İdman və
bədən tərbiyəsi sosial siyasətin
mühüm istiqamətidir
Kütləvi idman
və Azərbaycan təcrübəsi
İdman və bədən tərbiyəsi sosial siyasətlə vəhdətdədir
Bu fikirlər fəlsəfi
yüklə yanaşı, həm də bir
həqiqəti agah edir
ki, insanın sağlamlığı, ilk növbədə, onun fiziki tərbiyəsindən keçir.
Elə buna görə də fiziki və həm də mənəvi
sağlamlığa xidmət hərəkətlərin məcmusu
olaraq böyük təkamül
yolu keçən idman
və bədən tərbiyəsinin hələ qədim və
antik dövrlərdən cəmiyyətin
zəruri tələbatı kimi özünü göstərməyə
başlaması təsadüfi sayılmamalıdır. İdman və bədən tərbiyəsi nəzəriyyələrində,
elmi ədəbiyyatda bu
anlayışlar həm dar, həm də geniş mənalarda işlədilir. Bədən
tərbiyəsi və idman dar
(məhdud) mənada şəxsiyyətin mədəniyyətinin
bir hissəsi olmaqla,
insanın öz hərəkət fəaliyyətindən
səmərəli istifadə edərək fiziki
keyfiyyətlərinin inkişaf etdirilməsi
kimi başa düşülür. Geniş
mənada isə idman və bədən tərbiyəsi
cəmiyyətin mədəniyyətinin üzvi
hissəsi kimi insanların fiziki
imkanlarının inkişafının təmin edilməsinə
yönəldilmiş, elmi, texniki
və təcrübi nailiyyətlərin vəhdəti nəticəsində
yaradılmış xüsusi vasitə və
üsul anlamında qəbul olunur.
Lakin nə cür başa düşülməsindən və qəbul
edilməsindən asılı olmayaraq, müasir dünyamızı idmansız təsəvvür
etmək mümkün deyil.
Əvvəldə də qeyd etdiyim kimi, idman
və bədən tərbiyəsi fiziki
sağlamlıqla yanaşı, insanları mənəvi
ucalığa, ədalətə və dostluğa
dəvət edir. İdman
və bədən tərbiyəsi həm də insanlarda həyata nikbinlik
yaradır, onlara yaşamaq
eşqi, zövq və
istirahət verir. Beləliklə, idman və bədən tərbiyəsi sosial siyasətin özünəməxsus bir sahəsi kimi özünü göstərməyə
başlayır.
Sosial siyasət sivil
cəmiyyətlərdə dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil
edir. Şəxsiyyətin və cəmiyyətdəki
qrupların sosial tələblərini təmin
etmək məqsədi daşıyan bu
siyasət sosial müdafiəni, məşğulluq,
əmək şəraitinin
yaxşılaşdırılması, əhalinin
sağlamlığının qorunması, asudə vaxtın təşkili
kimi vəzifələri yerinə yetirir. Bütün
dövrlərin ən maraqlı fenomeni olan idman və bədən
tərbiyəsi cəmiyyətin bütün
sosial qruplarına nüfuz
etdiyi, insanların əmək və həyat
fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi
dəyərlərə, hətta millətlərarası və
dövlətlərarası münasibətlərə güclü təsir göstərdiyi üçün hər bir
sivil ölkədə sosial
siyasətin prioritet istiqamətlərindən
birinə çevrilib.
Ümumiyyətlə,
idman və sosial siyasət
məsələsi həmişə alimlərin diqqət mərkəzində
olmuşdur. Bu sahədə
aparılmış çoxsaylı tədqiqatlar belə nəticəyə
gətirib çıxarmışdır ki,
idman sosial siyasətin
bir qoludur. Lakin burada məsələyə
bir kontekstdən yanaşmaq
olmaz. Birincisi, idman və bədən tərbiyəsi hər
şeydən əvvəl insanın sağlamlığı ilə
bilavasitə əlaqədardır. İdmanla
məşğul olub yüksək idman ustalığına yiyələnənlər
üçün idman
peşəyə, sənətə çevrilir.
Deməli, idman əmək və məşğulluq
problemi ilə də bağlıdır ki, bu da
sosial siyasətin məşğul olduğu əsas məsələdir.
İkincisi, sosial siyasət
üzrə mütəxəssislərin fikrincə, idman ayrıca fərdlərin və ya komandaların fiziki, intellektual bacarıqlarının, eləcə
də hazırlıqlarının qarşı-qarşıya qoyulub mübarizədə müqayisəsinin sosial forması və sahəsidir. Belə
mübarizə cəmiyyət tərəfindən qəbul olunur, bəyənilir. İdman
fəaliyyəti müxtəlif idman
yarışlarına hazırlıq və bu
yarışlarda iştirak prosesində nəticə
qazanmağa yönəlir.
Üçüncüsü isə, idman və
bədən tərbiyəsi çağdaş
dünyamızda irqindən, dinindən və milliyyətindən
asılı olmayaraq, insanlar
arasında sosial bərabərliyin əsas
tərənnümçüsünə çevrilmişdir.
BOK-un "İdman və
siyasət" mövzusunda Lozannada keçirilmiş
toplantısında qəbul edilmiş qərarda
bildirilirdi ki, "Beynəlxalq
Olimpiya Komitəsi və beynəlxalq federasiyalar idmana siyasi, irqi və dini motivlərə görə hər cür qarışmanın əleyhinə
mübarizə aparacaqlar".
Bütün bunlarla
yanaşı, əgər dövlət öz
idmançılarının nailiyyətlərini qiymətləndirirsə,
bu, sosial qrup kimi ayıra biləcəyimiz
idmançıların və idman mütəxəssislərinin
sosial müdafiə və sosial
təminatı problemlərinin həlli kimi
təzahür edir.
Nəhayət, idman asudə vaxtın səmərəli təşkilində
əvəzsiz bir vasitədir. Göründüyü kimi,
idman və bədən tərbiyəsi sosial siyasətlə çoxşaxəli və
qırılmaz vəhdətdədir. Buradan
da belə nəticəyə gəlinir ki, idman və bədən
tərbiyəsi sosial siyasətin
özünəməxsus bir sahəsidir.
Sağlam həyat tərzinin təmini Azərbaycanda
sosial siyasətin əsasını təşkil
edir
Rus alimi L.İ.Lubışeva cəmiyyətin
inkişafında idmanın sosial rolunu öyrənərkən belə qənaətə
gəlmişdir ki, XXI əsrin əvvəllərində
idmanın müasir cəmiyyətdəki rolunu kifayət qədər qiymətləndirən
dövlət və dövlət başçıları o qədər də çox
deyildir. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki,
Azərbaycanın bu sahədə bəxti
gətirmişdir.
Ulu öndər Heydər Əliyev
idmanın və bədən tərbiyəsinin cəmiyyətdə
oynadığı rolu həmişə
qiymətləndirmiş, bu sahəni daim özünün şəxsi
diqqət və qayğısı altında saxlamışdır.
Ümummilli liderin layiqli siyasi varisi Prezident İlham Əliyev də bu
siyasəti davam etdirərək Azərbaycan
xalqının fiziki-mənəvi sağlamlığına
çalışır, idman və bədən
tərbiyəsinin inkişafı və kütləviliyinin təmin
edilməsi sahəsində kompleks tədbirlərin
həyata keçirilməsini diqqətdə saxlayır.
Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda əhalinin sağlam
həyat tərzinin təmin olunması məqsədi ilə hər
bir vətəndaşın bədən tərbiyəsi
və idmanla məşğul olması üçün şəraitin
yaradılması, xəstəliklərin, zərərli vərdişlərin
aradan qaldırılmasında bədən
tərbiyəsi və idman vasitələrindən
istifadə olunması, respublikanın şəhər və
rayonlarında idmanın mövcud maddi-texniki bazasının qorunub
saxlanılması və beynəlxalq standartlara
uyğunlaşdırılması, yüksək dərəcəli
idmançıların beynəlxalq miqyaslı
yarışlarda respublikamızı şərəflə təmsil
etməsi üçün lazımi şəraitin
yaradılması, bədən tərbiyəsi və idmanın
inkişafının elmi əsaslar üzərində
qurulması, səhhətində qüsuru
olan gənclərin bədən tərbiyəsi,
idman və sağlamlıq bölmələrində
sərbəst məşğul ola bilməsi,
idmançıların sosial müdafiəsi
və digər məsələlərin həlli ilə
bağlı nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi sosial
siyasətin əsasını təşkil edir.
İdman sosiologiyası istiqamətində
araşdırmalar isə göstərir ki,
bugünkü həyatımızın
"idman və gənclik", "idman və tərəqqi", "idman və humanizm",
"idman və şəxsiyyətin hərtərəfli
inkişafı", "idman və
kütləvi tamaşalar", "idman və mədəniyyət", "idman və ekologiya",
"idman və qadın" kimi sosial məsələləri
də qarşılıqlı vəhdətdədir. Bu da Azərbaycan dövlətinin
sosial siyasətinin əsas qollarından birinin daim dövlət
qayğısı ilə əhatə olunduğunu
təsdiqləyir.
Azərbaycanın
elmi əsaslar üzərində qərar tutan sosialyönümlü
inkişaf strategiyası insan
amilinin yüksəlişinə xidmət
edən çoxşaxəli islahatları uğurla
gerçəkləşdirmək və hər bir
fərdin maraq və mənafeyini yüksək
səviyyədə reallaşdırmaqla yanaşı, əhalinin
sağlam həyat tərzinin təmin
olunmasına istiqamətlənmiş sosial
siyasəti uğurla həyata keçirmək
imkanı vermişdir. Hazırda vətəndaşların
etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi
sağlamlığının, elmi-intellektual
yüksəlişinin təmini bu siyasətin
prioritet xəttinə çevrilərək
yüksək humanizm və insanpərvərlik
kimi ideallara söykənmişdir.
Prezident İlham Əliyev
bazar iqtisadiyyatı şəraitində
"sosial dövlət"
konsepsiyasına daim üstünlük
verərək bu yolda
atılan bütün addımlarda məhz
əhalinin rifahı, sağlamlığı və
firavanlığı məsələlərini ön
planda saxlayır. Artıq Azərbaycanın
insan inkişafı sahəsində mühüm uğurlar
qazandığını əksər beynəlxalq təşkilatlar
da etiraf edirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının hər il üçün
açıqladığı "İnsan
İnkişafı Hesabatı" respublikamızın insan inkişafı indeksinə görə
yüksək nəticələr əldə etdiyini
bir daha təsdiqləyir.
Bu gün müstəqil Azərbaycanın
bədən tərbiyəsi hərəkatı
qarşısında fiziki tərbiyə sistemini yüksək səviyyədə
qurmaq, insanın sağlamlığını möhkəmləndirmək
naminə bədən tərbiyəsi vasitələrindən səmərəli
istifadə etmək, idmanımız üçün müasir
milli baza yaratmaq və onu xalqın məişətinə daxil
etmək kimi mühüm vəzifələr durur. Azərbaycan
dövləti idmanın və bədən tərbiyəsinin
kütləviliyini təmin etmək üçün
bütün addımları atır. Prezident İlham Əliyevin
təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında
qarşıya qoyulan vəzifələr sırasında ölkədə
bədən tərbiyəsi və idmanla bağlı
mühüm məsələlərin öz əksini
tapması bunu təsdiq edir. Prezident İlham Əliyev Azərbaycanın
hər yerində idmanla məşğul olmaq üçün
müasir tələblərə cavab verən idman
infrastrukturunun formalaşdırılmasını mühüm
vəzifələrdən biri kimi müəyyənləşdirib.
Təsadüfi deyil ki, ötən 12 ildə ölkəmizin
iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun
olaraq idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi
yolunda daha böyük işlərə başlanılıb.
Müasir idman infrastukturunun yaradılması istiqamətində
aparılan işlər geniş vüsət alıb. Bunun nəticəsi
olaraq əksər bölgələrdə olimpiya idman kompleksləri
tikilib. Hətta cəbhə xəttinin bir neçə
kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində
möhtəşəm idman qurğusu
idmançılarımızın istifadəsinə verilib.
Azərbaycan qanunvericiliyində də
idman və bədən tərbiyəsinin kütləviliyinin təmin
olunması ilə bağlı bütün məsələlər
öz əksini tapıb. Ölkədə bədən tərbiyəsi
və idman hərəkatını istiqamətləndirən,
kütləviliyi təmin edən əsas sənəd "Bədən
tərbiyəsi və idman haqqında" qanundur. Azərbaycan
vətəndaşları qanunvericiliyə əsasən peşəkar
idman klubları və assosiasiyaları yaratmaq, bədən tərbiyəsi
və idman təşkilatlarına, ayrı-ayrı şəxslərə
pullu xidmət göstərmək, idman təyinatlı məhsulların
istehsalı ilə məşğul olmaq, idman qurğuları
və tikililərini, digər idman vasitələrini əldə
etmək, icarəyə vermək hüququna malikdir.
Bütün bunlar idmanın kütləviliyinə xidmət edən
mühüm məsələlərdir.
İdmanın inkişafında
ictimai sektorun və federasiyaların rolu
Artıq hər
kəsə bəllidir ki, idman ümummilli dəyərə
çevrilib. Hər bir dövlətin məqsədlərindən
biri mövcud idman ənənəsini qoruyub inkişaf etdirmək
olmalıdır. Lakin bu məqsədin həyata keçirilməsini
təkcə dövlətə şamil etmək yanlış
mövqedir. Daxili siyasət çərçivəsində
idmana qayğı hamının, hər kəsin, hər bir
sosial qrupun, təşkilatın və hətta siyasi
partiyanın borcudur.
Məqsədi ulu öndər Heydər Əliyevin ölkənin
sosial-iqtisadi, mədəni tərəqqisi,
xalqın maddi rifahının
yaxşılaşması naminə müəyyən etdiyi siyasətin və ideyaların həyata
keçirilməsinə dəstək vermək, bu işə xidmət edən
genişmiqyaslı proqramların həyata keçirilməsinə
kömək etmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq olan
Heydər Əliyev Fondunun başlıca məramlarından
biri idmana diqqət və
qayğı göstərməkdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək
tikilən 300-ə yaxın məktəbin əksəriyyətində
idman meydançaları, lazımi
avadanlıqla təchiz olunmuş idman salonları yaradılmışdır. Uşaqlar və gənclər arasında
idmanın təbliğini diqqətdə saxlayan
Fond Azərbaycanda keçirilmiş
bir çox
yarışlara hamilik etmişdir.
Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
"Prezident Kuboku"
Beynəlxalq şahmat festivalı da Fondun dəstəyi ilə
keçirilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 2008-ci il sentyabrın 2-də müstəqillik
dövründə Olimpiya
Oyunlarının medallarını qazanmış
idmançılarla keçirdiyi görüş də Fondun
idmanın inkişafı ilə bağı həyata
keçirilən dövlət siyasətinə verdiyi
töhfənin bariz təcəssümüdür.
Pekin Yay Olimpiya Oyunlarında medal
qazanmış idmançılarımız həm dövlət,
həm də Milli Olimpiya
Komitəsi tərəfindən
mükafatlandırıldılar. Heydər Əliyev Fondu isə Olimpiya
Oyunlarının medalçılarını xüsusi
mükafatla - Fondun fərdi
təqaüdçüsü adını verməklə
mükafatlandırdı. Həmin idmançılarla
görüşdə Mehriban xanım Əliyeva
təkcə Pekində deyil, ölkəmiz
dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün Olimpiya Oyunlarında iştirak
edən və medal qazanan
idmançıları Heydər Əliyev Fondunun
təqaüdçüsü elan etdi.
Müstəqillik
illərində Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan
idmançıları da Heydər Əliyev
Fondunun aylıq təqaüdlərinə
və diplomlarına layiq
görülmüşlər. 2008-ci il
sentyabrın 26-da Sidney, Afina
və Pekin paralimpiya
oyunlarında medal qazanmış
idmançılarla görüşən Mehriban
xanım Əliyeva onları da Heydər Əliyev
Fondunun təqaüdçüsü elan etmişdir. Heydər Əliyev
Fondunun fəaliyyətə başlamasının
8 illiyi ilə bağlı keçirilən
mərasimdə Fondun təsis etdiyi "Qızıl çinar"
beynəlxalq mükafatının ikiqat paralimpiya, üçqat dünya çempionu İlham Zəkiyevə verilməsi Heydər Əliyev
Fondunun Azərbaycan idmanının
inkişafına və təbliğinə göstərdiyi xidmətin
təcəssümüdür.
Barselona, Atlanta, Sidney, Afina, Pekin Yay Olimpiya
Oyunlarında və Paralimpiya Oyunlarında
medal qazanmış idmançılara Heydər
Əliyev Fondunun fərdi təqaüdçüsü
adının verilməsi Heydər Əliyev Fondunun
Azərbaycan idmanının inkişafına diqqət və
qayğısının, bu istiqamətdə
həyata keçirilən dövlət siyasətinə verdiyi töhfənin bariz
nümunəsidir. İnanırıq ki,
Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü
kimi şərəfli adı
daşıyan idmançılarımız həm peşəkar
idmançı, həm də layiqli vətəndaş
olaraq onlara bəslənən
etimadı daim doğruldacaqlar.
Bununla yanaşı, idmanın
inkişafında sistemli addımların
atılmasında və yüksək səviyyəli nailiyyətlərin
əldə olunmasında, həmçinin idman
növünün kütləviləşdirilməsində
idman federasiyalarının da
rolu mühümdür.
Hazırda Azərbaycanda 24 idman
federasiyası fəaliyyət göstərir: Avarçəkmə,
Ağır Atletika, Atçılıq,
Atıcılıq, Atletika, Badminton, Basketbol, Boks, Cüdo, Gimnastika, Güləş, Həndbol, Kamandan Oxatma, Otüstü Xokkey,
Qılıncoynatma, Qış İdman
Növləri, Stolüstü Tennis, Taekvando, Tennis, Üzgüçülük,
Velosiped, Voleybol, Yelkən
idmanı və Futbol federasiyaları. Lakin vurğulamaq
lazımdır ki, Azərbaycanda idmana olan marağın hər
gün artması yeni-yeni
idman federasiyalarının yaranmasına və
fəaliyyətə başlamasına səbəb olur.
Əlbəttə
ki, bu federasiyaların
da hər biri, ilk növbədə, aidiyyəti idman növünün inkişaf istiqamətlərini və prioritetlərini
müəyyənləşdirir, eyni zamanda, gənclərin idmana
axınını təşkil edirlər. Artıq, demək olar ki, Azərbaycanda fəaliyyət
göstərən idman federasiyalarının
bir çoxu beynəlxalq
əlaqələrə sahibdir və
ölkəmizdə dünya və Avropa birinciliyinin, qran-prilərin
keçirilməsinə nail olurlar. Onların arasında
Atçılıq, Boks, Cüdo,
Gimnastika, Güləş, Velosiped,
Voleybol, Taekvando, Tennis və başqa
federasiyaları göstərmək olar.
Xüsusilə qeyd etmək lazımdır ki,
dünyada elit idman növləri üzrə keçirilən
yarışlar daha çox
diqqəti cəlb edir. Bunların
sırasında, ilk növbədə, tennis turnirini vurğulamaq lazımdır. Çox
sevindirici haldır ki,
Azərbaycanda da ilk dəfə
tennis üzrə beynəlxalq turnir keçirildi. Belə
ki, Bakı Tennis
Akademiyasında keçirilən "Baku
Cup-2012" beynəlxalq turniri bu sahədə ilk
addım olsa da, ümidverici nəticələrlə yaddaşlarda qaldı.
Bununla yanaşı, ölkədə
idmanın inkişafında qeyri-hökumət təşkilatlarının
da rolu əhəmiyyətlidir. Çünki sosiumla hakimiyyət
arasında vasitəsi olan və vətəndaş cəmiyyətinin
vacib ünsürü kimi çıxış edən QHT-lər,
ilk növbədə, çalışmalıdırlar ki,
idmanın kütləviliyi təmin olunsun və gənclərin
idmana axını güclənsin. Çünki nə qədər
çox gənc idmanla məşğul olarsa, bir o qədər
də gələcək nəsillərimizin sağlam və vətənpərvər
yetişməsinə olan ümidlərimiz gerçəkləşər.
Azərbaycanda idmanın inkişaf perspektivləri
Ölkəmiz Prezident
İlham Əliyevin rəhbərliyi ilə
dinamik inkişaf edir və bu yüksəlişdən,
eləcə də dünyanın enerji təhlükəsizliyinə,
sülhün qorunmasına verdiyi
böyük töhfələrdən irəli
gələrək beynəlxalq mövqelərini möhkəmləndirir.
Təbii ki, hər bir
ölkəni çağdaş
dövrümüzdə dünya nizamı
üçün əhəmiyyətli edən
meyarlardan biri məhz
beynəlxalq imicdir. Elə beynəlxalq təşkilatlar
da öz tədbirlərini
keçirərkən dövlətin imkanları, resursları
ilə yanaşı, qlobal miqyasda
mövqelərini nəzərə alırlar. İndiyədək
Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi, mədəni
və idman tədbirləri keçirilib.
"Eurovision" mahnı yarışmasını
yüksək səviyyədə təşkil etməklə Azərbaycan
istənilən beynəlxalq tədbirə uğurla
ev sahibliyi etmək
iqtidarında olduğunu bütün
dünyaya nümayiş
etdirdi. Eyni fikirləri
idman yarışları barədə də
demək olar. İndiyədək
respublikamızda onlarla beynəlxalq idman yarışı keçirilib.
Bütün ölkələrin və idman təşkilatlarının təmsilçiləri
Azərbaycanın ev sahibliyindən
razılıqlarını ifadə ediblər. Qeyd
etdiyim kimi, Azərbaycanın
dinamik inkişafına uyğun
olaraq bu gün ölkəmizin dörd
bir yanında olimpiya idman kompleksləri, idman
qurğuları, stadionlar inşa
edilir, həmçinin ölkənin turizm potensialı möhkəmlənir. Həmçinin
ölkədə idmanın kütləviləşdirilməsi
üçün Azərbaycanda geniş tikinti-quruculuq
işləri aparılır. Hazırda 34 regional
Olimpiya Mərkəzi tikilib,
8 mərkəzdə isə tikinti davam edir. Son
12 il ərzində, demək olar ki, bölgələrimizin
əksəriyyətində müasir olimpiya kompleksləri inşa
edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Bakı şəhərində
və regionlarda tikilmiş
30-dan çox olimpiya
mərkəzləri və digər idman
obyektləri ölkədə idman hərəkatının
genişlənməsinə şərait yaradır, gənclərin
fiziki və mənəvi inkişafına,
həyatda özlərini təsdiqləməsinə imkan verir: "Azərbaycan
idmançıları son illərdə
müxtəlif növlər üzrə nüfuzlu
beynəlxalq yarışlarda, hətta indiyə qədər
ölkəmiz üçün ənənəvi
sayılmayan idman növlərində də
xeyli mükafat
qazanmışlar. Bu da
hökumətin ölkədə idmanın müasir
maddi-texniki bazasının
yaradılması və idmançıların
hazırlanması üzrə düşünülmüş
siyasətinin nəticəsidir".
Əlbəttə
ki, bu gün
Azərbaycanın dünyada idman ölkəsi kimi
tanınmasının ilk səbəblərindən
biri onunla
bağlıdır ki, idman
sahəsinə yüksək dövlət qayğısı var. Cənab Prezident İlham Əliyev Böyük
Britaniya və Şimali
İrlandiya Birləşmiş
Krallığının paytaxtı London
şəhərində keçirilən XXX Yay
Olimpiya Oyunlarında iştirak
edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi
yolasalma mərasimində
çıxış edərkən bir daha idmanın inkişafı məsələsinə
toxunaraq bildirdi ki, idmanın inkişafı Azərbaycanda
dövlət siyasətidir və dövlət idmanın
inkişafı üçün konkret addımlar atıb: "Bu
gün də bu siyasət
davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir.
İdmançılara olan hörmət cəmiyyətdə
yüksək səviyyədədir.
İdmançıların məişət problemlərinin həlli
məsələləri yüksək səviyyədə təşkil
edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir,
eyni zamanda, gənclərdə,
yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə
axın kütləvi xarakter
alıbdır. İndi idmanla
məşğul olmaq üçün
bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi
təmin edirik: ilk
növbədə, ölkəmizin idman
şöhrətini yüksəklərə
qaldırırıq, eyni zamanda,
idmanın kütləviliyini təmin edirik.
İdman infrastrukturunun
yaradılması ilə bu kütləvilik
daha da geniş
vüsət almışdır və idman
hər bir insanın
sağlamlığı üçün çox mühüm amildir. İdman
insanları həm fiziki cəhətdən
sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi
idmançılara, uşaqlara
aşılayır. Bir sözlə, Azərbaycanda
idmanın inkişafına dair siyasət çox uğurludur və
deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə
öyrənilir və tətbiq edilir".
Bütövlükdə,
dövlətin bu sahələrdə gördüyü işlər təqdirəlayiqdir.
Təbii ki, dövlətimiz inkişaf etdikcə, maliyyə imkanları
çoxaldıqca bu istiqamətdə daha böyük irəliləyişlərin
və nailiyyətlərin şahidi
olacağıq.
HADİ RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor,
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri
Azərbaycan.-2012.-
27 sentyabr.- S.5.