İdman və bədən tərbiyəsi sosial siyasətin mühüm istiqamətidir

 

Kütləvi idman və Azərbaycan təcrübəsi

 

 Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübhəsiz, belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb etmişdir. Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə bilmişlər. İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşmuş, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükədən xilas ola bilmişdir. Bu cəhət insanın özünün fiziki kamilliyinin qayğısına qalması tələbini ortaya atmışdır. Zaman ötdükcə insanlar həm də öz aralarında fiziki qabiliyyətlərini sınamaq məcburiyyətində qalmışlar. Məhz fiziki sınaqlardan keçənlər tayfa və qəbiləyə rəhbərlik etmək hüququ qazanmışlar. Beləcə, insanların öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq tələbi meydana çıxmışdır. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişmiş, müxtəlif növləri yaranmışdır. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın və bədən tərbiyəsinin yaranmasının əsasında da məhz belə mübarizə formaları durur. İdman və bədən tərbiyəsi müxtəlif hərəkət kompleksləri üzrə yarış və fiziki hazırlıq sistemi kimi böyük təkamül prosesi keçmişdir.

 

İdmanın mahiyyəti və xüsusiyyətləri

 

Fiziki mədəniyyətin, idmanın və sağlam həyat obrazının populyarlaşması müasir dövrdə cəmiyyətdə oturuşmuş idman növlərinin və formalarının xüsusi çeşidlənməsinə ehtiyac yaradır. Bu konteksdən çıxış edərək təşkil olunmuş idmanın 2 əsas formasını göstərə bilərik:

- kütləvi idman;

- ali nailiyyətli idman.

Kütləvi idman cəmiyyətin fiziki tərbiyəsinin və mədəniyyətinin orqanik hissəsidir. Kütləvi idmanın professional idmandan fərqi onun fiziki imkanlarını reallaşdırmaq, sağlamlığını möhkəmləndirmək və yaradıcılıq qabiliyyətini artırmaq istəyən milyonlarla insanı əhatə etməsindədir. Kütləvi idman növlərində potensial iştirakçılar üçün yaş, cins, hazırlıq səviyyəsi əhəmiyyət daşımır.

Hər bir insan ömründə bir dəfə də olsun kütləvi idman növü ilə məşğul olub. Eyni zamanda, bu idman növü bütün tədris proqramlarına da salınıb. Məhz bu formada idmanın tədris-tərbiyə, hazırlıq-təcrübə, fiziki sağlamlıq funksiyaları reallaşdırılır.

Kütləvi idman ali nailiyyətlər idman növünün əsasını təşkil etməklə, gənc nəslin fiziki baxımdan sağlam böyüməsini, ayrı-ayrı fərdlərin və ya kollektivlərin idman qabiliyyətlərinin reallaşdırılmasını həyata keçirir. Bu mənada qeyd edilməlidir ki, professional idman sahəsində ali mükafatların əldə olunması, beynəlxalq və milli idman yarışlarında qələbələrin qazanılması kütləvi idmanın inkişafına mənəvi stimul verir.

Kütləvi idmanın insanların həyatındakı rolundan danışarkən bir məqamı da qeyd etməliyik ki, bu idman növü hər bir fərdin həyatı boyu öz kapitalını reallaşdırmaq və potensialını genişləndirmək üçün fasiləsiz sosial eksperimentdir. Kütləvi idman inkişaf, tərbiyəvi, vətənpərvər, kommunikativ funksiyaları yerinə yetirməklə, fərdləri və sosial qrupları birləşdirir, fəaliyyətini koordinasiya edir, xalqın inkişafına səbəb olur. Elə bu səbəbdən də müasir sosiumlarda kütləvi idman kadrlarına böyük ehtiyac duyulur.

Kütləvi idman sistemi cəmiyyətin sosial sistemində müəyyən rol oynamaqla, sosial altsistem kimi də çıxış edir. Vətəndaşların kütləvi sağlamlıq sferası, idmanın sosial sistemi özlüyündə digər sosial alt sistemlərə nəzərən, muxtar xarakterlidir. Bu konteksdə əminliklə, demək olar ki, idman sosial altsistemi birbaşa olaraq sağlamlıq, elm, mədəniyyət, tərbiyə və təhsil altsistemləri aktiv əlaqədədir. İdman, həmçinin sosial-iqtisadi və siyasi proseslərə də əhəmiyyətli dərəcədə təsir edir. Bu baxımdan dövlətin sosial siyasətinin önəmli sferası kimi idman sağlam həyat tərzinin və kütləvi hərəkatların rəhni rolunda çıxış edir.

 

 Azərbaycan coğrafiyasında idmanın kütləviləşməsi prosesi

 

 Əlbəttə ki, kütləvi idman bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan sosiumunun həyatında da önəmli yer tutur. Azərbaycanda bədən tərbiyəsi və idman milli mədəniyyətimizin tərkib hissəsi kimi tarixini uzaq keçmişdən götürür. Qədim Azərbaycanda ibtidai icma quruluşunun meydana gəlməsi, sinifli cəmiyyətin yaranması fiziki qüvvə və bacarıqların təkmilləşməsinə, maddi, mənəvi nailiyyətlərin artmasına, sağlamlığın möhkəmləndirilməsinə səbəb olmuşdur. Bütün bunlar fiziki tərbiyənin meydana gəlməsinə təkan vermiş, müdafiə və hücum xarakterli müxtəlif növ fiziki hərəkətlərdə öz əksini tapmışdır. Atcapma, nizəatma, cürbəcür oyunlar tarixən Azərbaycan ərazilərində mövcud olmuşdur.

Azərbaycan şifahi xalq ədəbiyyatının bütün janrlarında fiziki tərbiyənin öz əksini tapdığını müşahidə edirik. Dastanlardakı xalq qəhrəmanlarının igid, cəsur, dözümlü, mübariz və qorxmaz olmaları onların müxtəlif növ oyunlarla, fiziki hərəkətlərlə iradə və bədənlərini möhkəmləndirmələrinə səbəb olmuşdur. Kitabi-Dədə Qorquda, "Oğuznamə"yə, "Qabusnamə"yə, dastan və nağıllarımıza, Qobustan qayalarında həkk edilmiş təsvirlərə müraciət etsək, görərik ki, qədim Azərbaycanda hərbi və fiziki hazırlığa xüsusi diqqət yetirmişlər. Toy mərasimlərində, Novruz bayramında milli fiziki hərəkətlərdən, oyunlardan istifadə etmişlər. "Od üstündən tullanmaq", "Çovkan" və s. oyunları buna misal göstərmək olar. Azərbaycan milli oyunları, fiziki hərəkətləri başqa ölkələrin fiziki tərbiyə və idmanının formalaşmasına öz müsbət təsirini göstərmişdir. "Çovkan" oyununun Azərbaycandan Hindistana, oradan isə İngiltərəyə keçməsi buna əyani sübutdur.

A.Bakıxanovun, M.F.Axundovun, M.Kazımbəyin, H.Zərdabinin, N.Nərimanovun və başqalarının tədqiqatlarına istinad edərək deyə bilərik ki, onların yaşadıqları dövrdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında mühüm tərəqqi olmuşdur. XIX əsrdə Yaxın və Orta Şərqdə, Zaqafqaziyada seçilib sayılan Şuşalı Nabat, Sarablı Rüstəm, Seyidhəsən, Hüseynqulu Hacı Mursəlqulu oğlu, M.A.Axundov və Ş.Abdullanın, habelə XX əsrin əvvəllərində beynəlxalq aləmdə tanınan peşəkar güləşçi, dünya çempionu Sali Süleyman, Rəşid və Cümşüd Yusifov, Eldar və Çingiz Göyçaylı qardaşları, Məmmədəli Qazaxlı və b. yaşamışlar. Onların Azərbaycanda bədən tərbiyəsinin və idmanının inkişafında danılmaz rolu olmuşdur.

XX əsrin başlanğıcında Bakıda gimnastika, üzgüçülük, ağır atletika və s. idman növləri daha da inkişaf etməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti quruluşunun ilk vaxtlarında idmana diqqət artırıldı. 1920-ci ildə respublikamızda "Sokol" və "Unita", "Avtomotor", "Vodnik", "Reçnik" və s. idman cəmiyyətləri (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi.

Azərbaycanda 1920-ci ildə boks, 1921-ci ildə futbol, 1925-ci ildə ağırlıqqaldırma, 1924-cü ildə yunan-Roma güləşi, 1928-ci ildə sərbəst güləş üzrə ilk respublika çempionatı keçirilmişdir. 1936-cı ildə Azərbaycan LKGİ MK-nın qərarı ilə ayrı-ayrı idman cəmiyyətləri yanında uşaq idman məktəbləri yaradıldı. 1944-cu ildə ağır atletika üzrə keçirilən SSRİ çempionatı Azərbaycan idmançısı Əhməd Məhəmməd oğlunun qələbəsi ilə başa çatdı. Respublika yarışlarında Əhməd Məhəmməd oğlu ümumittifaq rekordu, 1946-cı ildə isə SSRİ birinciliyində dünya rekordunu muəyyən etdi. Müharibədən sonrakı illərdə Azərbaycan idmançıları güləş üzrə böyük nailiyyətlər əldə etdilər. Voleybolçularımız isə 1957-cı ildə SSRİ kubokunun sahibi oldular.

Sovet idmançıları ilk dəfə olaraq 1952-ci ildə Finlandiyada keçirilən XV Olimpiya Oyunlarında iştirak etmişlər. Azərbaycan idmançıları da sovet komandasının tərkibində ilk dəfə olaraq bu Olimpiadaya qatılmışlar. Helsinkidə azərbaycanlı idmançılardan ən yüksək nəticəni sərbəst güləş üzrə R.Məmmədbəyov göstərərək, Olimpiadanın gümüş medalını qazanmışdır. 1956-cı ildə keçirilən Melburn Olimpiadasında bakılı Y.Konovalov atletika üzrə gümüş medal qazandı. Sonrakı Olimpiya Oyunlarında da Azərbaycan idmançıları uğurla çıxış etmiş, sovet komandasının qızıl medallar qazanmasında onların böyük xidmətləri olmuşdur.

Sovet dövründə Azərbaycanda idman və bədən tərbiyəsi özünün inkişaf mərhələsinə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra qədəm qoymuşdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan idmanının inkişafı və gənc nəslin sağlamlığı üçün əhəmiyyətli addımlar atılmışdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Məsələn, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyulmuşdu. 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Sovet hakimiyyəti illərində Azərbaycanda bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız dünya və İttifaq miqyasında tanınırdılar. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Amma ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək daim bu istiqamətdə mühüm tədbirlər həyata keçirməyin vacibliyini xatırladaraq idmanın inkişafını vəzifə olaraq qarşıya qoymuşdu. Məhz Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirirdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasının dünyada tanıtmaqdan ibarətdir".

Müasir dünyada kütləvi bədən tərbiyəsi və idman hərakatının əsas vəzifəsi əhalinin bütün təbəqələrini yaş dərəcələrinə uyğun olaraq bədən tərbiyəsi sağlamlıq məşğələlərinə cəlb etməkdən ibarətdir. Çünki kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman işlərinin xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli tərbiyəsində rolu və mahiyyəti əvəzsizdir. Digər tərəfdən, bədən tərbiyəsi və idmanla kütləvi məşğulluq əvvəldə qeyd etdiyim kimi, insanlarda dostluq, əxlaqi saflıq və mübarizlik kimi mənəvi keyfiyyətlər formalaşdırır. Xalqımızın ulu öndəri Heydər Əliyev demişdir: "Respublikamızda bədən tərbiyəsi geniş yayılmışdır. Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq, hamını - gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirəm. çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur."

 

Olimpiya hərəkatı müasir Azərbaycanda idmana olan marağı daha da artırıb

 

 Bu təkzibolunmaz faktdır ki, insanın fiziki sağlamlığı baxımından tələbata çevrildiyini təsdiq edən əsas tarixi faktlardan biri beynəlxalq idman aləminin ən populyar yarışı olan Olimpiya Oyunlarının yaranmasıdır. Adını Yunanıstanda ən yüksək dağ massivi olan Olimpdən götürən Olimpiya Oyunları ilk dəfə bu ölkədə e. ə. 776-cı ildə keçirilmişdir. Olimpiya Oyunları zamanı bütün hərbi əməliyyatlar dayandırılar, oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilirdi.

Olimpiya Oyunları yarandığı ilk vaxtdan fiziki qabiliyyətin nümayişi ilə yanaşı, insanları sosial ədalətə çağırdığı üçün cəmiyyətin sağlamlığına və mənəvi saflığına xidmət edirdi. Zevsin heykəlində qeyd edilmişdir: "Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar". Bu fikrin davamı olaraq Olimpiya Oyunlarında hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: "Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get". Bu fikirlər idmançıları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa, o cümlədən ədalətə, daxili saflığa və mənəvi zənginliyə səsləyirdi. Ona görə Olimpiya Oyunları dedikdə idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi baxımdan qəbul etmək lazımdır. Bu mənada idman və bədən tərbiyəsinin əhəmiyyəti fiziki tərbiyə ilə yanaşı, insanın mənəviyyatına və onun kamil şəxsiyyət kimi formalaşmasına təsiri ilə ölçülür.

Sonralar dayandırılmış Olimpiya Oyunlarının bərpası ideyası da insanların fiziki tərbiyəsinə dair yeni axtarışlardan sonra yaranmışdır. XIX əsrin sonlarına yaxın Avropanın tərəqqi yoluna qədəm qoyması insanın özünün inkişafı ilə bağlı qarşıya suallar çıxarırdı. Bu zaman fransızlar insanın inkişafında fiziki tərbiyə məsələsini önə çəkərək bu istiqamətdə araşdırmalara başladılar və bu işi 1889-cu ildə pedaqoq Pyer de Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, fiziki tərbiyə ilə bağlı tarixi təcrübəni araşdırır. 1892-ci ilin noyabrında Fransaya qayıdan P.Kuberten Sorbon Universitetində özünün məşhur "Olimpiya renessans" adlı mühazirəsini oxuyur və Olimpiya Oyunlarını canlandırmaq ideyasını ortaya qoyur. 1894-cü ildə isə P.Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya Oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması ideyası ilə çıxış etdi. Onun təklifi bəyənildi və Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün BOK yaradıldı. Müasir Olimpiya Oyunlarının birincisi isə 1896-cı ildə Afinada, ikincisi 4 il sonra Parisdə keçirildi.

İnsanların fiziki və mənəvi sağlamlığına xidmət edən ideyaların daşıyıcısı olan Olimpiya Oyunları əsrlər keçməsinə baxmayaraq, bu gün də özünün tərbiyəvi əhəmiyyətini itirməmişdir. Antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçsə də, bu yolda müxtəlif maneələrlə rastlaşsa da, zəmanəmizə gəlib çatmış və öz əzəli mahiyyətini qoruyub saxlamışdır.

Azərbaycanda Olimpiya hərəkatı da Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşdı və inkişaf etməyə başladı. Azərbaycanın müstəqillik illərində Olimpiya Oyunları 1992-ci ildən başlasa da, ilk möhtəşəm uğura 1996-cı ildə nail olduq. Həmin il Atlantada 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilkin nailiyyəti idi.

Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK prezidenti İlham Əliyev Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Olimpiya hərəkatını sürətlə inkişaf etdirmək və onun Beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşulmasını təmin etmək məqsədilə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də böyük işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Olimpiya hərəkatında daha fəal iştiraka dair təşəbbüslərin nəticəsi olaraq Azərbaycan 2000-ci il Sidney Olimpiya Oyunlarında mühüm nailiyyətlərə imza atdı. Stend atıcısı Zemfira Meftahəddinova və Atlantada gümüş medal qazanmış güləşçi Namiq Abdullayev qızıl medal qazandılar. Vüqar Ələkbərov isə boks üzrə bürünc medala layiq görüldü. 1990 ölkənin iştirak etdiyi bu Olimpiadada Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.

Ötən dövrdə Azərbaycan Respublikası beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilib. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiya Oyunlarında qazanılan uğurlar bunu deməyə əsas verir. Respublikamız 2004-cü ildə Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiya Oyunlarında isə komandamız Azərbaycanın qədim idman ənənəsinə malik ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Pekində Azərbaycan idmançıları 7 medal qazandılar: 1 qızıl, iki gümüş və dörd bürünc medal.

Nəhayət, bu il keçirilən XXX London Yay Olimpiya Oyunları Azərbaycan üçün kifayət qədər mühüm göstəricilərlə yadda qaldı. Olimpiadada 53 idmançı ilə iştirak edən respublikamız 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazandı. Bununla idmançılarımız qələbə əzmi nümayiş etdirərək ölkəmizin idman şərəfini layiqincə qorudu. 205 ölkənin qatıldığı London Olimpiya Oyunlarında Azərbaycan 30-cu yeri tutdu. Medalların sayına görə isə ölkəmiz 24-cü yerdədir. Eyni zamanda, Olimpiadanın nəticələrinə əsasən Azərbaycan Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cüdür. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın kütləviləşməsi prosesi sürətlə gedir və cəmiyyətdə, xüsusilə də gənclər arasında idmana olan maraq həddindən artıq çoxalıb.

MOK rəhbəri, Prezident İlham Əliyevin ilk gündən Londonda idmançılarımıza mənəvi dəstək olması, qalib idmançılarımızı yüksək səmimiyyətlə təbrik etməsi deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın idman uğurlarına ürəkdən sevinir və bunların davamlı olmasını arzulayır. 2012-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşmüş, respublikamızın bu mötəbər idman tədbirində layiqli yer qazandığını razılıqla vurğulamışdı: "Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyduq".

Paralimpiya Oyunlarında isə idmançılarımız 12 medal qazanmaqla Azərbaycanın inişaf etmiş idman ölkəsi olduğunu bir daha isbatladılar. Beləliklə, həm Olimpiya, həm də Paralimpiya Oyunları Azərbaycan cəmiyyətində idmana olan marağın artdığını və ən əsası bu sahəyə dövlət səviyyəsində diqqətin ildən- ilə yüksəldiyini təsdiq etdi.

 

 (ardı var)

 

 

Rəcəbli, Hadı

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.6.