Uşaq kitab karvanı Astarada
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə F.Köçərli adına Respublika
Uşaq Kitabxanası "Uşaq
kitab karvanı cənub bölgəsində"
adı altında silsilə tədbirlər keçirir.
Bu tədbirlərdən biri
bu günlərdə Astarada
təşkil olundu. Xatırladaq ki, tədbir "Kitab
karvanı - İpək yolu ilə"
layihəsinin davamıdır.
Rayon mədəniyyət evinin
qarşısında bayramsayağı bəzədilən meydana toplaşmış məktəblilər,
onların valideynləri və müəllimlər Bakıdan gəlmiş
qonaqları, həmçinin uşaq
kitabxanasının işçilərini, şair
və yazıçıları alqışlarla
qarşıladılar.
Tədbiri giriş sözü ilə Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov
açaraq bunun böyük əhəmiyyət
daşıdığını, kitabla
bağlı maarifləndirmə işinin
gücləndirilməsində mühüm
rol oynadığını söyləyərək,
qonaqları rayon ictimaiyyəti adından
salamladı. Azərbaycan Yazıçı
Qadınlar Cəmiyyətinin sədri, yazıçı
Nüşabə Məmmədli, tanınmış şairlərdən
İlyas Tapdıq, Əlamdar Quluzadə, Qəşəm
İsabəyli, "Tumurcuq" qəzetinin
redaktoru Səməd Məlikzadə və
başqaları Astaraya gəlişlərindən
məmnun qaldıqlarını, keçirilən tədbirin
maraqlı və yaddaqalan
olacağını söyləyib, uşaqlar
üçün yazdıqları şeirləri
oxudular.
Astarada yaşayıb-yaradan qələm və söz
əhlindən Azərbaycan Yazıçılar Birliyinin üzvləri - İlham
İlhami, Faiq Həsənov,
Sakitə Əliyeva belə gözəl və əhəmiyyətli
tədbirin keçirilməsinə görə Respublika
Uşaq Kitabxanasının rəhbərliyinə
minnətdarlıq edib, uşaqlar
üçün yazdıqları şeirləri səsləndirdilər.
F.Köçərli
adına Respublika Uşaq
Kitabxanasının direktoru,
respublikanın əməkdar mədəniyyət işçisi Fizurə Quliyeva
çıxışında "Uşaq kitab karvanı"nın burada
keçirilməsinin rayonda böyük maraq və sevinc doğurduğunu, cənub
bölgəsinin mirvarisi kimi
məşhur olan Astaranın gözəlliyindən məmnun
qaldığını bildirməklə yanaşı, rayon MKS-in uşaq
şöbəsinə və filiallara 1000
nüsxə kitab, 2 ədəd kompyuter və fəal oxuculara
hədiyyələr etdi.
Tədbir çərçivəsində
"V Uşaq Kitab Bilik Bayramı" da keçirilib. Ən fəal oxuculara
MKS-in fəxri fərmanları və Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Rayon Komitəsinin qiymətli
hədiyyələri verildi.
Qabaqcıl mədəniyyət
işçisi Cəlal Mədətzadənin
rəhbərlik etdiyi "Sevinc"
xalq çalğı alətləri
ansamblının, müğənnilərin və oğlanlardan ibarət rəqs qrupunun
çıxışları tədbir
iştirakçılarında xoş ovqat yaratdı.
Azərbaycan.-2012.-
26 sentyabr.- S.7.