Azərbaycanda
keçirilən «Türkiyə həftəsi»nin əsas məqsədi ölkələrimizin
münasibətlərinin inkişafına dəstək verməkdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı
ilə ölkəmizdə "Türkiyə həftəsi"
çərçivəsində tədbirlərin yekunu ilə
bağlı mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, SAM-ın
direktoru Fərhad Məmmədov "Türkiyə həftəsi"
çərçivəsində Gəncə, Lənkəran və
Ağdamda keçirilən tədbirlər barədə məlumat
vermişdir. Bildirilmişdir ki, bu tədbirlərin
keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan
münasibətlərinin inkişafına dəstək vermək,
qarşılıqlı olaraq Azərbaycan və Türkiyə
ictimaiyyətini bu istiqamətdə məlumatlandırmaqdır.
Vurğulanmışdır ki, qonaqlar Ağdamda məcburi
köçkünlərlə görüşmüş,
onları narahat edən məsələlərlə
maraqlanmışlar.
Qeyd edilmişdir ki, tədbirlərdə
Türkiyə dövlət xadimlərinin, ekspertlərin Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı fikirləri bizim
üçün böyük əhəmiyyət
daşıyır. Bu görüşlərdə Türkiyə-Ermənistan
sərhədlərinin açılması ilə bağlı
müxtəlif təşkilatların apardığı fəaliyyətlər
də təhlil olunmuşdur.
F.Məmmədov qeyd etmişdir ki, SAM iki
il əvvəl Türkiyə Xarici İşlər Nazirliyi
yanında Strateji Araşdırmalar Mərkəzi (TXİN SAM)
ilə əməkdaşlıq memorandumu imzalamış və
ötən ilin oktyabrında Türkiyənin beş şəhərində
"Azərbaycan həftəsi" keçirilmişdir.
Rəhbərlik etdiyi qurumun gələcək
fəaliyyətinə toxunan F.Məmmədov cari ildə
TXİN SAM ilə birgə bir sıra tədbirlərin
keçiriləcəyini, SAM-ın bu sahədə yeni layihələr
planlaşdırdığını da
vurğulamışdır.
TXİN SAM-ın direktoru Bülənt
Aras qardaş ölkələrimiz arasındakı əlaqələrin
inkişafından danışmışdır. O demişdir
ki, son dövrdə əlaqələrimiz bir-birinə sürətlə
inteqrasiya edir. Beynəlxalq siyasətdə bu, özünü
daha çox göstərir. Siyasi və iqtisadi əlaqələr
daha da güclənir.
B.Aras demişdir ki, Türkiyədə
"Azərbaycan həftəsi", Azərbaycanda isə
"Türkiyə həftəsi" çərçivəsində
keçirilən tədbirlərdən müsbət nəticələr
əldə edilmişdir. Gələcəkdə hər iki
qurumun birgə təşkilatçılığı ilə
mütəmadi tədbirlər keçiriləcəkdir.
Ermənistan-Azərbaycan münaqişəsinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
təmsil etdiyi qurumun gördüyü işlərdən
danışan B.Aras qeyd etmişdir ki, TXİN SAM bu sahədə
bir sıra tədbirlər həyata keçirir.
Türkiyə Böyük Millət Məclisinin
deputatı Tülay Salamoğlu bildirmişdir ki, bu il ölkəsində
Xocalı soyqırımı ilə bağlı həyata
keçirilən maarifləndirmə xarakterli aksiyada ictimaiyyət
bu barədə geniş məlumatlandırılmışdır.
Xocalı faciəsi insanlığa qarşı cinayətdir və
bunu dünyaya bəyan edəcəyik. Sonda jurnalistlərin sualları
cavablandırılmışdır.
Azərbaycan.-2012.-
27 sentyabr.- S.4.