Azərbaycan elə bir ölkəyə çevrilib ki, ona təzyiq etmək mümkün deyil

 

 Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində geniş nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərindən, aparılan siyasətin uğurlu nəticələrindən, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq əhəmiyyətli fikirlər səsləndirdi. Eyni zamanda, Azərbaycanın xarici siyasətinin strateji və taktiki məsələləri ilə əlaqədar tapşırıqlarını verdi.

Azərbaycan Prezidentinin tarixi faktlar, daxili və xarici siyasətin istiqamətləri, beynəlxalq münasibət və sosial-iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlər siyasətçilər, müstəqil ekspertlər tərəfindən yenə də yüksək qiymətləndirilir.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI  bildirir ki, artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərləri ilə görüş keçirərək öz tapşırıqlarını verir. Onun fikrincə, dövlət başçısının çıxışında bir neçə məqam öz əksini tapıb: "Birincisi, Azərbaycanın xarici siyasətinin ümdə vəzifələri nəzərdən keçirilib. Təbii ki, burada ilk məsələ Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün aradan qaldırılması istiqamətində xarici siyasət idarəçiliyinin fəaliyyətidir. Bununla bağlı dövlət başçısı əldə edilən uğurları çox dəqiq ifadə edib. Münaqişənin hüquqi, iqtisadi, mənəvi, psixoloji əsasları göstərilib. Hesab edirəm ki, Prezident Azərbaycanın xarici siyasətinin əsas strateji vəzifəsini dəqiq şəkildə ifadə edib, ulu öndər Heydər Əliyevdən başlanmış olan xarici siyasət konsepsiyamızın başlıca istiqamətini göstərib. Bu, müstəliq siyasətdir. Azərbaycan bu gün xarici siyasətini həyata keçirərkən hansısa bir üçüncü ölkəyə, beynəlxalq təşkilata üz çevirərək oradan təlimat almaq niyyətində deyil. Azərbaycan daha müstəqil siyasət yeridir. Ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də məhz Azərbaycanın müstəqil siyasət yürütdüyünün nəticəsidir".

O bildirdi ki, Prezidentin çıxışı siyasi, ideoloji və konseptual baxımdan proqram xarakterli bir çıxışdır. Bu çıxışda deputatlar, diplomatlar və xarici siyasətlə məşğul olan hər bir vəzifəli şəxs qarşısında çox ciddi vəzifələr qoyulub: "Prezidentin irəli sürdüyü tezislər bizim növbəti mərhələlərdə xarici siyasətimizin uğurlar əldə etməsində böyük rol oynayacaq. Xaricdə fəaliyyət göstərən səfirliklərimiz qarşısında vəzifələr qoyulmaqla bərabər, onların həlli ilə bağlı yollar da göstərilib. Bu da çox ciddi məsələdir. Prezident İlham Əliyev bir məsələyə ciddi önəm verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanın dünyadakı nüfuzu artır və BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi qələbəmizdir. Bu, tarixdə ən böyük siyasi və diplomatik qələbədir. Bu gün Azərbaycan xəritədə gənc bir dövlət kimi görünə bilər. Ancaq Azərbaycan əslində, çox qədim bir dövlətdir. Bu bölgədə Azərbaycan, xalqının böyük tarixi izi var. Azərbaycanın BMT TŞ-yə üzv seçilməsinin əsas göstəricisi odur ki, biz dövlətçilik tariximizdə belə yüksək zirvəni fəth etməmişdik. Düzdür, babalarımız tarixdə böyük uğurlar qazanıblar, ancaq müasir və ziddiyyətlərin kəsişdiyi bir dünyada dünyanı idarə edən əsas qurumun  üzvü olmaq tarixi nailiyyətdir".

Prezident, eyni zamanda, Azərbaycanın sürətli inkişafına da toxunub. Dövlət başçısı bildirib ki, bəzən dostlar bu inkişafı bir az azaltmağı məsləhət görürlər. Mübariz Qurbanlı isə hesab edir ki, həmin dost ölkələr bu sürətli inkişafın Azərbaycana qarşı kimlərdəsə qısqanclıq, paxıllıq hissi yaratdığını görürlər: "Ancaq Prezident İlham Əliyev çox dəqiq ifadə edir ki, biz öz yolumuzdan dönən deyilik və inkişafımızın sürətini azaldan deyilik. Bizim bir üstünlüyümüz də odur ki, kiminsə qarşısında özümüzü borclu saymırıq. Biz kiməsə borclu deyilik və kiminsə qarşısında öhdəliyimiz yoxdur. Öhdəliyimiz olan təşkilatlarda isə nüfuzumuz var. Nüfuzumuz olan təşkilatlardan da səmərəli istifadə edirik. Məhz buna görə dövlət başçısı nitqində bu məsələyə ciddi önəm verib: "...Azərbaycan o ölkəyə çevrilibdir ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyildir. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir...". Bəli, bu gün Azərbaycanın düşmənləri var. Erməni lobbisi, Ermənistan hakimiyyəti və erməniləri himayə edən siyasətçilər düşmənlərə dəstək verirlər. Bir sıra beynəlxalq təşkilatlarda erməni lobbisinin dəstəyi ilə siyasətdə qalan şəxslər var. Seçkilərdə ermənilərdən aldıqları pullarla öz kampaniyalarını qururlar. Onlar hər yerdə Azərbaycana qarşı qarayaxma ilə məşğul olurlar. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərəzli bəyanatların qəbuluna çalışırlar. Prezident isə qəti olaraq bildirdi ki, hər hansı bir şantaj bizi geri çəkilməyə məcbur edə bilməz.

Deputat, eyni zamanda, qeyd edib ki, son günlərdə Ramil Səfərovun vətənə qayıtması və əfv olunması ilə bağlı bizə qarşı çoxlu sayda şantajlar oldu. Ancaq Azərbaycan geri çəkilmədi və bu kampaniyanı aparan şəxslər layiqli cavablarını aldılar. Ölkə ictimaiyyəti dövlət başçısına həmrəylik nümayiş etdirdi. YAP-ın təşəbbüsü ilə 18 siyasi partiyanın bəyanat qəbul etməsi həmin dairələrə çox ciddi bir xəbərdarlıq idi: "Yəni Azərbaycanı kimsə milli maraqlar baxımından bölə bilməyəcək, ölkənin milli maraqları ortada olduqda cəmiyyət bir yumruq kimi birləşib, öz prezidentinin ətrafında dayanacaq və müqavimət göstərəcək".  

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.4.