Azərbaycanın ölməz sənətkarı Bülbülün xatirəsi ehtiramla yad edilmişdir

 

 Sentyabrın 26-da Fəxri xiyabanda görkəmli opera müğənnisi, xalq mahnılarımızın mahir ifaçısı, Azərbaycan milli vokal məktəbinin banilərindən biri, SSRİ xalq artisti Bülbülün vəfatının ildönümü ilə bağlı sənətkarın xatirəsi yad edilmişdir.

AzərTAc xəbər verir ki, anma mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, görkəmli müğənninin ailə üzvləri və musiqi ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimə toplaşanlar ölməz sənətkarın xatirəsini ehtiramla yad etmiş, məzarı üstünə əklil, tər çiçəklər qoymuşlar.

Məlahətli səsi ilə könüllərə hakim kəsilmiş böyük müğənninin  ruhuna dualar oxunmuş, xor kapellası "Şəbi hicran" əsərini ifa etmişdir.

Sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.

Mərasim Bülbül Fondunda ehsan süfrəsinin açılması ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S.6.