Özünüzü siqaretin ziyanından qoruyun
Dünyada tütün sənayesi hər il
bazara dörd trilyon ədəd siqaret
çıxarır və 80-100 milyard
arasında pul qazanır. Siqaretin
ziyanından danışıb qurtarmaq mümkün deyil. Yer kürəsində
1,2 milyard insan siqaret çəkir. Azərbaycanda isə müxtəlif mənbələrin
məlumatına görə, siqaret çəkənlərin
sayı 2 milyondan artıqdır. İkinci dünya
müharibəsində 50 milyon adam həlak olubsa,
yalnız siqaret hər il
planetdə 6 milyon insanın həyatına
son qoyur. Yəni, siqaret
hər on ildən bir dünya müharibəsində həlak
olanların sayı qədər insanı məhv edir. Bu, faciəvi
statistikadır.
Siqaretə qurşananlar üçün
bu rəqəmlər ola
bilər ki, bir o qədər də maraq kəsb
etməsin. Onlar tütündən
asılı vəziyyətə düşərək, öz həyatlarını canlarına
yazıqları gəlmədən aramsız olaraq
zəhərləyirlər. Siqaret həzmi və qan
dövranını çətinləşdirir, damarların elastikliyini, sinir sisteminin normal fəaliyyətini
pozur, mədə xorasının, insultun, infarktın, xərçəngin və onlarla başqa xəstəliyin yaranmasına səbəb
olur, insan ömrünü azı 8-10 il
qısaldır.
Dünyanın bir çox şəhərlərində
ictimai yerlərdə, təyyarə və
dəniz limanlarında, vağzallarda, iş yerlərində və hətta
açıq parklarda belə, siqaret çəkməyə
icazə verilmir, qanunu
pozanlar isə cərimə edilir. Onu da
qeyd edək ki, cərimələrin
məbləği simvolik xarakter
daşımır və ciddi təsir
qüvvəsinə malikdir.
"Sağlam bədəndə sağlam
ruh olar" deyiblər.
İnsan isə yaranışından üzü bəri həmişə zərərli
vərdişlərə aludə olur. Hər
bir insanın danılmayan istədiyi kimi yaşamaq haqqı var. Ona görə də siqaret çəkməyi kiməsə qadağan etmək mümkün
deyil. Lakin ölkə
və planetar miqyasda
düşünəndə həyəcan
təbilinin vurulması zərurətə çevrilir.
Belə ki gün
ölkədə yetkinlik yaşına çatan hər 100 gəncin 60-ı siqaret çəkir.
Yaşlıların da arasında siqaret çəkənlər kifayət qədərdir,
lakin yeniyetmələrin və
azyaşlı uşaqların, qadınların və
qızların arasında tütünə aludə
olanların sayının artması tendensiyaya
çevrilməkdədir. Bunun səbəbi
nədir? İlk
növbədə ictimaiyyət bu məsələnin
ciddiliyinin fərqinə varmır, KİV
isə bu mövzuya dərindən toxunmurlar.
Elektron KİV nadir hallarda tütünün
ziyanından danışır, mavi ekranlar siqaretin ziyanı ilə
bağlı heç bir
sosial reklam rolikləri
nümayiş etdirmirlər. Müasir dünyada inkişaf etmiş dövlətlərin
əksəriyyətində siqaretə qarşı aparılan
mübarizəyə cəmiyyətin demək olar
ki, bütün təbəqələri
qoşulurlar.
10-20
il bundan əvvəl orta məktəblərdə, universitetlərdə
açıq-aşkar siqaret çəkən
şagirdlərə, tələbələrə nadir hallarda rast gəlinərdi.
İndi isə təhsil ocaqlarında
müəllimləri ilə "çiyin-çiyinə"
siqaret tüstülədən tələbələrin
sayı-hesabı yoxdur.
Səhər tezdən
yuyulub süpürülən dayanacaqlar, küçə və meydanlar, xiyabanlar üzü axşama siqaret kötükləri, boş
qutularla dolaraq
cansıxıcı bir mənzərə
yaradırlar. Sanki hamı əlindən gələni
edir ki, gözəl bir şəhər zibilxanaya
çevrilsin.
Artıq Milli Məclisin deputatları siqaretlə
bağlı həyəcan təbilini vurdular,
məktəblərdən siqaret
köşklərinin uzaqlaşdırılması, ictimai yerlərdə siqaret
çəkilməsinə qadağanın qoyulması məsələsini
qaldırdılar. Gözlənilir ki, bu müzakirələr parlamentdə davam etdiriləcək.
Xatırladaq ki, hələ 2002-ci ildən qüvvəyə
minən "Tütün və tütün məmulatı haqqında" Azərbaycan
Respublikasının Qanununda cəmiyyəti
narahat edən əksər məsələlər
həllini tapıb. Reallıq nədən ibarətdir? Siqaret məmulatlarını satan
və ya alanlar demək
olar ki, yaş məhdudiyyətini gözləmir.
Yeniyetmələr metro girişində,
köşklərdə, küçələrdə,
ümumiyyətlə, şəhərin istənilən yerində
siqaret məmulatlarını almaqda heç bir "əziyyət" çəkmirlər.
Orta və ali məktəblərin
yaxınlığında, girişində qutu
və ədədlə siqaret satanlar var. "Tütün və tütün
məmulatı haqqında" Azərbaycan
Respublikasının Qanununda "Tütünün və tütün
məmulatının ticarəti" bölməsində tütünün və tütün
məmulatının 18 yaşına
çatmamış şəxslərə satılması
qadağandır. Bu qanunda
həmçinin siqaret,
papiros və siqarların ədədlə
satılması da yasaq
edilib. Qanun
satıcılara zəruri hallarda alıcılardan onların
yaşını təsdiq edən sənədi tələb
etmək hüququnu da
vermişdir. Qanunun 15-ci
maddəsinin beşinci bəndində birbaşa göstərilir: " Tədris, tərbiyə,
səhiyyə, sağlamlıq və mədəniyyət
obyektlərində, habelə uşaq və
yeniyetmələr üçün
malların satışı yerlərində tütün
məmulatının ticarətinə yol verilmir. Sonrakı bənddə
isə (15.6.) tütün məmulatının
ticarəti yerlərində siqaret çəkməyin
sağlamlığa zərərli təsiri bildirilir,
18 yaşına çatmamış şəxslərə tütün məmulatının
satışının qadağan edilməsi
nəzərdə tutulur.
Adı
çəkilən sənəddə birbaşa
göstərilir ki, tədris müəssisələri
müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə tədris
proqramlarına tütün məmulatının
istehlakının sağlamlığa zərərli təsiri
barədə mövzular daxil
etsin.
Maraqlısı odur ki, həmin qanunun
21-ci maddəsində Azərbaycan Respublikasında siqaret çəkməyin qadağan
olduğu yerlərin 4 bənddən ibarət
uzun bir siyahısı
var. Tədris, tərbiyə,
səhiyyə, sağlamlıq və mədəniyyət
obyektlərində, habelə idman
yarışları və başqa kütləvi
tədbirlərin keçirildiyi zallarda; inzibati binalarda fərdi iş otaqları və siqaret
çəkmək üçün müəyyən
edilmiş xüsusi
yerlər istisna olmaqla,
iş yerlərində; yüksək kateqoriyalı restoranlar, kafelər, barlar
istisna olmaqla, ticarət,
ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan
yaşayış binalarında və digər qapalı yerlərdə;
uzaq mənzilli sərnişin nəqliyyatında
xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat
növlərində siqaret çəkmək
qadağandır.
Təəssüf
ki, bu qanunu icra
etmirik. Bəs buna cavabdeh kimdir? Təhsil
müəssisələri, bələdiyyələr, icra hakimiyyətləri,
hüquq-mühafizə, vergi orqanları,
cəmiyyətin bütün təbəqələri
və nəhayət, hər birimiz! Kütləvi laqeydlik
kütləvi faciələrə səbəb olur.
Lakin bu faciələr
hər birimizin evində, ailəsində
müxtəlif xəstəliklərlə baş
verdiyindən biz itkilərin böyüklüyünü dərk etmir, tək öz dərdimizi
yaşayırıq.
Amma bilmirik ki, valideynləri siqaret
çəkən uşaqlar isə hələ
ana bətnində ikən tütünün
mənfi təsirlərinə məruz qalırlar. Atası siqaret çəkən uşaqlarda
ağır xəstəliklər iki dəfə
artıq olur, əqli inkişafdan
geri qalırlar. Yeniyetməlik
dövründə çəkilən cəmi iki
siqaret uşaqların 70%-ni sonralar tütünə aludə edir. Valideynləri siqaret
çəkən oğlan
uşaqlarının 67 %-i siqaretə
qurşanırlar. Ona görə də siqaret çəkənlər bilməlidirlər
ki, onların özləri öz
balalarının, ailəsinin düşməninə
çevriliblər. Siqaretin təbliğində laqeydlik
göstərən aidiyyəti qurumlar nə
qədər müqəssirdirsə, siqaret
çəkən valideynlərin günahı ikiqat
artıqdır, daha ağırdır. Çünki birinciləri özgələrinə,
ikinciləri isə öz doğma
övladlarına qənim kəsilirlər.
Elnur HADIYEV
Azərbaycan.-2012.- 26 sentyabr.- S.7.