Qobustan qəsəbəsində tam orta məktəbin binası istifadəyə verilmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlət başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində olmuşdu. Burada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşdə sakinlər dövlətimizin başçısından məktəb binasının tikilməsi barədə xahiş etmişdilər.

Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli sərəncamına əsasən qəsəbədə ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılmışdı.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi üç hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılmışdır. Məktəbin inşasına ötən il başlanılmışdır. Tikinti işləri qısa zamanda yüksək zövq və keyfiyyətlə aparılmışdır.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Diqqətə çatdırıldı ki, 880 şagird yerlik bu təhsil ocağında 48 sinif otağı vardır. Altı min ədəbiyyat fonduna malik müasir kitabxanada müxtəlif sahələrə aid zəruri kitablar toplanmışdır. Burada, həmçinin şagirdlərin peşə hazırlığının yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılacaqdır. İbtidai sinif şagirdləri üçün yaradılan oyun otağında balacalar asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Məktəbdə şahmat otağı və sinifdənkənar işlər üçün xüsusi kabinetlər də vardır. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və təhsil almasına da xüsusi diqqət yetirilmişdir. Hərbi vətənpərvərlik otağında ordumuzun qüdrətinin artırılması üçün dövlətimizin həyata keçirdiyi tədbirləri əks etdirən fotolar yer almış, milli qəhrəmanlarımızla bağlı guşə yaradılmışdır.

Bildirildi ki, məktəbdəki şərait təlim-tərbiyə işinin və tədris prosesinin ən yüksək səviyyədə aparılmasına imkan verir. Məktəbdə linqafonla təchiz olunmuş informatika otağında ən son texniki avadanlıq quraşdırılmışdır. Burada 30 kompyuterin olduğu iki zal da şagirdlərin ixtiyarına verilmişdir. Məktəbdə stomatoloq və psixoloq kabinetləri də fəaliyyət göstərəcəkdir. Yeni təhsil ocağında ən son texniki avadanlıqla təchiz olunmuş fizika və kimya laboratoriyaları vardır. Məktəbdəki müxtəlif fənn kabinetləri də zəruri əyani vəsaitlə təmin olunmuş, sinif otaqlarında elektron lövhələr quraşdırılmış, şagirdlərin istirahət otaqları yaradılmışdır. Məktəbin akt zalı da müasir səviyyədə və nəfis tərtibatda inşa olunmuşdur. Akt zalında məktəblə yanaşı, qəsəbə üzrə mədəni-kütləvi tədbirlər keçirmək üçün imkan vardır.

Vurğulandı ki, təhsil ocağında şagirdlərin normal qidalanmaları üçün yüksək şərait yaradılmışdır. Buradakı yeməkxana da ən müasir tələblərə cavab verir. Məktəbin idman zalı da müasir səviyyədə qurulmuşdur. Zalda şagirdlər mini-futbol, basketbol, voleybol və idmanın digər növləri ilə məşğul ola bilərlər.

Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları tikilmişdir.

Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.1.