Həştərxan
Azərbaycan-Rusiya dostluğunu tərənnüm edən mərkəzə
çevrilib
Azərbaycan dövlətinin
və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Həştərxanda həyata
keçirilən layihələr iki
ölkə arasındakı əlaqələrə böyük töhfələr verir
Xarici ölkələrdə yaşayan
azərbaycanlıların sıx təşkilatlanması,
onların vasitəsilə ölkəmizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması, habelə
soydaşlarımızın problem və
qayğılarının həlli Azərbaycan
Respublikasının diaspor siyasətinin prioritet istiqamətləridir. Ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi
bu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsi olaraq, son
illərdə diaspor quruculuğu
işinin təkmilləşdirilməsi
sahəsində görülən işlərin miqyası
davamlı şəkildə genişləndirilmişdir.
Diaspor təşkilatlarımızın fəallığının
artması, azərbaycanlıların həmrəyliyi siyasətinin
geniş miqyas
alması Prezident İlham
Əliyevin diqqət mərkəzində saxladığı mühüm məsələlərdir. Xarici ölkələrə
rəsmi səfərləri çərçivəsində həmişə
Azərbaycan diasporu ilə görüşlərə
böyük yer
ayıran, onlarla söhbətlər aparan dövlət başçısı dəfələrlə
bəyan etmişdir ki,
Azərbaycan dövlətinin güclü
olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir.
Bunun konkret təzahürünü
Rusiyada fəaliyyət göstərən
Azərbaycan diasporunun timsalında görmək
mümkündür. Hazırda Rusiyada ən güclü diaspora malik olan, bu ölkədə ictimai rəyin formalaşmasına təsir
göstərə biləcək qüvvələrdən biri məhz azərbaycanlılar tərəfindən
yaradılan müxtəlif ictimai təşkilatlardır.
Rusiya ictimaiyyətinə uğurla
inteqrasiya edən soydaşlarımız Azərbaycan
barədə əsl reallıqların, onun
mövcud inkişaf səviyyəsinin
bu ölkədə mühüm
təbliğat və təşviqatçısına
çevrilmişlər.
Hazırda Rusiya və Azərbaycan arasında
qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də
ölkələrimizin müxtəlif rayon
və şəhərləri çıxış edir. Onlar ümumi
tərəqqiyə xidmət edən siyasətin vacib elementlərinə çevrilirlər, bir-biri ilə qurduğu
münasibətlərlə əməkdaşlığa
özünəməxsus töhfələr verirlər. Bu xüsusda Rusiya
Federasiyasının Həştərxan şəhəri və
burada artıq aparıcı qüvvələrdən
birinə çevrilmiş Azərbaycan diasporunun fəaliyyəti xüsusi
qeyd olunmalıdır. Ümumiyyətlə,
Rusiyanın Həştərxan vilayəti, onunla
eyni adı daşıyan şəhəri
ilə Azərbaycanın tarix boyu mühüm
əlaqələri olub və bunu şərtləndirən əsas səbəblərdən
biri Xəzər dənizində olan sərhəd qonşuluğudur.
Həştərxan şəhərində bu gün 25 mindən çox azərbaycanlı yaşayır və
orada soydaşlarımızın
formalaşdırdığı diaspor
qüvvələri kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan
reallıqlarının, buradakı dinamik
inkişafın həm Rusiya, həm də
dünya ictimaiyyətinə
çatdırılmasında vacib rol oynayır.
Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi
və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş
və yaşanan inkişafa
mühüm töhfələr verən
zümrə kimi qəbul olunur.
Bu mənada
Azərbaycan barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin azərbaycanlılara
və bütövlükdə ölkəmizə olan ehtiramının ən bariz
nümunəsi bu şəhərdə ümummilli lider Heydər Əliyevin
abidəsinin ucaldılmasıdır. 2010-cu il
oktyabrın 27-də keçirilən abidənin
açılış mərasimində iştirak
edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev deyib:
"Bu gün
şəhərlərimizin, ölkələrimizin tarixində
əbədi qalacaqdır. Əminəm ki,
Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırmaq
üçün əlindən gələni
etmiş Heydər Əliyevin obrazı
ölkələrimiz və xalqlarımız arasında fəal
əməkdaşlıq işində çox
mühüm rol
oynayacaqdır".
Qeyd edək ki, təkcə Azərbaycanda
deyil, bütün postsovet məkanında böyük
siyasi xadim kimi qəbul olunan Heydər
Əliyevin abidəsinin Həştərxan vilayətində
ucaldılması təsadüfi deyil. Çünki ulu öndər
istər sovetlər, istərsə də postsovet
dövründə Rusiya, eləcə də onun vilayətləri,
o cümlədən Həştərxanla
Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın
qarşılıqlı münasibətlərinin
inkişafına böyük töhfələr
vermişdir. Odur ki, Heydər Əliyevin xatirəsi həştərxanlılar
tərəfindən daim yüksək ehtiramla anılır. Ulu
öndərin abidəsi isə dostluğun
rəmzi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin söylədiyi
fikirlər çox qısa müddətdə
real həyatda öz təsdiqini
tapmağa başladı. 2011-ci il mayın 19-da "Rusiya
və Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru" mövzusunda
keçirilən forum çərçivəsində
Həştərxanın mərkəzində, Naberejnaya
Privoljskovo Zatona
küçəsində Heydər Əliyev adına parkın
təntənəli açılışı olmuşdur.
Parkın açılışı Azərbaycan və Rusiya dövlətləri, həmçinin
onların xalqları arasında münasibətlərin,
regionlararası əməkdaşlığın tarixində daha bir parlaq
səhifədir. Bu, Rusiya-Azərbaycan dostluğunun xoş
nişanəsidir. 3,5 hektar ərazidə
salınmış istirahət parkında geniş
abadlıq və yaşıllaşdırma işləri
aparılmış, mindən artıq ağac
əkilmişdir. Parkda müasir
işıqlandırma sistemi
quraşdırılmış, gözəl fəvvarə
yaradılmış, oturacaqlar qoyulmuşdur. Azərbaycan hökumətinin təşəbbüsü
ilə parkda həyata keçirilən
yenidənqurma tədbirləri, görülən digər
işlər Həştərxan şəhərinin simasına
böyük yenilik gətirmiş,
onu daha da gözəlləşdirmişdir. Elə həmin
gün Rusiya və Azərbaycan
Dostluq körpüsünün
təməli qoyulmuşdur. Bu işlərin həyata keçməsində
Bakı şəhəri Nərimanov rayonunun
da böyük dəstəyi
olmuşdur.
Heç şübhəsiz ki,
Azərbaycan hökumətinin vəsaiti hesabına yaradılan
bu park Həştərxan
vilayəti üçün böyük töhfədir. Lakin
Həştərxanda Azərbaycan tərəfinin təşəbbüs
və iştirakı ilə görülən işlərin
miqyası daha genişdir.
Azərbaycan dövlətinin həyata keçirdiyi bu işlərə
Heydər Əliyev Fondunun verdiyi
hərtərəfli dəstək bütövlükdə Həştərxan
ictimaiyyəti və burada yaşayan
azərbaycanlılar tərəfindən böyük
razılıqla qarşılanır. Həştərxanda
Heydər Əliyevin adını daşıyan 11 nömrəli
məktəbin yenidənqurulması bunun bariz nümunələrindən biridir. Ötən ilin
oktyabrında yenidənqurma işlərindən sonra məktəbin təntənəli
açılış mərasimi olmuşdur.
Bu məktəbə
Heydər Əliyevin adının verilməsi təklifi Azərbaycan
dövlətinə hörməti və Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq, habelə ölkələrimiz
arasındakı münasibətlərin dəstəklənməsi
üçün həştərxanlılar
tərəfindən irəli sürülmüşdür. Məktəbə Heydər
Əliyevin adının verilməsi bu təhsil
ocağının şagirdlərinin üzərinə həmişə
və hər yerdə birinci olmaq kimi şərəfli
və böyük məsuliyyət qoyur. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə məktəb üzərində
götürülmüş hamiliyin növbəti addımı kimi şagird və müəllimlərə
xüsusi təqaüd və mükafatlar ayrılmışdır.
Həştərxan
sakinləri, o cümlədən şəhər
rəhbərliyi Azərbaycan dövlətinin, Prezident
İlham Əliyevin və Heydər Əliyev
Fondunun təşəbbüsü əsasında
burada görülən işləri
yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Həştərxan
Şəhər Duması əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğunun
və strateji tərəfdaşlığın
inkişafı və möhkəmlənməsində xidmətlərinə,
Həştərxanda iri sosial-mədəni
və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan
diasporunun fəaliyyətini dəstəkləməsinə
görə Prezident İlham
Əliyevi "Həştərxan şəhərinin fəxri
vətəndaşı" adına layiq görmüşdür. Ötən il noyabrın 30-da ölkəmizdə səfərdə
olan Həştərxan şəhərinin
meri Sergey Bojenov "Həştərxan şəhərinin
fəxri vətəndaşı" diplomunu
və medalını Prezident İlham Əliyevə təqdim etmişdir.
Bu günlərdə isə biz Azərbaycan
Respublikasının Həştərxan vilayəti ilə əməkdaşlığının
dərinləşməsi və bütövlükdə Azərbaycan-Rusiya
dostluğunun möhkəmlənməsi üçün daha bir tarixi əhəmiyyət
daşıyan bir sıra hadisələrin
şahidləri və bilavasitə iştirakçıları olduq. Sentyabrın 12-də Həştərxanda
Heydər Əliyev Fondunun dəstəyi ilə
inşa olunmuş Azərbaycan
və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev
parkında yaradılmış "Arzu"
uşaq əyləncə şəhərciyinin
açılışı, həmçinin Heydər Əliyev
Fondunun növbəti layihələrindən
biri olan Müqəddəs
Knyaz Vladimirin məbədi
önündə knyaz Vladimirin
abidəsinin təməlqoyma mərasimləri keçirilmişdir.
Mərasimlərdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak etmişdir. Həştərxan
vilayətinin qubernatoru Aleksandr
Jilkin körpünün
açılmasını Həştərxan üçün
mühüm tarixi
hadisə kimi dəyərləndirərək
bu humanitar layihənin
reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya
təşəkkürünü bildirmişdir.
Mərasimdə
çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fondun fəaliyyətindən
söz açmış və Rusiya Federasiyasında həyata keçirilən
layihələri yüksək qiymətləndirmişdir. Azərbaycanla
Rusiya arasında əlaqələrin
qarşılıqlı hörmətə, etimad
və aşkarlığa əsaslandığını deyən
Leyla Əliyeva münasibətlərin bundan sonra da
inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.
Çıxışı
zamanı Leyla Əliyeva Heydər Əliyev
Fondunun geniş və
çoxşaxəli fəaliyyəti barədə ətraflı
məlumat verdi. Qeyd etdi ki, Heydər Əliyev Fondu
uğurlu fəaliyyəti ilə Azərbaycan
əhalisinin bütün təbəqələrinin
dəstəyini və etimadını qazanmışdır. Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və
tarixinə böyük hörmətlə
yanaşdığını vurğulayan vitse-prezident bildirmişdir
ki, fond dünyanın
müxtəlif ölkələrində memarlıq abidələrini,
tarixi binaları və muzeyləri, məktəbləri
və s. bərpa edir.
Məlum olduğu kimi,
Heydər Əliyev Fondunun fəaliyyətinin
mühüm istiqamətlərindən biri də ətraf mühitin
mühafizəsidir. Bu barədə məlumat
verən Leyla Əliyeva demişdir
ki, fond bir il əvvəl
"IDEA" adlı yeni beynəlxalq hərəkat
yaratmışdır. Hərəkatın məqsədi planetimizi mühafizə etmək və gənclərə
ekoloji problemlər barədə məlumat
verməkdir. Bir il ərzində
"IDEA" ağac əkilməsi, quş yuvalarının qurulması,
konfransların və fotosərgilərin təşkili kimi bir sıra maraqlı və
uğurlu layihələr həyata keçirmişdir. Leyla Əliyevanın
bu barədə verdiyi
məlumatlar mərasim iştirakçıları tərəfindən
diqqətlə dinlənilmiş və alqışlarla
qarşılanmışdır.
Dostluq körpüsü
Heydər Əliyev parkını I Pyotr
meydanı ilə birləşdirir. Körpünün
sürahisinin ornamentlərində
Bakının və Həştərxanın rəmzləri -
Qız qalası və Həştərxan Kremli
əks olunmuşdur. Knyaz
Vladimirin abidəsi isə Azərbaycan və
Rusiya xalqları arasında dostluğun növbəti rəmzinə
çevriləcək. Abidənin inşası Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata
keçiriləcək. Heydər Əliyev parkında "Arzu" uşaq əyləncə
şəhərciyi də Heydər Əliyev Fondunun
dəstəyi ilə tikilmişdir. Burada 7 böyük və bir neçə kiçik
attraksion quraşdırılmış,
uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir
şərait yaradılmışdır.
Həştərxanda
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevaya "Həştərxan
vilayəti qarşısında xidmətlərinə görə"
ordeni medalının təqdim edilməsi
mərasimi də olmuşdur. Bu mükafat Heydər Əliyev
Fondunun Həştərxanda həyata keçirdiyi layihələrə verilən böyük dəyərin göstəricisidir.
Bu gün Azərbaycan diasporunu
təmsil edən müxtəlif təşkilatlarla yanaşı,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
350 nəfər gənci birləşdirən Həştərxan
bölməsi də bu vilayətin ictimai-siyasi həyatında fəal iştirak edir. İndiyədək
RAGT tərəfindən
Həştərxanda çoxsaylı, o
cümlədən təhsil sahəsində layihələr həyata
keçirilmişdir. Həştərxan
Vilayət Administrasiyası 2010-2011-ci illərin yekunlarına
görə şəhərin gənclər təşkilatları
arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə
vermişdir.
Həştərxana
səfəri zamanı RAGT-nin Həştərxan
bölməsinin üzvləri ilə görüşən Leyla Əliyeva bölmənin fəaliyyətini
yüksək qiymətləndirmiş, dəyərli tövsiyələrini
vermiş, RAGT-nin
üzvlərinin suallarını
cavablandırmışdır.
Bu gün Azərbaycanla Rusiya arasında
münasibətlərin inkişafı öz növbəsində
xalqlararası tarixi bağlılıq və dostluğu daha da
dərinləşdirir. Sevindirici haldır ki, iki dövlətin
dostluq əlaqələrindən irəli gələrək Həştərxan
vilayəti ilə Bakının Nərimanov rayonu arasında da
iqtisadi-siyasi və mədəni sahədə sıx əlaqələr
var. Bununla yanaşı, Həştərxan şəhər təsərrüfatının
və infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin
inkişaf etdirilməsində Azərbaycandan olan iş
adamlarının iştirakı davamlı surətdə
artır. Bütün bunlar isə ölkələrimiz və
şəhərlərimiz arasında əlaqələrin daha
da yaxşılaşması işinə xidmət edən əsas
amillər sırasında yer alır.
Elvin HÜSEYNOV,
RAGT Həştərxan regional bölməsinin
sədri
Azərbaycan.-2012.-
26 sentyabr.- S.3.