Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunmuşdur

 

 Naxçıvan Dövlət Universitetində bu təhsil ocağının yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru akademik İsa Həbibbəyli açdı. Bu ali məktəbin 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi 3 müəllim, 102 tələbə ilə fəaliyyətə başladığını, 12 iyul 1972-ci ildən Yüsif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi müstəqil ali məktəbə çevrildiyini, 29 dekabr 1990-cı il tarixdən universitet kimi fəaliyyət göstərdiyini xatırlatdı.

Rektor qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı olaraq bu gün Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir universitet formalaşmışdır. Hazırda 376 müəllimin çalışdığı universitetin 10 fakültəsində 52 ixtisas üzrə 5000-dən çox tələbə təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 əməkdaşdan 2 nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 202 nəfəri fəlsəfə doktorudur. Dünyanın 70-dən çox  tanınmış universitetləri ilə beynəlxalq əməkdaşlıq edən NDU-da 200-dən artıq xarici ölkə vətəndaşı təhsıl alır. Bu ali məktəb regionun elmi kadr potensialı, yüksək ixtisaslı mütəxəssislərlə təmin olumasında böyük rol oynayır.

Universitetdə 3 internet mərkəzi, "Qeyrət" nəşriyyatı, Media mərkəzi, televiziya studiyası, "Nuhçıxan" radiosu fəaliyyət göstərir "Elmi əsərlər" jurnalı, "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti nəşr olunur. 2010-cu ildən istifadə olunan WI-FI simsiz kampus internet şəbəkəsi universitetin virtual imkanlarını genişləndirmişdir. Universitet Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin bugünkü inikişafında ilk müəllimlərin, müxtəlif illərdə buraya rəhbərlik edən rektorların, indiki professor-müəllim heyətinin böyük rol oynadığını, dövlətimiz tərəfindən universitet əməkdaşlarının əməyinin yüksək qiymətləndirildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda universitetdə olması, kollektivlə səmimi görüşləri, bu ali təhsil ocağının 25, 30 40 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması universitet tarixinın şanlı səhifələridir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-2013-cü tədris ilinin başlanması münasibətilə universitetin pedaqoji, təbiətşünaslıq kənd təsərrüfatı fakültələrinin yeni tədris korpusunun açılış mərasimində 45 illik tarixə malik Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil sistemində, Naxçıvanda cəmiyyət həyatının inkişafında, elmi, iqtisadi mədəni tərəqqidə rolunu yuksək qiymətləndirmişdir. Muxtar respublikada elmin təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, universitetdə günbəgün daha geniş vüsət alan quruculuq işləri, maddi-texniki bazanın artırılması kollektiv qarşısında böyük məsuliyyət qoyur. Rektor universitetin yaradılmasının 45 illiyi münasibətilə ilk müəllimlərdən olan professor Yavuz Axundlunu, Zemfira Əhmədovanı, Əkbər Süleymanovu Əkbər Əliyevi fəxri fərmanlarla təltif etdi.

Sonra universitetin ilk prorektoru işləmiş, Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Yavuz Axundlu, universitet məzunlarından Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Asim Yadigar Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı, universitetin Rus dili ədəbiyyatı kafedrasının baş müəllimi, qocaman pedaqoq Əkbər Süleymanov, Ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminov çıxış edərək Naxçıvan Dövlət Universitetinin Naxçıvanda elmi-pedaqoji mühitin formalaşmasında mühüm rol oynayan elm, mədəniyyət, ictimai fikir mərkəzi olduğunu vurğuladılar.

Yubiley tədbiri incəsənət fakültəsinin, universitetin müxtəlif mədəniyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etdi. Konservatoriyanın dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərovun, Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Xalq çalğı alətləri kafedrasınını müəllimi Zeynəb Yusifovanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovanın rəhbərlik etdiyi xarici tələbələrdən ibarət vokal qrupunun ifaları, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə "Yallı" rəqs qrupunun təqdim etdiyi rəqslər, şeir çələngi tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş etdi. Yubiley tədbirində universitetin tarixi inkişaf yolunu əks etdirən slaydlar, kitab sərgisi nümayiş olundu.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.7.