Əli HƏSƏNOV: «Bu videomaterial Elşad Abdullayev kimi neqativ insanların qeyri qanuni yollarla hakimiyyət orqanlarına yol tapmaq istəyinin baş tutmamasının və dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir»

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Milli Məclisin deputatı Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibət bildirərək demişdir:

- Məlum olduğu kimi, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneə törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilmiş və sistemli xarakter almışdır. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir.

Dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və "mənsəb" qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaqyaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar.

Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.3.