«Yaşıl Azərbaycan naminə» layihəsinin iştirakçıları Qəbələdə olmuşlar

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ötən il iyulun 11-dən başlamış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları sentyabrın 26-da Qəbələ rayonunda olmuşlar.

AzərTAc xəbər verir ki, ali təhsil ocaqlarında təhsil alan III-IV kurs tələbələri Qəbələ şəhərindəki 1 və 2 nömrəli orta məktəblərdə VIII-XI sinif şagirdləri üçün ekoloji maarifləndirmə seminarları təşkil etmişlər. Təlimlərə ümumilikdə 220 şagird və 10-a yaxın coğrafiya müəllimi cəlb olunmuşdur.

Şagirdlərə ekologiyanın mühafizəsi üçün meşələrin qırılmasının qarşısının alınması, suyun çirkləndirilməməsi, tullantıların düzgün daşınaraq məhv edilməsi və digər vacib məsələlər barədə məlumat verilmiş, dünyada baş verən ekoloji fəlakətlər, onların yaranma səbəbləri monitor vasitəsilə əyani olaraq göstərilmişdir. Ətraf mühitlə bağlı şagirdlərə çoxsaylı suallar verilərək onların biliyi yoxlanılmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır. Qəbələnin təbiəti, dağları, çayları, meşələri, şəlalələri barədə geniş məlumat verilmişdir.

Tədbirlərdə ekoloji mühitin qorunmasının zəruriliyi, bu işdə hər kəsin üzərinə düşən məsuliyyət barədə geniş danışılmışdır. Təlimlərdə IDEA Ətraf Mühit Kampaniyasının humanist məqsədlərindən, həyata keçirilən ekoloji layihələrdən ətraflı bəhs olunmuş, seminarlarda iştirak edərək təlimatlandırılan şagirdlərin gələcəkdə öz bilik və məlumatlarını artırmaqla başqalarına da öyrətmələrinin vacibliyi qeyd edilmişdir.

 

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S. 6.