Fransada Azərbaycanla bağlı iki saatlıq radio verilişi yayımlanmışdır

 

 Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşəbbüsü ilə Azərbaycanla bağlı hər ay fransız dilində efirə çıxan radio verilişi sentyabrın 23-də növbəti dəfə yayımlanmışdır. Budəfəki proqram Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yerləşdirilmələri ilə bağlı çirkin niyyətin həyata keçirilməsi cəhdinin qarşısının alınması üçün bu məsələnin rəsmi Bakının təkidi ilə BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyinə dair xəbərlə başlamışdır.

Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfərinə dair AzərTAc-ın saytında yerləşdirilmiş xəbərlərdən geniş istifadə olunmuşdur. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Luvr muzeyinin İslam incəsənətinə həsr olunmuş yeni zallarının açılış mərasimində iştiraklarından, Yelisey sarayında Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın səmimi  görüşündən ətraflı bəhs edilmişdir.

Proqramda, həmçinin Macarıstanda cəzasını çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Avropa Parlamentinin bir qrup ermənipərəst deputatının qərəzli qərarı haqqında danışılmış, onların Azərbaycana qarşı ikili standartlardan çıxış etmələri fransız dinləyicilərin diqqətinə çatdırılmışdır.

Bundan başqa, verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, rəsmi Yerevanın münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, Avropa Şurasının 1416 saylı qərarını yerinə yetirməməsinə etiraz əlaməti olaraq Ermənistanın Parisdəki səfirliyi qarşısında soydaşlarımızın keçirdikləri izdihamlı mitinqdən söhbət açılmışdır.

Fransa-Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın açılış mərasimində iştirakları, bu münasibətlə təşkil olunmuş qəbulda dövlətimizin başçısının çıxış etməsi dinləyicilərin diqqətinə çatdırılmışdır.

Proqramda Xocalı soyqırımı qurbanlarının xatirəsinə Meksikada abidə ucaldılması haqqında da xəbərə yer verilmişdir.

Dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin Azərbaycana bir neçə dəfə etdiyi səfər, onun ölkəmiz haqqında söylədiyi xoş sözlər proqramın ən maraqlı hissələrindən biri olmuşdur.

Vaxtilə türk diplomatlarını qətlə yetirən, Fransada terror aktları törədən Ermənistanın ASALA terror təşkilatının cinayətləri, son vaxtlar azərbaycanlılara qarşı səsləndirdiyi təhdidlər barədə də dinləyicilərə ətraflı məlumat verilmişdir.

Azərbaycan musiqiləri ilə müşayiət olunan proqramda ölkəmizdə nəşr olunan qəzetlərin həftəlik xülasəsinə yer ayrılmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAcn xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.4.