«Azərbaycanda media mühiti: mövcud durumyeni çağırışlar» mövzusunda beynəlxalq konfrans keçirilir

 

 Sentyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin dəstəyi ilə "Azərbaycanda media mühiti: mövcud durumyeni çağırışlar" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, "Etik jurnalistika təşəbbüsləri -Azərbaycan" layihəsi çərçivəsində təşkil olunan tədbirdə ölkəmizdə medianın mövcud vəziyyəti və problemləri barədə müzakirələr aparılmışdır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia konfransda çıxış edərək, cəmiyyət və medianın qarşılıqlı münasibətlərindən danışmışdır. O bildirmişdir ki,  inkişaf etmək istəyən cəmiyyət mütləq media ilə sıx ünsiyyətdə olmalı, onun imkanlarından  faydalanmalıdır.

Aİ-nin fəaliyyətində prioritet istiqamətlərdən birinin   media azadlığının məhdudlaşdırılmasına qarşı mübarizə olduğunu qeyd edən  R.Kobia  Azərbaycanda bu sahədə  ciddi problemlərin olmadığını diqqətə çatdırmışdır. Son 20 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını bildirən  səfir   qazanılan nailiyyətlərin,  ölkədə bütün sahələrdə görülən işlərin mətbuatda geniş işıqlandırıldığını vurğulamış, bunu təqdirəlayiq hal kimi dəyərləndirmişdir.

R.Kobia  demişdir ki, bu ilin noyabrında  Azərbaycan internetin idarə olunması ilə bağlı beynəlxalq foruma ev sahibliyi edəcəkdir.  Dünyanın nüfuzlu media qurumlarının, bir sıra beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin  nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Azərbaycan dünya mediasının diqqət mərkəzində olacaqdır. Bu, ölkədə bir çox sahələrdə qazanılmış uğurların nümayiş etdirilməsi istiqamətində  gözəl  fürsət  deməkdir.  Jurnalistlərin həmin  forumda fəal iştirak edəcəklərinə inamını bildirən R.Kobia  media təmsilçilərinə işlərində müvəffəqiyyətlər arzulamışdır.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirmişdir ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  demokratiya, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inkişafı özünün əsas hədəfi seçmiş,  media  azadlığının təməl prinsiplərinin bərqərar olunması üçün əlverişli mühitin yaradılması istiqamətində çox işlər görmüşdür.

Vüqar Əliyev demişdir ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında  söz və məlumat azadlığı, jurnalist, media sərbəstliyi, fikir plüralizmi kimi fundamental prinsiplər  əksini tapmışdır.  1998-ci ildə ölkəmizdə  mətbuatın üzərində dövlət nəzarəti funksiyasını həyata keçirən təsisatın - senzuranın fəaliyyətinə xitam verilmişdir.  Bununla yanaşı, jurnalistlərin, cəmiyyətin hökumətin əlində olan informasiyalara sərbəst çıxışını   təmin etmək üçün mühüm bir qanun qəbul edilmişdir. 

"Etik jurnalistika təşəbbüsləri - Azərbaycan" layihəsinin başlanması ilə əlaqədar   Bakıya ilk dəfə 18 ay əvvəl gəldiyini qeyd edən Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money-Kyrle  Azərbaycanda bu müddətdə böyük dəyişikliklərin baş verdiyini və bunları görməkdən məmnunluğunu bildirmişdir. O, layihənin son tədbiri olan konfransın uğurla başa çatacağına,  öz məqsədlərinə nail olacağına əminliyini vurğulamışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, ATƏT-in Bakı ofisinin təmsilçisi Vüsal Behbudov  ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışmış, konfransın bu sahədə əhəmiyyətini qeyd etmişlər.

Sonra konfrans işini "Azərbaycanda media azadlığı: mövcud durumyeni çağırışlar", "Etik jurnalistika standartlarının yaradılması" mövzularında bölmə iclaslarında davam etdirmişdir.

İclasda Ə.Amaşovun "Azərbaycanda media  azadlığı və təhlükəsizliyi: mövcud durumyeni çağırışlar", Böyük Britaniya Milli Jurnalistlər Birliyinin  eksperti Arjuman Vajidin  "Levensondan öyrənilmiş dərslər" mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir.

Konfrans sentyabrın 26-da işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.4.