Görkəmli astrofizik alim
Hər bir insanın öz tale yolları var. Ona görə də alim, ziyalı,
şəxsiyyət haqqında
yazarkən həyati faktlara müraciət etmədən keçinmək
mümkün deyil.
Bu mənada professor Rəhim Əyyub oğlu Hüseynovun apardığı genişmiqyaslı
işləri yada salsaq görərik ki, onun bütün
ömrü elmi axtarışlarla, eyni zamanda, fədakarlıqlarla
doludur. R.Hüseynov
qarşıya qoyduğu
məqsəd və amalına nail olmaq üçün bütün
əqli, fiziki qabiliyyətini səfərbər
edən, problemlərə
səbr, dözüm və təmkinlə yanaşan xoşməramlı
bir alim olmuşdur. Azərbaycan ziyalıları sırasında
öz mövqeyi və şəxsiyyəti,
dəst-xətti ilə
tanınmış böyük
alim, astrofizika üzrə Azərbaycanda
ilk fizika-riyaziyyat elmləri
doktoru, AMEA-nın müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının üzvü,
respublikanın əməkdar
müəllimi, professor R.Hüseynov
çox rəngarəng,
acılı-şirinli, kədərli-sevincli
bir həyat yaşamışdır...
O, 1924-cü ilin sentyabrında Şuşa
şəhərində dünyaya
göz açmışdır.
Uşaqlıq və yeniyetməlik
çağları keçən
əsrin 30-cu illərinə
- o keşməkeşli və
amansız aclıq dövrünə düşmüşdü.
Həmin illərin yaratdığı problemlərlə
üz-üzə qalan
Rəhim Hüseynov həm ali,
həm də orta məktəbdə təhsil almaq üçün, sözün
həqiqi mənasında,
böyük çətinliklərə
sinə gərməli
olub. Vaxtında məktəbə getmək
imkanı olmadığı
üçün Rəhim
özündən 3 yaş
böyük qardaşının
kitablarından istifadə
etməklə əvvəlcə
təhsilini evdə alıb, öyrəndiklərini
isə yaşlılar "yoxlayıb" qiymət veriblər. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə
köçüb və
xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin
(yüksək hazırlığına
görə) birbaşa
IV sinfinə qəbul olunub.
1937-ci ildə isə bu məktəbin
VII sinfini əla qiymətlərlə bitirərək
təhsilini Bakıda davam etdirməyə başlayıb. 1940-cı ildə orta məktəbi əla qiymətlə başa vuraraq həmin il imtahansız
Azərbaycan Dövlət
Universitetinin (ADU) fizika-riyaziyyat
fakültəsinə daxil
olub. 1946-cı ildə təhsil ocağını fərqlənmə
diplomu ilə sona çatdırıb.
Aspiranturada oxumaq
üçün universitetdə
saxlanılan R.Hüseynov
elə 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və ADU-nun respublikada
Astrofizika Rəsədxanası
üçün əlverişli
yerin seçilməsi
məqsədilə birgə
elmi ekspedisiyanın iştirakçısı olur.
1953-cü ildən Pirqulu
Astronomiya stansiyası
və 1956-cı ildən
fəaliyyət göstərən
Astrofizika Rəsədxanası
rəsmi adını aldığı vaxta qədər "Günəş
fizikası" şöbəsinin
rəhbəri olan R.Hüseynov eyni zamanda Rəsədxana direktorunun elmi hissə üzrə müavini təyin edildi. Rəsədxana yaranan ili
onun baş planında nəzərdə
tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş edilən Üfiqi Günəş Teleskopu alındı, quruldu və müvəffəqiyyətlə
işə salındı.
Bu işlərdə R.Hüseynovun böyük
xidmətləri oldu və o, arzusuna çatdı. Rəsədxanada əvəzçi və
tam ştatda işlədiyi
20 ildən çox müddətdə bu elm ocağının yaranması
və inkişafında
Rəhim müəllim
əlindən gələni
etdi. Buraya rəsədxananın elmi-texniki bazasının yaradılması, yüksək
ixtisaslı kadrların
hazırlanması, dünyanın
başqa rəsədxanalar
və astronomiya ilə məşqul olan elmi mərkəzləri
ilə əlaqə və konkret elmi istiqamətlər üzrə tədqiqatların
aparılması kimi kompleks məsələlər
də daxil idi. Bir faktı da qeyd edək ki, 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov
həmin peyki müşahidə etmək
məqsədilə universitetdə
xüsusi stansiyanın
yaradıcısı, rəhbəri
və əsas aparıcısı olmuşdur.
Rəhim müəllim
1953-cü ildə astrofizika
üzrə respublikada
ilk elmlər namizədi,
1971-ci ildə isə
ilk elmlər doktoru dərəcəsi alan alimdir. Professorun elmi istiqaməti Astrofizika və radioastronomiya, Günəşin
radiooptik şüalanma
xüsusiyyətləri və
relyativist elektronların
Günəşin məhəlli
maqnit sahələrində
şüalanması, Günəşin
alışmalarının ilk mərhələsində güclü
nöqtəvi partlayış
nəzəriyyəsinin tətbiqi,
planetar dumanlıqların
əsas parametrlərinin
təyini üsulları
olmuşdur.
Onun elmi tədqiqatlarının
nəticələri Günəşin
radioşüalanmasının interpretasiyası ilə məşqul olan məşhur dünyəvi
astrofiziklərdən Şklovski,
Pikelnerin və başqalarının aldıqları
nəticəyə müəyyən
mənada düzəliş
kimi qiymətləndirilmişdir. Günəş radioşüalanmasının yaranma mexanizmini öyrənən ilk müəlliflərdən
biri R.Hüseynov olmuşdur. Aldığı nəticələr, araşdırmaları və
tədqiqatları dünyanın
ən mötəbər
elmi mərkəzlərində
məşhur alimlər
tərəfindən xüsusi
qeyd olunmuşdur.
1969-cu ildə Rəhim Hüseynov Beynəlxalq Astronomiya İttifaqının üzvü
seçilir. O bu ittifaqın ABŞ- da, Çexoslovakiyada, İngiltərədə keçirilən
qurultaylarının iştirakçısı
olur. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım
Astrofizika Rəsədxanasında,
Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində,
Rumıniya, Çexoslavakiya
və Türkiyənin
elm-təhsil mərkəzlərində
və müəssisələrində
çoxsaylı elmi məruzələr edir.
Astronomiyanın təbliğində onun
çoxşaxəli xidməti
xüsusi vurğulanmalıdır. 1975-ci ildə Azəbaycan Dövlət Universitetində
təşkil olunmuş
Astrofizika kafedrasına
professor R.Hüseynov 17 il
rəhbərlik etmişdir.
1992-ci ildən ömrünün sonuna qədər BDU-nun professoru
vəzifəsində işləmişdir.
Ona
2000-ci ildə Azərbaycan
Respublikasının "Əməkdar
müəllim" fəxri
adı verilmişdir.
Onun kadr hazırlığındakı
xidmətləri misilsizdir.
65 illik elmi-pedaqoji
fəaliyyətində professor R.Hüseynov dörd namizədlik dissertasiyasının
rəhbəri, bir nəfərin doktorluq işinin məsləhətçisi
olub, 70-dən çox
elmi məqalənin, 6
elmi kütləvi kitabın, bir sıra monoqrafiyaların, ali və orta məktəblər
üçün dərsliklərin
müəllifidir. Fizika-riyaziyyat
elmləri içərsində
ilk fundamental "Astronomiya Terminləri
Lüğəti"nin
işıq üzü
görməsi də
professor R.Hüseynovun böyük
əhəmiyyət kəsb
edən xidmətlərindəndir.
Birinci həmmüəllifi və
redaktoru olan doqquz min söz və ya sözbirləşmələrindən
ibarət bu üçdilliyin - Azərbaycanca-Rusca-İngiliscə
lüğətin sonunda
Günəş və
Ay təqvimləri haqqında
daha dəqiq hesablamalara əsasən mühüm əlavələr
verilmişdir.
Bir alim kimi professor
R.Hüseynovu səciyyələndirən
əsas cəhətlər
onun tədqiq etdiyi prosesləri dərindən və dəqiqliyinədək dərk
etməsi, məqsədyönlülüyü,
yüksək məsulliyyət
hissi, özünə
və onunla birgə çalışmış
əməkdaşlara qarşı
tələbkar olması
idi. O, xalqını,
Vətəni Azərbaycanı
böyük məhəbbətlə
sevirdi. "Günəş"in
tədqiqatçısı olan Rəhim müəllim özü Günəşin bir parçası kimi hərarətli və nurlu bir şəxsiyyət
idi.
Böyük alim olmaqla yanaşı, ölkəmiz
üçün çox
dəyərli olan ziyalı bir ailənin başçısı
olmuşdur. Rəhim müəllimin
yeganə övladı
- oğlu Fərhəng
Hüseynov görkəmli
bəstəkar idi.
Respublikanın əməkdar
artisti fəxri adına layiq
görülmüşdü. Hələ keçən əsrin
80-ci illərində yapon
qəhrəmanlarından bəhs
edən möhtəşəm
opera yazmışdı. Yaponiyanın
üç iri şəhərində bu əsər tamaşaya qoyulmuş və böyük rəğbətlə
cəmiyyətdə qəbul
olunmuşdur. Müəllif Yaponiya dövləti tərəfindən mükafatlandırılmışdır.
Sonra Fərhəng Türkiyədə
çalışmış və orada "Kraliça ABA" adlı
balet yazmışdı.
Lakin gələn əcəl fitri istedada malik bəstəkar Fərhəng Hüseynovu öz ağuşuna almışdı. O, 2010-cu ilin əvvəlində 60 yaşında gözlənilmədən
vəfat etmişdir. Bu itki Rəhim
müəllimi həddindən
artiq sarsıtmışdı.
Ondan bir neçə il
öncə isə sevimli həyat yoldaşını itirmişdi.
Taleyin ağır zərbəsini
bu müdrik insan mətanətlə qarşıladı, əyilmədi,
sərtləşmədi, ürəyi
daşa dönmədi. Sadəlik və təvazökarlıq,
xoş niyyət, xeyirxahlıq, insanlara mənəvi dayaq olmaq, çətinə düşənə yol göstərmək onun gündəlik həyat norması və vərdişləri idi.
O, ipək kimi yumşaq xasiyyətə malik idi. Büllur kimi
təmiz alim-pedaqoq idi. Bu nadir keyfiyyətlər
onu tələbələrinin,
həmkarlarının, qohumlarının,
dostlarının, onu tanıyanların sevimlisinə
çevirmişdi. Fəqət, namərd ölüm bu böyük alimin, ziyalılığı
həmişə uca tutan insanın da qapısını döydü. Rəhim
Əyyub oğlu Hüseynov 2012-ci il
avqustun 21-də ömrünün
88-ci ilində dünyasını
dəyişdi.
Bütöv şəxsiyyət olmaq
xoşbəxtliyi hər kəsə nəsib olmur, amma Rəhim
müəllimə nəsib oldu. Professor Rəhim Hüseynovun həyatda
tutduğu yol neçə-neçə nəslə elmin sirlərini
öyrətmək, mənəviyyatımızın
saflığını, zənginliyini qorumaq yolu idi.
İ.ƏLİYEVA
Azərbaycan.-2012.- 27 sentyabr.- S. 7.