M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin
açılış mərasimi olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir
Sentyabrın 26-da M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris
kompleksinin açılış mərasimi
keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Dövlət başçısı
filialın yeni tədris kompleksinin rəmzi
açılışını bildirən lenti kəsdi.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin rektoru akademik Viktor Sadovniçi və bu ali təhsil
ocağının Bakı filialının rektoru professor Nərgiz
Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat
verdilər ki, Xocasən qəsəbəsinin ərazisində
beş hektar sahədə yeni kompleksin tikintisinə 2010-cu ilin
iyununda başlanmışdır. Yeddi korpusun daxil olduğu tədris
kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində,
dünyanın tanınmış universitetlərinin təcrübəsinə
əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa
olunmuşdur. Kompleksə, həmçinin iki idman korpusu,
müəllim və tələbələr üçün
dörd yataqxana daxildir.
Bildirildi ki, hazırda filialın yeni
binasında beş fakültə üzrə 388 tələbə
təhsil alır. Onlardan 106-sı bu il həmin ali təhsil
ocağının tələbəsi adına layiq
görülmüşdür. Bununla yanaşı, 2012-ci ildə
23 nəfər magistraturaya qəbul olmuşdur. Beləliklə,
hazırda filialda təhsil alanların ümumi sayı 411 nəfər
təşkil edir.
Dövlət başçısı və
xanımı MDU-nun Bakı filialının beşmərtəbəli
yeni binasında yaradılmış şəraitlə
tanış oldular.
Bildirildi ki, bu ali təhsil müəssisəsinin
güclü maddi-texniki baza ilə təminatına xüsusi
diqqət yetirilmişdir. Bu ali təhsil ocağının
kitabxana fondunda 20 min ədəbiyyat vardır. Kitabxanada nadir nəşrlər
də yer almışdır. Elektron kitabxananın 100 nəfərlik
oxu zalı vardır. Tələbələr burada 21 mindən
çox kitabın elektron variantından istifadə edə biləcəklər.
Bu kitabxananın M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasına birbaşa çıxışı vardır.
Qeyd edildi ki, bütün ali təhsil
müəssisələri kimi, Moskva Dövlət Universitetinin
Bakı filialı da hər zaman maraqlı müzakirələrlə
yaddaqalan elmi şuraların, elmi diskussiyaların təşkili
ilə fərqlənir. Bu məqsədlə binada konfrans
zalı yaradılmışdır.
Məlumat verildi ki, yeni binadakı 70
auditoriyanın bəzilərində, eyni zamanda, 100 nəfər
tələbə tədris prosesində iştirak edə bilər.
Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində
köhnə Bakının və köhnə Moskvanın
görüntülərini əks etdirən fotosərgiyə
baxdılar.
Diqqətə çatdırıldı
ki, tələbə mərkəzinin də
yaradıldığı binada müəllimlər və tələbələr
üçün ayrıca yeməkxanalar fəaliyyət
göstərir. Burada həmçinin xarici ölkələrdən
və Azərbaycanın rayonlarından gələn müəllim
və tələbələr üçün hər cür
şəraiti olan yataqxanalar tikilmişdir.
Məlumat verildi ki, hazırda filialın yeni binasında 16 laboratoriya yaradılmışdır. Laboratoriyalarda müasir avadanlıq
quraşdırılmışdır ki, bu da
tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə
imkan verəcəkdir.
Filialda ən son proqramlarla təmin olunmuş kompyuter kabinetləri də fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham
Əliyev mərasimdə
çıxış etdi.
Azərbaycan.-2012.- 27 sentyabr.- S.1.