«Çağ»
Öyrətim İşlətmələri təhsildə ən
yeni texnologiyaları tətbiq edir
Azərbaycan
təhsilinin flaqmanı olan şirkətin
müəssisələrində quraşdırılan elektron lövhələrin
ölkəmizdə analoqu yoxdur
Fəaliyyətinin
20 ilini artıq arxada qoyan "Çağ" Öyrətim
İşlətmələri şirkəti bu dövrdə Azərbaycanda
təhsilin inkişafına böyük töhfələr
vermişdir. Məqsədi ailəvi, milli və ümumbəşəri
dəyərləri mənimsəyən, zamanın tələblərinə
uyğun biliyə sahib olan, ölkəsini və xalqını
hər zaman, hər yerdə layiqincə təmsil edə biləcək
vətəndaşlar yetişdirmək olan şirkətin təhsil
müəssisələrində oxuyan şagirdlər hər il
beynəlxalq fənn olimpiadalarında ən yüksək
nailiyyətləri qazanır, məzunları isə ali məktəblərə
qəbul imtahanlarında ürəkaçan nəticələr
əldə edirlər.
Təbii ki, bütün bu uğurların kökündə dayanan əsas amillər təhsildə keyfiyyətli
idarəetmə sisteminin
formalaşdırılması və tədris prosesində daim yeni texnologiyaların tətbiqidir.
Bu gün "Çağ"
Öyrətim İşlətmələri şirkətinin nəzdindəki
bütün təhsil müəssisələri
tətbiq etdikləri müasır tədris və təlim
metodları ilə bərabər, beynəlxalq standartlara
uyğun idarəetmə sistemini
böyük uğurla
həyata keçirir. Bununla da ümummilli
lider Heydər Əliyevin "Azərbaycanla
Türkiyə arasında qurulan ən sağlam körpü təhsil
körpüsüdür" ifadəsinə
əməli surətdə cavab verir və təhsildə keyfiyyətin daimi ünvanını qoruyub
saxlayır.
Hər zaman təhsildə novatorluğu
ilə seçilən "Çağ"
Öyrətim İşlətmələri yeni
tədris ilinə də ən son texniki yeniliklərlə qədəm qoyur. Bu yeniliklərdən
biri şirkətin bütün
təhsil müəssisələrinin "Ağıllı taxta" adlandırılan elektron
lövhələrlə təmin edilməsidir. Digər bir yenilik isə bütün təhsil müəssisələrində
elektron məktəb sisteminin
yaradılmasıdır.
Sentyabrın 25-də
"Çağ" Öyrətim
İşlətmələri şirkətinin nəzdindəki
təhsil müəssisələrində yeni
informasiya texnologiyalarının tətbiqi
ilə əlaqədar Bakı Özəl Türk
Liseyində mətbuat konfransı keçirildi.
Tədbiri giriş sözü ilə açan
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz bildirdi ki, "Ağıllı taxta"
adlandırılan elektron lövhənin tətbiqi
ilə bağlı aparılan təcrübələr uğurla yekunlaşmışdır.
Artıq yeni təhsil ilində "Çağ" Öyrətim İşlətmələri
şirkətinin təhsil müəssisələrində 250 ədəd
elektron lövhə
quraşdırılmışdır.
Daha sonra tədris
prosesində elektron lövhələrin tətbiqi
ilə bağlı film nümayiş
olundu. Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəis
müavini Murat Topçu elektron məktəb
sistemi barədə ətraflı məlumat
verdi. Bildirdi ki, bu ildən başlayaraq "Çağ"
Öyrətim İşlətmələri şirkətinin bütün təhsil müəssisələrində
informasiyalar
elektronlaşdırılıb. Bu o deməkdir ki,
şagirdlərin dərslərə davamiyyəti, müəllimlərin
dərs qrafiki, o
cümlədən dərc cədvəlləri ilə
bağlı dəftər və jurnallardan
istifadəyə daha ehtiyac
qalmayıb. İndi
artıq hər bir informasiya və qeyd elektron
formada təqdim olunur. Bu
yeniliyin vasitəsilə
hər bir valideyn dünyanın hansı nöqtəsində
olmasından asılı
olmayaraq kompyuter vasitəsilə övladının
dərsə davamiyyəti,
nizam-intizamı, qiymətləri
və təhsildəki
nailiyyətləri barədə
məlumat ala bilər.
Bununla bərabər elektron təhsil sistemində şagirdlər barədə
olan məlumat və qeydlər həm də rəhbərlik tərəfindən
mütəmadi olaraq onların valideynlərinə
göndəriləcək. Məktəb
direktoru bu yeniliyin vasitəsilə sinif otaqlarına getmədən dərsin gedişatını və
şagirdlərin davamiyyətini
yoxlaya bilər. Müəllim isə məlumatların
elektronlaşdırılması nəticəsində şagirdin
hansısa bir fəndən əvvəllər
hansı qiymətlər
aldığını öyrənə
bilər. Həmçinin buradan şagirdlərin digər fənlərdən
aldığı qiymətləri
də öyrənmək
mümkündür. Bütövlükdə bu yeni texniki
yenilik şagird barədə bütün məlumatları elektron şəkildə özündə
cəm edir.
Murat Topçu qeyd etdi ki,
elektron təhsil sistemi fənn kurikulumlarının tələblərinə
də cavab verir. Çünki elektron təhsil
sistemi vasitəsilə
hər hansı fənn üzrə birdən artıq qiymətləndirmə mümkündür.
Tədbirdə çıxış edən
"Çağ" Öyrətim
İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən bildirdi ki, hazırda 10 liseyi, 1 gimnaziyanı, 1 ibtidai məktəbi, 13 ali təhsilə hazırlıq kursunu və 1 universiteti birləşdirən "Çağ"
Öyrətim İşlətmələri
Azərbaycan dövləti
və xalqı tərəfindən göstərilən
"Etimada sədaqətlə"
devizinə uyğun olaraq böyük məsuliyyət hissi ilə təhsil həyatında yaxından
iştirak edir. Ötən
20 ildə Azərbaycanda
təhsilin inkişafında
böyük rol oynamış şirkətin
təhsil müəssisələrində
oxuyan şagird və tələbələr
savadlı, dünyagörüşlü,
intellektual və vətənpərvər vətəndaşlar
kimi yetişmişlər.
"Çağ" Öyrətim İşlətmələri
şirkətinin fəaliyyəti
ölkə rəhbərliyi
tərəfindən də
daim yüksək qiymətləndirilmişdir.
Ənvər Özərən bildirdi
ki, hazırda təhsil müəssisələrində
400 şagird pulsuz təhsil alır. O cümlədən, Qafqaz Universitetinə yüksək
balla daxil olan tələbələr
pulsuz və ya güzəştli əsaslarla oxuyurlar. İndiyədək şagirdlər beynəlxalq
fənn olimpiadalarında
97-si qızıl olmaqla
500-dən artıq medal qazanıblar.
Müəllim heyətinə gəldikdə,
şirkət yeni fəaliyyətə başladığı
dövrdə müəllim
kontingentinin 85 faizini Türkiyədən gəlmiş
müəllimlər təşkil
edib. Bu gün
isə "Çağ"
Öyrətim İşlətmələrinin
liseylərində çalışan
müəllimlərin 83 faizi
azərbaycanlılardır. Ali təhsilə hazırlıq
kurslarında isə müəllimlərin 98 faizi
azərbaycanlılardır. Ənvər Özərən bir məsələni də fəxarət hissi ilə diqqətə çatdırdı ki,
"Çağ" Öyrətim
İşlətmələrinin məzunları nəinki Bakıda, dünyanın bir sıra ölkələrində
türk məktəblərində
müəllimlik fəaliyyəti
ilə məşğul
olurlar. Onların arasında məktəb
müdirləri olanlar
da var.
Ənvər Özərən
təhsil müəssisələrində
aparılan tədris prosesi barədə də ətraflı məlumat verdi.
Bildirdi ki, bütün məktəblərdə təlim
və tədrisin səviyyəsi bərabər
səviyyədədir. Hər hansı yenilik bütün təhsil müəssisələrində tətbiq olunur. "Çağ" Öyrətim İşlətmələri
şirkəti tədris
prosesində informasiya
texnologiyaları vasitələrindən
geniş istifadə edir və istifadə
olunan kompyuter, video,
audio və sair cihazların müntəzəm
olaraq yeniləndirilməsinin
qayğısına qalır.
Bütün fənn otaqları,
laboratoriyalar ən müasir elektron cihazlarla təchiz edilmiş və bu cihazlar tədris
prosesində istifadə
edilə biləcək
lazımi proqramlarla təmin olunmuşdur.
Ənvər Özərən daha
sonra qeyd etdi ki, bütün
təhsil müəssisələrində
şagirdlərin dərsi
qavrama fəallığını
daha da artırmağa
imkan verən interaktiv elektron lövhələrin tətbiqinə
başlanılıb. Lövhələrin alındığı şirkətlərin mütəxəssisləri
şirkətə dəvət
edilmiş, müəllimlərlə
birlikdə 6 ay müddətində
Azərbaycanın orta
məktəb dərsliklərinə
uyğun proqramlar hazırlanmış, dərsliklərin
əsası interaktiv lövhələrin yaddaşına
yazılmışdır. Həmçinin dəvət olunmuş
mütəxəssislər tərəfindən
tədris ediləcək
fənlər üzrə
müəllimlərin xüsusi
seminarları keçirilmiş,
müəllimlərə lövhədən
istifadə edilməsi
qaydası öyrədilmişdir.
Hazırda bu lövhələr
şirkətin bütün
təhsil müəssisələrində
istifadə edilməkdədir.
Çıxışının sonunda Ənvər Özərən dedi ki, Azərbaycan təhsilinin inkişafı
və müasir Azərbaycan naminə
"Çağ" Öyrətim
İşlətmələri bundan sonra da
səylərini əsirgəməyəcəkdir.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç isə tətbiq
olunan yenilikləri irəliyə doğru atılan addım
olaraq dəyərləndirdi. Qeyd etdi ki, bu cür yeni informasiya
texnologiyalarının tətbiqi tədrisin keyfiyyətini
qaldırmağa kömək edəcək.
Yekunda tədbir
iştirakçıları Bakı Özəl Türk
Liseyinin sinif otaqlarında tədris prosesində elektron lövhədən
istifadə olunmasına baxdılar.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.- 26 sentyabr.- S.5.