Prezident İlham Əliyev Ələt qəsəbəsində
32 nömrəli şəhər
poliklinikasının açılışında iştirak
etmişdir
Sentyabrın
25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində
32 nömrəli şəhər poliklinikasının
açılışında iştirak etmişdir.
Ötən il aprelin 4-də Prezident
İlham Əliyev Ələt qəsəbəsinin
sosial-iqtisadi inkişafı ilə bağlı həyata
keçirilən işlərlə tanış olarkən
burada yeni poliklinikanın tikilməsinə dair
tapşırıqlarını vermişdi. Dövlət
başçısının 2011-ci il aprelin 6-da
imzaladığı sərəncamla bu tibb müəssisəsinin
inşası üçün bir milyon manat vəsait
ayrılmışdı.
Ələt qəsəbəsinə gələn
Prezident İlham Əliyev poliklinikanın əvvəlki və
hazırkı vəziyyətini əks etdirən şəkillərdən
ibarət stendə baxdı.
Dövlət başçısı poliklinikanın
rəmzi açılışını bildirən lenti kəsdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov Azərbaycan
Prezidentinə məlumat verdi ki, poliklinikanın 1970-ci illərin
əvvəllərində inşa olunmuş birmərtəbəli
binası istifadəyə yararsız vəziyyətə
düşdüyündən ötən ilin noyabrından yeni
binanın inşasına başlanılmışdır.
Qısa müddətdə müasir standartlar səviyyəsində
tikilən tibb müəssisəsinin ikimərtəbəli yeni
binasında müayinə və müalicə
üçün hər cür şərait vardır.
Binanın girişində ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə
səhiyyənin inkişafına diqqət və
qayğılarını əks etdirən fotoguşələr
yaradılmışdır.
Dövlət başçısı
burada ultrasəslə müayinə kabineti ilə tanış
oldu. Kabinetdə ən müasir tibbi avadanlıq
quraşdırılmışdır ki, bu da tez və dəqiq diaqnoz qoymağa
imkan verəcəkdir. Burada, həmçinin uşaqlar
üçün ayrıca bölmə
yaradılmışdır. Tibb ocağında balacaların
lazımi səviyyədə müayinə və müalicəsi
üçün hər cür şərait vardır. Biokimyəvi
və klinik laboratoriyalarda quraşdırılan müasir
avadanlıq müayinələrin vaxtında və keyfiyyətlə
aparılmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev rentgen kabinetində
yaradılan şəraitlə də tanış oldu.
Bildirildi ki, poliklinikada müxtəlif təyinatlı
kabinetlər fəaliyyət göstərir. Bu kabinetlər də
ən müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz
olunmuşdur. Səhiyyə ocağında yüz nəfərlik
tibbi heyət qəsəbə sakinlərinin
sağlamlığının keşiyində duracaqdır.
Dövlətimizin səhiyyə sisteminin inkişafına
göstərdiyi diqqət və qayğının davamlı xarakter
aldığının daha bir nümunəsi olan Ələt qəsəbəsindəki
poliklinikada hər cür şəraitin yaradılması ilk
növbədə burada tibbi müayinə və müalicə
işinin ən yüksək səviyyədə həyata
keçirilməsinə imkan yaradacaqdır.
Azərbaycan Prezidenti poliklinikada yaradılmış
şəraiti yüksək qiymətləndirdi, əhaliyə
keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə
bağlı tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2012.-
25 sentyabr.- S.1.