Paskal MÖNYE: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo dəyişməlidir»

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 26-da Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov səfiri yeni təyinat münasibəti ilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Müstəqilliyin bərpasından sonra keçilən çətin, eyni zamanda, şərəfli yol, vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qalmış Azərbaycanın ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə inkişaf yoluna qədəm qoyması, ulu öndərin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sahəsində qazanılan uğurlar, demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbulu və onların tətbiqinin polisin gündəlik fəaliyyətində prioritet məsələlərdən olduğu diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, hüquq- mühafizə orqanlarının fəaliyyətinə dair yeni qanunvericiliyin işlənib hazırlanmasında  Avropa Şurasının ekspertləri kimi Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri də  yaxından iştirak etmişlər.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı məlumat vermiş, ölkəmizdə təhlükəsizliyin təminatı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən danışmışdır.

Ölkələrimiz arasında əlaqələrin böyük tarixə malik olduğunu, onların strateji xarakter daşıdığını, hər iki dövlətin ikitərəfli və beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini xatırladan nazir  fransız şirkətlərinin iqtisadiyyatımıza xeyli sərmayə yatırdığını, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Fransaya işgüzar səfərindən sonra dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.

Paskal Mönye təmsil etdiyi dövlətin regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirmişdir. Ölkəmizin Fransadakı səfirliyinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirakını xatırladan səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişilməsinin vacibliyini qeyd etmiş, fəaliyyəti dövründə bu problemin ədalətli həlli və ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.3.