Leyla Əliyeva: İctimai diplomatiya müasir
dünyada daşıyıcı konstruksiyalardan biridir
Heydər Əliyev
Fondunun vitse-prezidenti, "Baku" beynəlxalq
jurnalının baş redaktoru, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) sədri və
IDEA kampaniyasının banisi Leyla Əliyevanın sentyabrın
25-də "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində
ölkəmizin xaricdə səmərəli mədəni siyasətindən
və Azərbaycanın Rusiyada apardığı ictimai diplomatiyanın müsbət
nəticələrindən söz açılır.
"Azərbaycan-Rusiya: müvəffəqiyyətin
effektiv formulu. İctimai diplomatiya ikitərəfli münasibətlərə
təkan verir" sərlövhəli məqalədə
Rusiya-Azərbaycan əməkdaşlığının
inkişafının əsas mərhələləri, Azərbaycanın
və ictimai
qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun
həyata keçirdiyi humanitar siyasət təhlil edilir.
Müəllifin fikrincə, SSRİ XX
əsrin 80-90-cı illərinin qovuşuğunda irimiqyaslı
hadisələrin və proseslərin mərkəzinə
çevrilmişdi. Sosialist sisteminin
çökməsindən və Sovet İttifaqının
dağılmasından sonra 15 yeni dövlətin əldə
etdiyi müstəqillik və suverenlik kifayət qədər
uzun müddət siyasi, iqtisadi və mədəni problemlərlə
sınağa çəkilmişdir. Leyla Əliyeva
yazır: "Lakin o xaosda iki dövlət - Azərbaycan və
Rusiya tarixən təşəkkül tapmış əlaqələri
hifz edərək genişləndirmiş, xalqlarımızın
başlıca maraqları əsasında
qarşılıqlı
faydalı strateji əməkdaşlığın və humanitar mübadilənin yeni
formulunu yaratmışlar".
Bizim nəsil çoxillik ənənələrin
kökündən dağıdıldığı,
idealların şüurlu şəkildə məhv edildiyi onillik bir dövr
yaşamışdır. Dağıdılan, qədim
zamanlardan həm
Rusiya, həm də
Azərbaycan tərəfindən dəstəklənən mədəniyyət,
humanizm və dözümlülük kimi əbədi mənəvi
ümumbəşəri dəyərlər idi. Müəllif yazır:
"Müasir dövrün
çağırışlarına vahid yanaşmaları və
cavabları da elə məhz həmin platformada
formalaşdırmaq lazımdır. Nümunə
kimi qarşılıqlı fəaliyyətin yeni perspektivli
formatını - Rusiya və Azərbaycan prezidentlərinin
himayəsi ilə keçirilən Bakı Beynəlxalq
Humanitar Forumunu qeyd etmək lazımdır".
Daha sonra diqqəti qədim zamanlardan
yüksək tolerantlığı ilə məşhur olan Azərbaycandakı
əlverişli vəziyyətə cəlb edən Leyla Əliyeva
yazır: "Bakıda müsəlman məscidinin, pravoslav
kilsəsinin, katolik kostyolunun, yəhudi sinaqoqunun eyni
küçədə yerləşməsi tolerantlıq
ab-havasının həm sübutu, həm də nəticəsidir".
Azərbaycanda siyasi proseslərin nəticələrini
təhlil edən Leyla Əliyeva vurğulayır ki, Azərbaycan
dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən biridir və regiondakı
bütün irimiqyaslı layihələr ölkəmizin
iştirakı ilə gerçəkləşdirilir. Regionda enerji daşıyıcılarının
ixracı üzrə aparıcı dövlət olan Azərbaycan
fəal surətdə Böyük İpək Yolunun dirçəldilməsi
ideyasını irəli sürür. Müəllif
yazır: "Azərbaycanda müstəqil dövlət
quruculuğu,
müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin
və iqtisadi maraqların təmin edilməsi çoxşaxəli
xarici siyasət yürüdülməsini tələb edirdi.
Ötən əsrin 90-cı illərinin başlanğıcında Qafqazın təhlükəsizliyi
və strateji dövlət maraqları problemlərinin
ümumiliyi müstəsna xarici siyasət yürüdülməsini
və hərtərəfli əlaqələri tənzimləyən
münasibətlərin qurulmasını tələb edirdi. Özünün yaxşı ənənələrini
həmişə qoruyub saxlamış Azərbaycan-Rusiya
qarşılıqlı münasibətləri məhz o vaxt
köməyə gəldi. Sirr deyildir ki, həmin
amilə bir-biri ilə ümumi dildə ünsiyyətdə
olmaq və bir-birini tanımaq imkanı da kömək edir.
Biz ölkələrimiz arasında əlaqələndirici vəsilə
olan rus dilini qoruyub saxlaya və inkişaf etdirməyə nail
olduq. Bu gün bu, yeni suveren dövlətlər
çərçivəsində mədəni əlaqələrin,
millətlərarası ünsiyyət dilinin bütün dərinliyini
dərk etməyə imkan verən çox əhəmiyyətli
amildir. Azərbaycanda rus dilində
çoxtirajlı qəzet və jurnallar buraxılır, bədii
kitablar çap olunur, teatr və kino müəssisələri
fəaliyyət göstərir. Uşaq
bağçalarından və məktəblərdən
tutmuş öz profilinə görə nadir olan Bakı Slavyan
Universitetinədək hər yerdə rus dilində təhsil
almaq olar, dövlət universitetlərində və Milli Elmlər
Akademiyasında güclü rus dili kafedraları fəaliyyət
göstərir".
Leyla Əliyeva məqaləsində
onu da vurğulayır ki, Rusiya cəmiyyətində
xalqların müxtəlifliyi mozaikası ümumbəşəri
mədəni meyillər çərçivəsində və
mədəni prosesin başlıca dayaqları olan müxtəliflik,
universallıq, həssaslıq, dözümlülük,
humanizm əsasında baş verən dinamik mədəniyyətlərarası
dialoq sayəsində qorunub saxlanılır. Sonra
müəllif təsviri sənət, arxitektura, ədəbiyyat sahələrində
və mədəni qarşılıqlı fəaliyyətin
digər sahələrində əməkdaşlığa
dair nümunələr gətirir.
Heydər Əliyev Fondunun humanitar siyasətindən
söz açan Leyla Əliyeva yazır ki, 2004-cü ildə
fondun yaradıldığı ilk günlərdən
qarşıya xeyriyyəçiliyə dəstək göstərmək
məqsədi qoyulmuşdur. O vaxtdan etibarən fondun
anaların və uşaqların müdafiəsinə,
talassemiya, uşaq diabeti və digər xəstəliklərə
qarşı mübarizəyə yönəlmiş
çoxsaylı proqramları, uşaq və veteran evlərində
müxtəlif aksiyalar humanizmin dəstəklənməsi,
müasirlərimizin və sonrakı nəsillərimizin
işıqlı gələcəyinin təmin olunması sahəsində
həyata keçirilmiş aksiyaların çox kiçik bir
hissəsidir. Heydər Əliyev Fondunun xətti
ilə Parisdə Versal sarayı parkında abidələr bərpa
edilir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin
yenidən qurulmasına yardım göstərilir. Pakistanda zəlzələ nəticəsində zərər
çəkmiş qızlar məktəbinin binası yenidən
tikilmişdir. Hollandiya, Rumıniya, Misir və digər
ölkələrdə, o cümlədən Rusiyada tədris
müəssisələri modernləşdirilir. Məsələn,
Rusiya Federasiyasının Həştərxan vilayətində
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 11
nömrəli məktəbin binası əsaslı təmir
edilmişdir. Ölkələrimizin gənclərinin
böyük rolunu,
onların öz yaşına görə ünsiyyətə,
əlaqələrə və innovasiyalara açıq
olduqlarını da vurğulamaq lazımdır. Azərbaycan
və Rusiya vətəndaşlarının yeni nəslinə
- işə yenicə başlayanlara və hələ oxuyanlara
bəslənilən ümid olduqca yüksəkdir. Bu
faktı nəzərə alaraq, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı - RAGT gənclərin həyatının
bütün aspektlərini əhatə
etməyə çalışır. RAGT Azərbaycanın
hüdudlarından kənarda ən fəal azərbaycanlı gənclər
təşkilatıdır. Təşkilatın məqsədi
Azərbaycan mədəniyyətini təbliğ etmək, tariximizi
tanıtmaq, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına
dəstək göstərmək, yaxşı təhsil
almaq, onların Rusiya cəmiyyətinə
inteqrasiyasına kömək etməkdir. Humanitar
və sosial sahələrdə çoxsaylı layihələr
həyata keçirən azərbaycanlı gənclər
uşaq evlərində, xəstəxanalarda uşaqlara
yardım edirlər. RAGT-nin üzvlərinin sayı bir il ərzində bir neçə dəfə
artmışdır ki, bu da məsləkdaşların
sayının xeyli çoxalmasına dəlalət edir. Müəllif
yazır: "Biz sağlam həyat tərzinə böyük
diqqət yetiririk. Məsələn, "Əmin
ol ki, sağlamsan. Xəstəliyə yox
de!" layihəsi çərçivəsində həkimlərimiz
xəstələri pulsuz müayinə edirlər. Bundan əlavə, uzun illərdir
"Qanın milliyyəti yoxdur" aksiyası keçirilir. Fəallarımız həmin aksiya çərçivəsində
universitetlərdə və məktəblərdə alkoqolun,
narkotiklərin, tütünün ziyanı, habelə
QİÇS təhlükəsi haqqında mühazirələr
oxuyurlar.
Məqalədə deyilir: "Regionda qonşu olan Azərbaycan
və Rusiya Qafqazın nadir biomüxtəlifliyinin hifz edilməsinə
görə məsuliyyəti də
bölüşürlər ki, bu da həmin istiqamətdə
konkret tədbirlər görülməsi zərurətini nəzərdə
tutur. İqamətgahı Azərbaycanın paytaxtında yerləşən
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Dialoq Təşəbbüsü (IDEA) qısa müddət ərzində
gənclərin maarifləndirilməsi və ətraf
mühitin, o
cümlədən transsərhəd ətraf mühitin
mühafizəsi sahəsində
layihələrin gerçəkləşdirilməsi işində
uğurlar qazana bilmişdir. Məsələn,
lap bu yaxınlarda IDEA Rusiya Federasiyasının Həştərxan
vilayətində bir neçə sosial layihə təşəbbüsü
ilə çıxış etmişdir ki, bu layihələrdən
ən başlıcası nadir xırda qu quşlarının
xilas edilməsi olacaqdır. IDEA-nın yaxın planlarına Dünya Vəhşi Təbiət
Fondunun (WWF) Rusiya nümayəndəliyi ilə əməkdaşlıq
sahəsinin genişləndirilməsi
daxildir. Bu tərəfdaşlıq
ümumi təbiətimizin qorunub saxlanılması işinə
əhəmiyyətli töhfə verəcəkdir".
Sonra internetin və sosial şəbəkələrin
müasir həyatımızda əhəmiyyətini dərk
etməyə çağıran Leyla Əliyeva
qarşılıqlı etimadın və anlaşmanın
möhkəmlənməsinə xidmət edəcək, ölkələrimizin
elmi elitası və gəncləri arasında intellektual və
elmi mübadiləyə dəstək göstərəcək
dövlətlərarası təşəbbüslərin
yaradılması və dəstəklənməsi zərurətini
qeyd edir. L.Əliyeva əmindir ki, əgər
əvvəllər ictimai diplomatiya xarici siyasətə əlavə
kimi qəbul edilirdisə, indi biz xarici siyasətin hər
birimizin işinə çevrildiyi qlobal dünyada
yaşayırıq. O yazır ki, məhz ictimai diplomatiya
müasir dünyada daşıyıcı konstruksiyalardan
biridir.
İctimai xadim Leyla Əliyeva sonda
yazır: "Azərbaycanın və Rusiyanın gənclər
qurumları arasında sıx əlaqələri, son vaxtlar
müşahidə etdiyimiz meyilləri nəzərə alaraq əminliklə demək
olar ki, bu münasibətlər iki çox yaxın və dost
xalqın münasibətləri kimi qorunub
saxlanılacaqdır. Ümid etmək olar ki, bir
neçə ildən sonra biz iqtisadi, investisiya sahəsində
qarşılıqlı fəaliyyətin, bütün sahələrdə
əməkdaşlığın daha dərin səviyyəsini
görəcəyik ki, bu da bizə Azərbaycan-Rusiya
qarşılıqlı münasibətlərinin gözlənilən
gələcək təkamülündən
danışmağa imkan verir".
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2012.-
26 sentyabr.- S.3.