Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Əziz dostlar!
Hörmətli
qonaqlar!
Bu gün ölkəmizin
həyatında gözəl, əlamətdar gündür. Biz
MDU-nun Bakı filialının yeni binasını
açırıq. Bu gün bu
yaraşıqlı bina ilə tanış olarkən mən xəyalən
dörd il əvvələ, MDU-nun Azərbaycanda
filialının yaradılması haqqında sərəncam
imzaladığım vaxta qayıtdım. Əlbəttə ki,
bu sərəncam təsadüfi meydana gəlməmişdir.
Bundan əvvəl Rusiya tərəfi ilə
danışıqlar aparılmış və MDU-nun rəhbərliyinin
fəal dəstəyi ilə biz belə mühüm qərar qəbul
etmişik. Bu, Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi
prosesində, habelə Rusiya ilə Azərbaycan arasında ikitərəfli
dostluq münasibətlərinin möhkəmləndirilməsi
çərçivəsində, həqiqətən, əhəmiyyətli
qərar idi.
Bakıda MDU-nun
filialının yaradılması hüquqi cəhətdən
2008-ci ilin əvvəllərində sənədləşdirilmişdi.
Lakin artıq bir il sonra, 2009-cu ildə filial fəaliyyətə
başladı. Bina ayrıldı və yadımdadır, 2009-cu
ildə biz hörmətli Viktor Antonoviç ilə birlikdə
filialı açdıq. Orada çox gözəl
şərait yaradılmasına baxmayaraq, artıq o vaxt yeni
binanın tikilməsinin zəruriliyi ideyası meydana gəldi.
Çünki MDU dünyanın aparıcı təhsil müəssisələrindən
biridir və əlbəttə ki, bu cür təhsil müəssisəsinə
müstəqil, ayrıca bina lazımdır. Mən
şadam ki, uğurlu yer seçilmişdir. Bura şəhərin
mərkəzindən çox uzaq deyildir. Lakin Azərbaycan
paytaxtının sürətlə inkişafını və
bizim infrastrukturu təkmilləşdirmək
planlarımızı nəzərə alsaq, mən əminəm
ki, bir neçə ildən sonra bu yer daha çox məskunlaşacaqdır.
Bizim burada, bu zonada tələbə şəhərciyi
yaradılması ilə bağlı müəyyən
planlarımız vardır. Başqa sözlə, gələcəkdə,
yeni ali təhsil müəssisələri yaradılarsa, yəqin
ki, onlar burada yaradılacaqdır. Eyni zamanda, bəzi ali məktəblərimizin
bu zonaya köçürülməsi ilə bağlı
ideyalar da vardır ki, şəhərimizin infrastrukturunun tərəqqisində
məhz tədris-tələbə istiqamətini burada
inkişaf etdirək.
Mən çox
şadam ki, qısa müddətdə filial ölkəmizdə
böyük nüfuz qazanmışdır. Filialın rəhbərliyi
MDU-nun rəhbərliyinin dəstəyi ilə sıfırdan
başlayaraq artıq böyük nüfuz qazanmış və
gənclərin can atdığı ali təhsil müəssisəsi
yarada bilmişdir. Buradakı tədris prosesi,
kadrların seçilməsi sistemi, əlbəttə ki,
logistika infrastrukturu və avadanlıq təhsil
üçün gözəl şərait yaradır. Ən
başlıcası isə hazırda biz MDU-nun Bakı
filialının simasında Azərbaycanda dünya səviyyəli
ali təhsil müəssisəsi görürük.
Çünki artıq dediyim kimi, MDU
dünyanın nüfuzlu təhsil müəssisələrindən
biri, böyük ənənələrə malik universitet,
Rusiyanın aparıcı təhsil ocağıdır. Əlbəttə
ki, MDU-da tədrisin səviyyəsi onun filialının harada
olmasından asılı olmayaraq qoruyub saxladığı
standartdır. Bildiyimə görə, MDU-nun Bakı
filialında da təhsilin səviyyəsi çox yüksəkdir.
Bu
gözəl gündə, əvvələn, bir neçə
il ərzində, əslində sıfırdan müasir təhsil
müəssisəsi yaratmış MDU-nun rektoru, bizim
böyük dostumuz Viktor Antonoviç Sadovniçiyə,
universitetin Bakı filialının rektoru Nərgiz
Paşayevaya, habelə bütün həm yerli, həm də
moskvalı müəllimlərə təşəkkürümü bildirmək istəyirəm.
Artıq dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət
göstərir. Bu il ilk buraxılışı olmuşdur.
Lakin artıq bu gün biz nəticələri
görürük. Düşünürəm ki, yaxın illərdə
Azərbaycanda filialın məzunlarının fəaliyyətinin
nəticələrini görəcəyik.
Ölkəmiz
fəal surətdə inkişaf edir. Ölkəmizin həyatının
bütün sahələri dinamik inkişaf edir. İqtisadiyyat
dünya miqyasında ən yüksək templərlə
inkişaf edir. Əlbəttə,
qarşımızda duran bütün vəzifələri
gerçəkləşdirməyə nail olmaq
üçün bizə
ilk növbədə, peşəkarlar lazımdır.
Bütün sahələrdə peşəkarlar
lazımdır. Hansısa mühüm bir istiqamətə
peşəkar kadr gələn kimi, biz o saat müsbət
dinamika görürük. Çünki iş dərhal düzgün təşkil
edilir və biz dərhal peşəkarlıq, öz işinə
sədaqət görürük. Çünki müasir
dünyada bunsuz hər hansı bir ölkənin müvəffəqiyyət
qazanması çox çətin olardı. Müasir
dünyada ölkələrin uğurunu biliklər, elm,
texnologiyalar və təhsil müəyyən edir. Biz
şadıq ki, bu gün Azərbaycanda yüksək
savadlılıq səviyyəsini qoruyub saxlamağa nail
olmuşuq. Savadlılığın səviyyəsi faktiki
olaraq 100 faizdir. Biz təhsilin inkişafı üçün
çox iş görür və bu sahəyə olduqca
çox sərmayə yatırırıq. Son səkkiz ildə
Azərbaycanda təhsil xərcləri altı dəfə
artaraq 1,5 milyard manat səviyyəsinə
çatmışdır. Bu da büdcəmizin bütün məxaric hissəsinin on faizindən
bir qədər azdır. Yəni, Azərbaycanda təhsil xərcləri
müdafiə xərcləri ilə birinci və ikinci yerləri
bölüşür. Bu isə bizim
üçün məhz düzgün tədris prosesinin nə
qədər əhəmiyyətli olduğuna, Azərbaycan gənclərinin onlara
həyatda lazım olan bilikləri əldə edə biləcəkləri belə bir tədris sisteminin
yaradılmasının nə qədər əhəmiyyətli
olduğuna dəlalət edir.
Hər bir gənc
vəzifə tutmağa və yaxşı biliklərə yiyələnməyə
çalışır və ya
çalışmalıdır. Bazar iqtisadiyyatı, azad rəqabət,
açıq bazar və bütövlükdə dünyada rəqabət
şəraitində fundamental biliklər olmadan həyatda
öz yerini tapmaq bəzən çox çətin olur. Azərbaycanda
şəxsiyyətin inkişafı, öz yolunu sərbəst
seçmək üçün hər cür şərait
yaradılmışdır. Buna görə də gənclər
biliklərə yiyələnməyə can atmalıdır. Biliklər əldə
etmək üçün isə yalnız istək kifayət
deyildir. Tədris prosesi lazımi səviyyədə təşkil
edilməmişdirsə, tədrisin səviyyəsi
axsayırsa, tələbələr bilik qazanmağa nə qədər
can atsalar da, nəticə əldə etmək çətin
olacaqdır. Bax, MDU-nun Azərbaycandakı filialı çərçivəsində
biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə
gənclərin biliklərə yiyələnməyə can atdıqlarını
görürük.
Filial,
onun fəaliyyəti tədricən, mərhələ-mərhələ
yaradılmış və
inkişaf etmişdir. Əlbəttə, təkcə infrastruktur
və texniki tərəfi mərhələ-mərhələ
inkişaf etməmişdir, - dediyim kimi, biz bu gün gözəl
bir binanı açırıq, - həm də fakültələrin sayı ilbəil
artır. Bu da bizim ümumi istəyimiz idi. Biz bu gün də
Viktor Antonoviçlə bu məsələni müzakirə
etdik, qısa fikir mübadiləsi apardıq. Bir
daha demək istəyirəm ki, biz imkan daxilində fakültələrin
sayının artırılmasında maraqlıyıq.
Çünki birgə əməyimizin nəticəsi olan indi
gördüklərimiz
böyük nikbinlik doğurur. Əlbəttə,
fakültələrin sayının məhz ölkəmizin inkişafı
üçün daha mühüm maraq kəsb edən
istiqamətlər üzrə artırılması prioritet
olmalıdır.
Əminəm ki,
MDU-nun filialının yaradılması Azərbaycanda elmin
inkişafına yeni təkan verəcəkdir. Biz buna da
böyük əhəmiyyət veririk. Mən Elmlər
Akademiyasının illik toplantısında elmi ictimaiyyətlə
son görüşümdə də Azərbaycan elmi
qarşısında duran vəzifələr üzərində
kifayət qədər ətraflı dayandım.
Biz ölkəmizin
elmi potensialını hər vəchlə inkişaf etdirməliyik.
Əlbəttə ki, biz bütün məsələlərdə
müasir cəmiyyətin və müasir dünyanın
reallıqlarına əsaslanırıq. Biz
realistik. Əlbəttə ki, hansısa ciddi elmi tədqiqatlarda
Azərbaycanın model qanunvericisi olacağını gözləmək
sadəlövhlük və vaxtı qabaqlamaq olardı. Amma
bizim mütləq həll etməli olduğumuz məsələ dinamik inkişaf edən istiqamətlərdə
qabaqcıl elmi təcrübəni mümkün qədər
tez mənimsəməkdir. Bu barədə mənim tərəfimdən
müvafiq göstərişlər verilib.
Müasir
texnologiyalarsız heç bir ölkənin inkişafı
mümkün deyildir. Bu gün XXI əsrdə, XXI əsrin əvvəlində
bu, artıq müasir həyatın reallığına
çevrilib. Elmi araşdırmalarda liderlik edən ölkələr
dünyanın siyasi xəritəsində liderlik edəcəklər.
Ona görə də biz çox güclü intellektual
potensial yaratmalıyıq. Məsələn, biz bütün məktəblərin
kompyuterləşdirilməsi prosesini
yekunlaşdırırıq. İndi 30 şagirdə bir
kompyuter düşür. Amma 7-8 il əvvəl 2 min şagirdə
bir kompyuter düşürdü. Biz, hətta Azərbaycanın
ən ucqar regionlarında da internetə maneəsiz
çıxış imkanı yaradırıq. İndi Azərbaycanda
internet istifadəçilərinin sayı artıq 65 faizi
ötüb. Azərbaycanda internet azaddır.
Biz kosmik sənaye
yaradırıq. Bəziləri düşünə bilər
ki, Azərbaycan buna hələ tam hazır deyildir. Ancaq biz
kosmik sənaye yaradırıq, ilk süni peykimizi
buraxırıq. Gələcəkdə də bu istiqamətdə
işimizi davam etdirəcəyik. İnkişafın çox
mühüm istiqaməti olan informasiya-kommunikasiya
texnologiyaları sahəsi üzrə reytinqdə biz regionumuzda
lider mövqe tuturuq. Yəni, elmin inkişafı cəmiyyətin
inkişafı deməkdir. Ölkənin intellektual
potensialının inkişafı ölkənin gələcəyidir.
Bizim vəzifəmiz ölkəmizdə müşahidə edilən
dinamik iqtisadi artımı, dünya arenasında mövqelərimizin
möhkəmləndirilməsini çox böyük
intellektual potensialla gücləndirməkdən ibarətdir.
Bunun üçün bütün imkanlar vardır. İlk
növbədə, ənənələr mövcuddur. Azərbaycanda
sovet dövründə elm çox güclü inkişaf
etmişdir. Biz görkəmli alimlərimizlə fəxr edirik.
Sonra, təbii ki, tənəzzül oldu. Ancaq bu tənəzzül
yalnız bizdə deyil, bütün postsovet məkanında
baş verdi. Keçmiş SSRİ-nin praktiki olaraq,
bütün ölkələrində çox ağır iqtisadi
durum yaranmışdı. Elmi və pedaqoji elita ağır vəziyyətdə
idi. Biz hamımız cəmiyyətdə elmi ziyalıların
nüfuzunun təəssüf ki, aşağı
düşdüyü o çətin illəri
xatırlayırıq. O zaman sahibkarlıq fəaliyyəti ilə
məşğul olan insanlar, təəssüf ki, sosial
statuslarına görə ziyalılardan daha üstün vəziyyətdə
idilər. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri
var idi. Ancaq Azərbaycanın iqtisadi potensialı möhkəmləndikcə
elmə də, təhsilə də daha çox vəsait
ayrılır. Elmi işçinin, müəllimin hörmət
və nüfuzunu artırmaq bizim siyasətin vacib vəzifəsidir.
Biz buna doğru gedirik. Çox iş görülüb.
Moskva Dövlət
Universitetinin Azərbaycandakı filialı kimi belə
müasir elm mərkəzlərinin yaradılması, həmçinin
düzgün istiqamətə doğru addımdır. Biz gələcəkdə
də təhsilin inkişafına sərmayə
qoyacağıq. Biz məsələni kompleks şəkildə
nəzərdən keçiririk - məktəblərin tikintisi
və məktəbəqədər təhsil. Son illərdə
Azərbaycanda 2200, bəlkə daha çox məktəb
binası inşa edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər Bakıda təchizatına
və təmirinə görə bu səviyyədə olmasa
da, hər halda yüksək səviyyədə olmayan bir məktəb
də qalmayacaq. Əlbəttə ki, ali təhsil, bir daha demək
istəyirəm ki, bizim diqqət mərkəzimizdə
olan sahədir. Bu, sosial sferadır, iqtisadi sferadır, cəmiyyətimizin
əxlaqi-mənəvi əsaslarının
formalaşdığı sferadır. Bunlar əlbəttə
ki, ailədə yaranır. Amma istər məktəb, istərsə
də ali təhsil müəssisəsinin bu məsələdə
rolu böyükdür. Cəmiyyətimizin möhkəm
dayağı əxlaqi-mənəvi meyarlardır. Bizim cəmiyyətimiz
bu dəyərlərə əsaslanır. Biz bunları həm
iqtisadi potensialla, həm fəal xarici siyasi fəaliyyətimizlə,
həm də intellektual potensialla möhkəmləndirməliyik.
Bunsuz heç bir ölkənin uğurlu inkişafı
mümkün deyildir. Böyük təbii
resurslara, şaxələndirilmiş infrastruktur şəbəkəsinə
malik ola bilərsən, ancaq dinamika olmasa, ildən-ilə tərəqqiyə,
yeni texnologiyaları təkmilləşdirməyə və
inkişaf etdirməyə cəhd olmasa bu inkişaf, sadəcə,
ləngiyəcək, dayanacaqdır. Bu cür ölkələrin
vəziyyəti çox ağır olacaqdır.
Cəmiyyətin
intellektual inkişafı həm də cəmiyyətin
sabitliyidir. Əgər cəmiyyət yüksək intellektual səviyyədədirsə,
savadlıdırsa kənardan gətirilən heç bir
qüsurlu təzahürlər və meyillər heç vaxt
onu sarsıda bilməz. Müasir dünyada, xüsusən də, kifayət qədər
inkişaf etməmiş ölkələrdə, bir çox
problemlər məhz təhsilin
çatışmazlığı ilə əlaqəlidir. Bir
çox müharibələr, bir çox münaqişələr,
bir çox iğtişaşlar məhz təhsilin səviyyəsinin
son dərəcə aşağı olması ilə
bağlıdır. Bunu statistikada, hətta savadlılıq səviyyəsinə
görə aydın görmək olar. Savadlılıq
səviyyəsinin yüksək və aşağı
olduğu ölkələrdə onların iqtisadi və
intellektual potensialına baxsaq hər şey aydın olacaq:
savadlılıq səviyyəsi ölkənin inkişaf səviyyəsinə
və bu ölkələrdə baş verən proseslərə
tam müvafiqdir. Odur ki, bizim üçün təhsilin
yüksək səviyyəsi, Azərbaycan xalqının
intellektual potensialının yüksək səviyyəsi
ekstremizmə, populizmə, yalan vədlərə, kənardan təzyiqlərə
qarşı peyvənddir. Cəmiyyət nə qədər
çox savadlı və erudisiyalı olsa, o, bir o qədər
də özünü təmin edən, daha ləyaqətli və
hər cür gözlənilməz hallardan
sığortalanmış olacaqdır. Ona görə də bu
məsələlərin hamısı bir-biri ilə sıx
bağlıdır.
Çıxışımı
yekunlaşdıraraq demək istərdim ki, son nəticədə
bu proseslərin mərkəzində insan, vətəndaş
durur. Çox fəal sosial siyasətin həyata
keçirildiyi Azərbaycanda bizim bütün
planlarımızın, ideyalarımızın və nailiyyətlərimizin
mərkəzində insan dayanır. Təsadüfi deyil ki, bir neçə
il əvvəl mən "qara qızıl"ı insan
kapitalına çevirək" şüarını irəli
sürmüşdüm. Düşünürəm ki, biz bu
istiqamətdə istəyimizə nail ola biləcəyik. Yəni
ki, bu proses davam edir, bütün planlarımızın, sərmayələrin,
ideyaların mərkəzində insan, Azərbaycan vətəndaşı,
onun hüquqları, azadlıqları, rifahı, təhlükəsizliyi
durur.
Əminəm
ki, Moskva Dövlət Universitetinin Bakı filialı bundan sonra
da ən yüksək tələblərə cavab verəcək,
inkişaf edəcək, tələbələrin və
fakültələrin sayı artacaq və biz hamımız
sizin yeni uğurlarınıza sevinəcəyik. Sizi bir daha təbrik edirəm,
hamınıza uğurlar arzulayıram.
M.V.Lomonosov
adına MDU-nun rektoru akademik Viktor
SADOVNİÇİ çıxış edərək
dedi:
- Çox
hörmətli İlham Heydər oğlu!
Hörmətli
Mehriban xanım, Nərgiz
xanım! Hörmətli fövqəladə
və səlahiyyətli səfirlər!
Hörmətli
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir
İlyiç Tolstoy!
Zalda olan hörmətli həmkarlar!
Moskva Universitetinin əziz müəllimləri!
Ümumiyyətlə, bu auraya, Moskva Dövlət
Universitetinin Bakı filialının kampusuna həyəcansız
daxil olmaq mümkün deyildir. Bu, əsl həyəcandır,
çünki bu, əsl universitetdir.
Tarixdən məlumdur ki, uzun əsrlər
boyu universitetlər, məbədlər, məscidlər, kilsələr
müəyyən xalqların, müəyyən məkanın
və əlbəttə ki, dünyanın mədəniyyət
rəmzi olaraq qalır. Ona görə də
bu gün baş verən hadisə düşünürəm
ki, yalnız çağdaş deyil, gələcək tarixə
də daxil olacaqdır. Çünki burada
universitet, təhsil və elm məbədi inşa edilib.
İlham Heydər oğlu! Sizə
bütün bu dövr ərzində və indi də göstərdiyiniz
böyük dəstəyə görə çox dərin
minnətdarlığımızı bildiririk. 2007-ci ildə mən Sizinlə burada - Bakıda
görüşmək şərəfinə nail oldum,
filialın açılması barədə razılıq əldə
edildi. Artıq 2008-ci ilin əvvəlindən
onun inşası başladı və gözəl kampusun
yaradılması ilə yekunlaşdı. Bu,
bir növ yanaşma üsuluna, sakitliyinə, tələbələr,
elmi tədqiqatlar və tədris prosesi üçün
rahatlığına görə Moskva Universitetinin kampusunu
xatırladır.
Nərgiz xanım! Sizin
apardığınız işi mən yüksək qiymətləndirirəm.
Siz bu işə bütün qəlbinizlə
yanaşmısınız. Universitetlər
də elə bu cür tikilir, insan öz qəlbini, ürəyini
qoyur. Filial məhz belə tikilib. Mən yalnız binanı yox, sizin qəlbinizin zərrəsi
ilə yaradılmış onun strukturunu, universitetin
özünü nəzərdə tuturam. Çox sağ olun. Başa
düşürük ki, universitet tikmək nə deməkdir,
başqa universitetlərin, başqa filialların necə tikilməsini
də görmüşük. Sözsüz ki, sizin dəstəyiniz
və belə münasibətiniz olmasaydı, bu, ola bilməzdi.
Burada heyrətamiz uyğunluq
vardır. Burada dövlətin iradəsi
və görkəmli insan - Prezidentin iradəsi
özünü göstərir. Mən
Prezidentin çıxışına qulaq asdım və deməliyəm
ki, bu, əslində möhtəşəm mühazirə idi.
Şadam ki, bizim professorlar bunu eşitdilər.
Burada bizim təxminən 50-yə qədər
professor vardır. Çünki Rusiyada mən
belə danışmalı olanda, bir çoxları artıq
adət ediblər, düşünürlər ki, belə
lazımdır. Ancaq onlar bunları real həyata
keçirən dövlət liderini dinləyəndə isə
düşünürəm ki, bu, "kvadratdır",
riyaziyyatçıların dediyi kimi "N" dərəcəsindədir.
Əlbəttə, yaxşı olardı ki,
İlham Heydər oğlunun parlaq
çıxışından sonra Moskva Universitetinə
qayıdanda hisslərinizi, düşüncələrinizi həmkarlarınızla
bölüşəsiniz.
Siz təhsil, elm və bu sahələrdə
dövlətin siyasəti mövzusuna toxundunuz. Bu, Rusiya, xüsusilə də keçid mərhələsində
hər bir ölkə üçün çox aktualdır.
Biz həqiqətən də, keçmişdəki
münasibətlərimizlə fəxr edə bilərik. Bizim
elmi məktəblərimiz elmi mənada vahid olduğu dövrdə
mən fəal işləmək şərəfinə nail
olmuşam. Biz o zaman ayrı-ayrı dövlətlərdə
yaşadığımızın fərqinə
varmırdıq. Həmin riyaziyyat, kimya,
fizika, neft məhsullarının emalı üzrə məktəblər
dünya səviyyəsində olan məktəblər idi.
Azərbaycan universitetlərində işləyən
alimləriniz sözsüz ki, dünya elminin elitasına daxil
idilər. Həqiqətən də Siz
düz qeyd etdiniz ki, zaman ötür və o mərhələ,
ölkəmizdə, Rusiyada elm və təhsilə çox
güclü zərbə vurdu. Başqa ölkələrdə
də eyni böhranlı proseslər baş verdi.
Ancaq indi güc toplamağımız
üçün hər şey vardır.
İcazə verin, bir alim kimi deyim ki,
burada sanki iki səviyyə vardır. Sözsüz
ki, ümumi təhsil, məktəb, universitet təhsil səviyyəsi
ölkənin tərəqqisi və bu tərəqqini elmdə
tətbiq etməsi üçün zəruri şərtlərdir.
Əgər bu fundamental baza yoxdursa, heç
düşünmək lazım deyil ki, ölkə nəyəsə
nail olacaqdır. Mənə elə gəlir
ki, Siz ölkənizdə faktiki olaraq bu əsasların
yaradılması üçün indi hər şey edə
bilmisiniz. Növbəti mərhələ Rusiyada
da aktualdır. Bu, dünya səviyyəsində
olan inkişaf istiqamətlərinə şəraitin
yaradılmasıdır. İndi elm elə
inkişaf edir ki, potensialı müasir avadanlıqla təchiz
edilən, xarici ölkələrlə yaxşı əlaqələri
olan, ancaq necə deyərlər, elmdə qələbələr
üçün işləyən elmi məktəblərə
cəmləmək lazımdır. Belə
qrupların, belə laboratoriyaların, belə məktəblərin
yaradılması vəzifəsi Rusiyada da mövcuddur. Bir neçə misal demək istəyirəm. Əsl müasir dərmanların, bizdə artıq qəbul
edildiyi kimi alınması üçün deyil, yaradılması
üçün super hesablayıcılar. Onların
gücü petaflotlu və ya indi deyildiyi kimi, ekzaflotlu
olmalıdır. Belə super
hesablayıcılar dünyanın bir neçə ölkəsində
- Yaponiyada, ABŞ-da, Çində vardır. Moskva Universitetində rəqabət apara bilən
super hesablayıcılar mövcuddur. Baxmayaraq
ki, o maşınlar onlarla aparıcı universitetdə
vardır. Milyardlarla rubl sərmayə
qoyulan yalnız bu cür maşınlar yeni dərmanlar yaratmaq
və ya neft hasilatı, faydalı qazıntılarla
bağlı kəşfiyyat, həmçinin kosmosun tədqiqi
və sairə üçün hesablamalar aparmağa imkan
verir. Yəni, Rusiyada da potensialı bu
cür mütərəqqi istiqamətlərə yönəltmək
lazımdır. Əlbəttə ki, bu, vəsait
və siyasət tələb edir.
Təbii ki, dünyanın bir
çox ölkəsində gedən təhsil islahatları adətən
cəmiyyətdə müəyyən dəyişikliklərin
baş verməsinin əlamətidir.
Təhsil də dəyişir, təhsil
sistemində yeni islahatlar gedir. Hesablamışam
ki, Rusiyada tarixən, I Pyotrun dövründən indiyədək
50-yə yaxın təhsil islahatı cəhdləri olub.
Əgər təhsil
islahatı ölkənin mentalitetinə uyğunlaşırsa,
elmin və ya cəmiyyətin mentalitet bazasına əsaslanırsa,
dünya meyillərini müşahidə edirsə, yalnız o
zaman təhsil islahatının uğuruna nail olunur. Yalnız bu şərtlərin birləşməsi
zamanı islahatlar uğur qazanır. Öz
məktəblərini yaratmadan qısa müddətə istənilən
mənimsəmək, dəvət etmək cəhdləri
düşünürəm ki, uğursuzluğa məhkumdur.
Zənnimcə, doğru yol keçmiş ənənələrə,
mentalitetə və yaxşı elmi bazaya əsaslanan istiqamətlərin
yaradılmasıdır.
Moskva Universitetinin filialı, fikrimcə,
məhz bu rolu oynayır. Burada doğrudan da,
Moskva Universitetinin ən yaxşı professorları və
müəllimləri dərs deyirlər. Bu
gün Rusiya Akademiyasının çox sayda görkəmli
alimləri və akademikləri, professorları, Moskva
Universitetinin kafedra müdirləri burada - bu zaldadırlar.
Bu, o deməkdir ki, filial elita hazırlamağa və
gələcəkdə elmi avadanlıqla təchiz olunmaqla elmi
istiqamətlər yaratmağa, digər universitetlər və
Elmlər Akademiyası ilə əməkdaşlıq etməyə,
bu tərəqqini həyata keçirməyə qadirdir. Özü də ki, Rusiya və Azərbaycanın əməkdaşlığı
çox yaxşı səviyyədədir. Biz də, Moskva Universiteti olaraq filialın
inkişafına töhfə verməyə hazırıq.
Düşünürəm ki, filialda yeni istiqamətlərin
inkişafı və əsl fundamental elmin yaradılması
üçün zəruri və kifayət qədər şərtlər
vardır. Mən belə görürəm
ki, bir neçə ildən sonra biz filial tələbələrinin
nanotexnologiyalar, genlərin şifrələrinin
açılması barədə danışdığı
laboratoriyalar görəcəyik, onların fəaliyyətinin
hansısa elmi istiqamətlərə aid olduğunu eşidəcəyik.
Bu cür mütəxəssis hazırlığı
səviyyəsində bu, arzu deyil, reallıqdır.
Əlbəttə ki, universitet öz
kompleksi ilə güclüdür. O, çoxlu
fakültələrin olduğu və bu fakültələrin
bir-birini qarşılıqlı zənginləşdirdiyi təqdirdə
güclüdür. Təbiət fakültələri humanitar fakültələrə
daxil olur, öz metodlarını təqdim edir, humanitar elmlər
də təbiət fakültələrinə daxil olur, mütəxəssisləri
öz elmləri və yanaşmaları ilə zənginləşdirirlər.
Biz Moskva Universitetində 6 illik təhsilə
keçmişik və bu dırnaqarası artıq vaxt təbiət
və humanitar elmlərin bir-biri ilə
qarşılıqlı əməkdaşlığı
üçün sərf olunur. Görünür,
məhz gələcəkdə bu cür mütəxəssislər
elmin ən yüksək pilləsində dayanacaqlar. Onlar dar profilə malik mütəxəssislər
deyil, onlar qarışıq sahələri bilən, çox
geniş universitet dünyagörüşünə malik
mütəxəssislərdir. Bu mənada,
biz artıq Nərgiz xanımla danışmışıq,
yeni fakültələrin yaradılması, təbiət və
humanitar fakültələrin proqramlarının bir-birinə
qarşılıqlı daxil olması gələcəkdə
filialda təhsil səviyyəsini dərinləşdirəcək
və yeni mərhələyə çıxaracaqdır.
Moskva Universitetinin digər universitetlərdən
fərqli olaraq vəsait qazanmaq xatirinə açılan
filialı yoxdur. Bilirik ki, universitetlərimizin
Rusiyada və digər ərazilərdə açılan və
lazımi elmi potensialla təmin edilməmiş 1500-ə
yaxın filialı vardır. İndi ölkəmizdə
bu filialların sıxışdırılması üzrə
iş aparılır. Hətta konkret rəqəmlər
göstərilir. Nazirlik onların ixtisar
olunması vəzifəsini qarşıya qoyub. Yəqin ki, bu, düzgündür. Demək istəyirəm ki, Moskva Universiteti heç
vaxt bu cür məqsəd güdən filial yaratmayıb.
Bizim 5 dövlətdə 5 filialımız var və
bu filialların hamısı qarşılıqlı əməkdaşlıq
prinsipi əsasında yaradılıb. Yəni,
Moskva Universitetinin professorları dərs demək
üçün həmin ölkələrə, həmin
filiallara gedirlər, biz də onlardan baza, təcrübə, tələbələrin
yay tətili səfərləri kimi qarşılıqlı
fayda götürürük. Əslində,
bu, ödənişsiz tələbə filiallarıdır.
Məncə, bu, əməkdaşlığın
düzgün yoludur. Biz əməkdaşlıq
edib bir-birimizə kömək göstərməli, tarixi ənənələrimizi,
köklərimizi xatırlayıb bir-birimizə
danışmalıyıq. Biz filialın
yaradıldığı zaman biznes faydası güdməməliyik.
Əgər bu filial barədə
danışırıqsa mən onu universitetimizin mirvarisi hesab
edirəm. Moskva Universitetinin heç bir
filialı bu cür himayəyə, bu cür dəstəyə
malik deyildir. Bu, heyrətamiz birlikdir. Bakıya gələndə, filiala daxil olanda hiss edirsən
ki, burada bütün işlər düzgün
görülür.
Mən sizin təhsil siyasətinizdən
xəbərdaram. Şəhərin
siması heyrətamiz şəkildə dəyişir, yeni
universitetlər yaradılır, insanlar üçün
faydalı olan binalar, mehmanxanalar tikilir, sakinlər
üçün rahatlıq yaradılır. Əlbəttə ki, Moskva Universitetinin filialı belə
şəhərdə, belə ölkədə fəaliyyət
göstərəndə biz, təbii ki, bu əməkdaşlıqla,
ölkə rəhbərliyinin bu cür münasibətilə
fəxr edirik.
Bu gün biz bu binanı
açdıq. İlham Heydər oğlu! Sözsüz ki, bu, Sizin, dövlətinizin qələbəsidir.
Həm də bu, sözsüz ki, bizim
üçün, Moskva Universitetinin professorları
üçün də böyük sevincdir. Bu kampusda dərs demək, burada olmaq bizim
üçün çox xoş olacaqdır. Biz elə
işləyəcəyik, elə dərs deyəcəyik ki, tələbələr
iftixarla desinlər: "Biz Moskva Dövlət Universitetinin
Bakı filialını bitirmişik". Bir daha Azərbaycan
Prezidentinə, bu filialın yaradılmasında əməyi
olanların hamısına dərin təşəkkürümü
bildirirəm. Çox sağ olun.
Sonra MDU-nun Bakı filialının rektoru
professor Nərgiz PAŞAYEVA çıxış edərək
dedi:
- Hörmətli cənab Prezident!
Möhtərəm tədbir
iştirakçıları!
Cənab Prezident, ilk növbədə,
Sizin bugünkü gəlişiniz, nitqiniz və əlbəttə
ki, 2008-ci il yanvarın 15-də dünyanın
ən yaxşı ali təhsil müəssisələrindən
biri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
filialının Bakı şəhərində
yaradılması haqqında tarixi fərmanınıza görə
Sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm.
Çox sağ olun!
O vaxtdan dörd il keçib.
Bütün bu müddət ərzində biz
işləmişik, vicdanla işləmişik, xeyli uğurlu
nəticələr qazanmışıq. Bizdə beş fakültə fəaliyyət göstərir,
bizim ilk bakalavr buraxılışımız olub. Biz üç fakültədə magistratura
şöbələri yaratmışıq, tələbələrimizin
Moskvada yaxşı nüfuzu vardır. Onlar
bir çox beynəlxalq konfranslarda iştirak edir, əksər
olimpiadaların mükafatlarını qazanırlar. Onlar yaxşı tələbələrdir və
onlar da buna görə Sizə minnətdardırlar.
Çox sağ olun!
Ötən dörd il ərzində
Moskva Dövlət Universitetinin 940 professor və müəllimi
bizdə mühazirələr oxumuşdur. Bu, böyük rəqəmdir,
yəni Bakıya minə yaxın adam gəlib.
Bütün bu dörd il biz - həm Bakı, həm də
Moskva müəllimləri bir yerdə olmuşuq,
açıq, nəcib və şərəfli yolla, universitet
həyatı yolu ilə yanaşı addımlamışıq.
Hamımıza yaxşı məlumdur
ki, universitet həyatı sadəcə, kitab müdrikliyi
deyildir. Bu, ilk növbədə, əlbəttə
ki, şəxsiyyətlər və insanlar, onların
dünyagörüşü, həyata münasibəti,
mövqeyi, elmi potensialı, cəsarətli, bəzən də
çox yüksək intellekti deməkdir. Axı
alim ətrafımızda işıqlı məkan yaradan
insandır. Təsadüfi deyildir ki,
"intelligent" sözü Azərbaycan dilində
"ziyalı" deməkdir. Beləliklə,
alim ulduzdur, şölə saçan ulduzdur. Bu cür ulduzlar nə qədər çox olarsa, həyat
bir o qədər işıqlı olar, bütövlükdə
dünya üçün və bizim hər birimiz
üçün daha fərəhli olar.
Mən buraya toplaşan bütün alimləri
salamlamaq, onlara "çox sağ olun" demək və bir
daha vurğulamaq istəyirəm ki, universitetlər
bütün dövrlərdə təkcə insan biliklərinin
qoruyucuları və daşıyıcıları deyil, həm
də bəşər zəkasının və ürəyinin,
xeyirxah əməllərin qoruyucuları olublar. Siz
hamınız zəka və qəlbin gördüyü xeyirxah
əməllərin sahiblərisiniz. Çox sağ olun!
Bugünkü pedaqoq müasir həyata
düzgün istiqamətlənməlidir. O,
öz yetirməsinə, tələbəsinə düzgün
məsləhətlər verməyi bacarmalıdır. Həmin gənc gələcəkdə müasir, hər
gün dəyişən mürəkkəb cəmiyyətdə
və dünyada özünə düzgün yol seçməlidir.
O, düzgün vərdişlərə sahib olmalıdır. Onun bir çox həyati məsələlərə
yaxşı yanaşma tərzi olmalıdır. O,
doğru və ən başlıcası, düzgün qərar
qəbul etməyi bacarmalıdır. Bu vəzifələri
yerinə yetirmək mümkündür. Belə
ki, biz müəllimlər Qoqolun kiçik bir tezisini əsas
götürürük. O yazırdı:
"Yaxşı nümunə qaydadan daha
yaxşıdır". Yəni, biz öz
nümunəmizlə tələbələrə təhsilin,
müəllim sözünün əhəmiyyətini,
heç kimə pozmaq haqqı verilməyən universitet
qanunlarının və məcəllələrinin ədalətli
olduğunu nümayiş etdiririk. Beləliklə, biz
müəllimlər, öz nümunəmizlə gənc nəslə
düzlük, alicənablıq, aşkarlıq, əməyə
məhəbbət, ali dəyərlərə
sevgi aşılamaq istəyirik. Əlbəttə
ki, onlar Vətəni çox sevməlidirlər. Onlar öz ənənələrini dəyərləndirməlidirlər,
öz köklərini yaddan çıxarmamalıdırlar.
Onlar gələcəkdə öz Vətənlərini
şöhrətləndirməli, doğma Azərbaycan dilini,
gözəl Azərbaycan ədəbiyyatını və əlbəttə
ki, öz tarixlərini sevməlidirlər. Onlar
bütün özlərinə aşılamalıdırlar və
biz ali məktəbimizi bitirən tələbənin
təkcə yaxşı mütəxəssis deyil, həm də
yaxşı insan olması üçün əlimizdən gələni
etməyə çalışırıq. Bu,
bizim hamımız üçün çox önəmlidir.
Cənab Prezident, fürsətdən istifadə
edərək Sizə dövlətin onların ölkəni tərk
etmədən pulsuz təhsil almaları, dünyanın ən
nüfuzlu və ən yaxşı ali məktəblərindən
biri olan Moskva Dövlət Universitetinin diplomunu almaq imkanı
yaratdığına görə ali məktəbimizin
bütün tələbələri və onların valideynləri
adından bir daha təşəkkür etmək istəyirəm.
Cənab Prezident, mən bu minnətdarlıq sözlərini
şəxsən Sizə çatdırıram. Çox sağ olun!
Cənab Prezidentin və Viktor
Antonoviçin tamamilə doğru və düzgün qeyd etdikləri
kimi, bir vaxtlar fakültə seçimi cəmiyyətdə
fundamental elmlərin əvvəlki nüfuzunu bərpa etmək
arzusu ilə şərtlənirdi. Axı
böyük elmin sıraları bazar qanunlarının və
konyunkturanın təsiri və diktəsi ilə
dağılmamalıdır. Çox istərdik
vurğulayaq ki, burada təkcə tələbə
hazırlamağa deyil, həm də böyük elmə həvəs
göstərəcək, böyük elmdə qalacaq və bu
istiqamətdə özlüyündə çox zəngin olan
Azərbaycanımızın gələcəkdə də elmi
ictimaiyyətini və elm tarixini şöhrətləndirəcək
alimlər yetişdirməyə çalışırıq.
Biz bilirik ki, müasir dünya
texnologiya dünyasıdır. Biz
bilirik ki, dünyada xeyli elmi-texnoloji araşdırmalar baş
verir. Lakin qeyd etmək lazımdır ki,
istənilən texnoloji araşdırmalar, istənilən
texnoloji ideyalar, tədqiqatlar, hansısa istiqamətlər əvvəl-axır
bu və ya digər şəkildə humanitar problemlərlə
toqquşur, humanitar məsələlərdə qapanır.
Beləliklə, humanitar elmlər çox
vacibdir. Humanitar və texnoloji elmlərin
birliyi bu gün doğru birlikdir. Belə
ki, müasir dünya birmənalı deyil, o, çoxtərəflidir
və mənə elə gəlir ki, XXI əsr aliminin nəzər
bucağı çox geniş olmalıdır. O,
çox kompleksli olmalıdır. O, sırf texnar
olmamalıdır, o, sırf humanitar sahə alimi də
olmamalıdır. Elə məktəblər, elə
məkanlar yaratmaq lazımdır ki, humanitar məktəb və
texniki məktəb kimi iki böyük istiqamət birlikdə
işləsin, əməkdaşlıq etsin və hansısa
yeni kompleks yanaşmalar yaratsın. Bu, təkcə
hansısa elmi mənimsəmə deyil, eyni zamanda, müasir
dünyada bu gün baş verən hər şeyi mənimsəmə
yanaşması olmalıdır. Buna alimlərin
gücü çatar. Bu, alim
sözüdür və alimlər bütün dövrlərdə
gələcək barədə dəqiq xəbər verirdilər.
Alim sözü həmişə
özünü doğruldub və həmişə alimlərin
dedikləri müəyyən yollarla həyata keçib.
Mən, həmçinin bizim Bakı
filialının işçilərinə təşəkkür
etmək istəyirəm. Onlar ötən dörd il ərzində qüvvələrini əsirgəmədən
işləyiblər, bizim bütün fikirlərimizin,
bütün planlarımızın həyata keçməsi
üçün əllərindən gələni ediblər.
Mən onlara təşəkkür edirəm və bir daha qeyd
edirəm ki, əgər həmin məqsədyönlü
yanaşma, dövlətin dəstəyi olmasaydı, Prezident
özü şəxsən bizi dəstəkləməsəydi,
bütün bunlara nail ola bilməzdik.
Bizim böyük müəllim
potensialımız vardır. Biz hər
gün görkəmli insanlarla ünsiyyət saxlamaq şərəfinə
nail oluruq. Mən bunu şəxsən
özüm üçün xoşbəxtlik sayıram. Çünki hər gün işə gələrkən,
sadəcə, hansısa adət etdiyim işə gəlmirəm.
Mən şəxsiyyətlərin, bəzən
dahi şəxsiyyətlərin dəhlizlə
addımladığı yerə gəlirəm. Onlar adi
adamlar kimi gəzirlər, amma mən yaxşı bilirəm ki,
həmin adam adi deyil, xüsusi insandır. Onda elə keyfiyyətlər vardır ki, bunu
heç vaxt heç yerdə və heç kəsdə tapmaq
olmaz. Buna görə mən sizi çox
sevirəm. Sizin çəkdiyiniz zəhmətə
və bütün bu müddətdə bizim üçün,
tələbələrimiz və müəllimlərimiz
üçün etdiklərinizə görə təşəkkür
edirəm. Moskva Universitetinin bütün
müəllimlərinə təşəkkür edirəm.
İki il əvvəl
tikinti başlandı. İnşaat işləri
asan olmasa da, bizim hamımız üçün çox arzu
edilən idi. Nəhayət, tikinti başa
çatdı. Amma o, başa çatsa da,
biz yenə tikəcəyik. Biz sözün
əsl mənasında deyil, məcazi mənasında yenə
tikəcəyik. Biz gələcək
münasibətlərimizi, planlarımızı, perspektivlərimizi
quracağıq, biz hansısa təhsil, elmi
proqramlarımızı yaradacağıq, biz ümidlərimizi,
nəhayət, gələcəyimizi, əlbəttə ki,
universitetimizin gələcəyini quracağıq. Bu mənada, hesab edirəm ki, Bakı
filialının da xüsusi vəzifəsi vardır. Əməkdaşlar, insanlar bir-biri ilə
yaxınlaşırlar. Bu zaman elm
adamlarını bir-birinə yaxınlaşdırır. Rusiyanın və Azərbaycanın alimləri elmi
qarşılıqlı şəkildə zənginləşdirməklə
keçmiş, lakin təəssüf ki, itirilmiş elmi əlaqələri
yenidən bərpa edə bilərlər. Bu
da çox vacibdir. Bu vəzifə də bizim ali məktəbin
çiyinlərinə düşüb və Moskva
Universitetinin, rektor Viktor Antonoviçin köməyi ilə biz
həm dövlətin, həm sadə vətəndaşların,
həm də bu salonda əyləşən insanların
ümidlərini doğrultmaq üçün əlimizdən
gələni edirik. Çünki tələbələr
bizim müəssisənin əsas simalarıdırlar. Hər şey sizin xatirinizə, hər şey sizin
üçün edilir ki, bütün bunları
unutmayasınız.
Mən buraya toplaşanların
hamısına bir daha təşəkkürümü bildirmək
istəyirəm. Cənab Prezident, həddən
artıq məşğul olmağınıza baxmayaraq, bizə
xüsusi diqqət yetirib şərəfləndirdiyinizə, gəlib
kampusumuzu açdığınıza görə
bütün kollektivimiz adından Sizə bir daha təşəkkür
etmək istəyirəm. Bizə tez-tez gəlin! Mən bu kampusun tikintisi zamanı bizə kömək
edən, bizim üçün həyəcan keçirən,
bütün işlərimizin çox yaxşı
olmasını istəyən insanlara da minnətdarlıq etmək
istəyirəm. Mən bu gün buraya gəlib
təntənəmizə qatılan qonaqlarımıza da minnətdarlığımı
bildirirəm. Mənə elə gəlir
ki, böyük Hötenin sözlərini xatırlamaq
yaxşı olardı. O deyirdi: "Gənclik tezliklə
ötüb-keçən qüsurdur". Amma
universitetdə bu cür qüsurlar olmur. Universitetlər
gəncliksiz olmur. Burada gənclik
yaşayır və ötüb keçmir.
Universitetin astanasına ayaq basan hər bir
insan istər-istəməz öz gəncliyini, öz tələbəlik
illərini xatırlayır və bu məqamda o, yenə
Hötenin sözlərini demək istəyir: "Dayan, zaman, sən
çox gözəlsən". Ona görə də dayan, zaman, sən çox gözəlsən. Biz hamımız bir yerə
toplaşmışıq, bizim üçün əlamətdar
gündür, çox gözəl hadisə baş verib.
Bu hadisənin əhəmiyyəti həmişəlik
tarixdə qalacaqdır. Bu gün dostlarımız,
iş yoldaşlarımız bizimlədir. Azərbaycanın
Prezidenti bizimlədir. Düşünürəm ki, bu,
bizim ali təhsil müəssisəmizin
tarixində ən parlaq və ən yaxşı gündür.
Mən bir daha hamınıza təşəkkür
edirəm. Moskva Dövlət Universitetinə eşq olsun!
Onun Bakı filialı çiçəklənsin!
Yaşasın Azərbaycan!
Daha sonra Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva kompleksin əl oyunları
zalı, üzgüçülük hovuzu və trenajor
zalında yaradılmış şəraitlə tanış
oldular.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
27 sentyabr.- S.1-2.