Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 67-ci sessiyasında iştirakı çərçivəsində bir sıra görüşlər keçirmişdir

 

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlardan, milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində əldə edilən uğurlardan söz açmışdır. Nazir həmçinin Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin iqtisadi missiyalarının qarşılıqlı səfərlərinin artırılması imkanlarının araşdırılmasının vacibliyini vurğulamışdır.

Dimitris Avramopoulos Yunanıstanın Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafında, xüsusən də enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Yunanıstanlı nazir Azərbaycanın güclü və şaxələnmiş iqtisadiyyata malik olduğunu, bu səbəbdən də iqtisadi böhrandan ziyan görmədiyini xüsusi vurğulamışdır. O, həmçinin ölkəsinin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat vermişdir.

Nyu-Yorkda BMT Baş Məclisinin 67-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov liberiyalı həmkarı Augustine Ngafuan ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının araşdırılmasına ehtiyac olduğu vurğulanmış və bu istiqamətdə müxtəlif addımların atılmasının zəruriliyi qeyd olunmuşdur.

 Liberiyanın xarici siyasət idarəsinin rəhbəri ölkəsinin keçid dövrü ərzində iqtisadiyyatın inkişafı üçün güclü tərəfdaşlara ehtiyacı olduğunu diqqətə çatdıraraq Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirmişdir. A.Ngafuan cari ildə Liberiyada böyük neft yataqlarının kəşf edilməsi barədə məlumat vermiş və bu sahədə Azərbaycanın zəngin təcrübəsindən yararlanmaq arzusunda olduqlarını vurğulamışdır. O, həmçinin Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət etmişdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyasında iştirakı çərçivəsində albaniyalı həmkarı Edmond Panariti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur.  

 Nazir Elmar Məmmədyarov qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərə böyük töhfələr verdiyini qeyd etmiş və Azərbaycan ilə Albaniya arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyacın olduğunu bildirmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Albaniyaya səfərini yüksək qiymətləndirən Edmond Panariti bu səfərin ikitərəfli münasibətlərə önəmli töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

BMT Baş Məclisinin 67-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin xarici işlər, ətraf mühit, ticarət, əmək və turizm naziri Apisai İelemia ilə görüşmüşdür.

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaradılması imkanları müzakirə edilmişdir. A.İelemia qeyd olunan sahələrə Azərbaycan tərəfindən investisiya yatırılması imkanlarının nəzərdən keçirilməsini xahiş etmişdir. 

Nazir Elmar Məmmədyarov Tuvaludan olan tələbələrin, gənc diplomatların Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq imkanlarının mövcud olduğunu diqqətə çatdırmışdır. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunmuş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Nyu-Yorkda BMT Baş Məclisinin 67-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Nebojsa Kaluderoviç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin, xüsusilə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmış, hüquq-müqavilə bazasının genişləndirilməsi barədə razılıq əldə olunmuşdur.

Nazir Elmar Məmmədyarov monteneqrolu həmkarını ölkəmizə səfərə dəvət etmişdir. N.Kaluderoviç dəvəti məmnuniyyətlə qəbul etmişdir.

 

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.6.