Mövzu - vətənpərvərlik, ünvan - şəhidlik

 

 ...Soyuq məzar daşı, isti göz yaşı...

 

Belə sərlövhəli yazıları qələmə alanda "min dəfə ölüb-dirilən" müəlliflərdən ikisinin (Vüqar Əsgərov, Ötərxan Eltac) hazırladığı "Bir ovuc torpaqdır yarama məlhəm" kitabı 2012-ci ilin yeni nəşrlər sırasına daxildir. Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə vətənpərvərliyin ən ali məqamına - şəhidlik zirvəsinə ucalanlardan biri Sabir Əvəz oğlu Səmədovun xatirəsinə həsr edilən kitabda qəhrəmanın ailəsinin, döyüş dostlarının və onu yaxından tanıyanların ürək sözləri toplanıb.

Kitabın ön söz müəllifi mövzunun ustalıqla qələmə alındığını xüsusi qeyd edərək yazır: "Mövzu məlum - vətənpərvərlik, ünvan məlum - şəhidlik! Haqqında kitab yazılan Sabir Səmədov da belə igidlərimizdən olub. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açan Sabir Vətən uğrunda canından keçdiyi üçün böyük şərəf-şana və şöhrətə layiq oldu, çünki düşmənə mətanətlə sinə gərdi - şəhidlik zirvəsinə yüksəldi".

Kitabın ilk səhifələrində Qarabağın yazılmış və yazılmamış tarixinə bir daha nəzər salınması, məlum həqiqətlərin xatırladılması müəlliflərin oxucu yaddaşını oyatması, düşmənin çox məkrli olduğunu unutmamağa çağırışları kimi də qəbul edilməlidir.

 

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S. 6.