çıxış edirdi.

AzərTAc xəbər verir ki, XIX əsrə aid tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində keçirilən möhtəşəm konsert proqramında bayram tədbirinə dəvət almış qonaqlar, habelə minlərlə şəhər sakini iştirak etmişdir.

Kollektivin təqdim etdiyi qeyri-adi şou proqramı, yüksək peşəkarlıqla ifa olunan şuxoynaq rəqslər, türk folklorudünya xalqlarının rəqslərindən nümunələr, teatrlaşdırılmış rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharəti, habelə səhnə tərtibatı, işıq effektləri şəkililəri heyran etmişdir. Ansamblın hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunmuşdur.

"Şəhər günü"nə həsr olunmuş bayram konserti atəşfəşanlıqla başa çatmışdır.

 

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S. 7.