2012Azərbaycan bölgədə söz sahibidirbundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır

 

 Bu fikirləri Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində bildirib

 

 Azərbaycan ötən müddətdə diplomatiya sahəsində böyük uğurlara imza atıb. Əldə edilən uğurların konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Azərbaycan müstəqil diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırmış, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilmiş, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlişindən sonra böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərini beynəlxalq hüquq normalarından deyil, Ermənistanın maraqlarından çıxış etməkdə, dolayısı ilə "xristian təəssübkeşliyi" göstərməkdə günahlandıran ulu öndər münaqişənin a) beynəlxalq hüquq normaları əsasında; b) BMT-nin 822, 853, 874 və 888 saylı qətnamələrini yerinə yetirilməklə; c) ATƏT-in Lissabon sammitində qəbul olunan sənəd çərçivəsində həllini vacib saymışdır. Ulu öndər Heydər Əliyev Ermənistan prezidenti ilə 1999-cu ilin aprelində Vaşinqtonda, 2000-ci ildə Ermənistan-Naxçıvan sərhədində, 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində, Parisdə və Cenevrədə keçirdiyi görüşlərdə də bu prinsiplərdən bir addım geri çəkilməmiş, xalqın milli maraqlarından çıxış etmişdir. 2001-ci ilin fevralında ATƏT-in Minsk qrupunun təklif etdiyi həll variantları ilə bağlı Milli Məclisdə müzakirələr keçirən dövlət başçısı bu addımı ilə münaqişənin xalqın iştirakı, mövqeyi və rəyi olmadan həll olunmayacağını açıq şəkildə bəyan etmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi  iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların böyüklüyündən, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı 2003-2011-ci illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.

Azərbaycan Prezidenti xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün, ilk növbədə, diplomatik korpusun fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Cənab İlham Əliyevin 2004-cü, 2006-cı və 2008-ci illərdə Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik korpus rəhbərlərinin - səfirlərin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqlarına və tələblərə uyğun qurulması məqsədindən irəli gəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyev hər üç müşavirədə dərin məzmunlu nitq söyləyərək keyfiyyətcə yeni mərhələdə Azərbaycanın səfirlikləri qarşısında duran vəzifələri bir daha diqqətə çatdırmış, erməni lobbisinin cəfəng təbliğatının zərərsizləşdirilməsi baxımından hücum xətti üzərində qurulan çevik diplomatiyanın həyata keçirilməsini vacib saymışdır.

Prezident İlham Əliyev bu günlərdə diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində bildirib: "Səfirlər peşəkar diplomatdırlar. Onların arasında gənclər də kifayət qədər çoxdur, təcrübəli diplomatlar da vardır. Onlar öz vəzifə borclarını yaxşı bilirlər və hesab edirəm ki, bütövlükdə öz vəzifə borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin qarşısında duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq münasibətlər dəyişir və beynəlxalq aləmdə yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heyədr Əliyev müəyyən etmişdir. Bu gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir".

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. Ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində bildirib: "Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında düran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır".

Regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzəryə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın artan iqtisadi qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bu ağır vəziyyət ən yaxın vaxtlarda işğalçı dövlətdə daha ciddi kataklizmlərin yaşanacağından xəbər verir. Prezident İlham Əliyev bildirib: "Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar, doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə, məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə artıq sabitldəşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır".       

Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə istifadə edərək ən yaxın zamanlarda bütün problemlərini həll edəcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.5.