Mənalı həyat yolu

 

 Ziyalılığı, alicənablığı, xeyirxahlığı və intellekti ilə fərqlənən alimlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki-coğrafiya kafedrasının dosenti Bəhlul Cəfərovdur. Sentyabrın 27-də elm xadiminin 80 yaşı tamam olur. Güclü məntiqi təfəkkürə və dərin düşüncə tərzinə malikdir. O, mənalı bir ömür sürüb, indixalqa və cəmiyyətə şərəflə xidmət edir. Səriştəli tədqiqatçı və peşəkar alim-pedaqoq kimi fəaliyyət göstərdiyi müddətdə, özünün gərgin, səmərəli axtarışları ilə elmin çətin, daşlı-kəsəkli yollarında inamla və qətiyyətlə irəliləyib, məşğul olduğu sahənin problemlərinin öyrənilməsində böyük xidmətlər göstərib.

B.Cəfərov otra məktəbi 1949-cu ildə Zəngilanda bitirmişdir və həmin il ADPİ-nin coğrafiya fakültəsinə daxil olmuşdur. 1954-cü ildə o, fiziki-coğrafiya ixtisası üzrə təhsilini başa vurmuş, Füzuli rayonunun Horadiz kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Bir ildən sonra Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinə işə düzəlmişdir. Şöbədə laborantlıqdan baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və 1960-cı ildə aspiranturaya daxil olmuşdur. 1963-cü ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. İnstitutda işlədiyi illərdə onun hidrologiyanın müxtəlif sahələrinə aid elmi məqalələri Azərbaycan EA-nın xəbərlərində, o cümlədən Moskva, Sankt-Peterburq, Tbilisi şəhərlərində müxtəlif elmi jurnallarda çap olunmuşdur.

Alimin Azərbaycanın müxtəlif bölgələrində axan çayların su rejiminə həsr olunmuş 80-ə yaxın elmi məqaləsi var. B.Cəfərov AMEA-nın Coğrafiya İnstitutunda işlədiyi dövrdə professor S.Rüstəmovla birlikdə yazdıqları "Kiçik Qafqaz çay hövzələrinin su balansı", X.Zamanovla birgə qələmə aldıqları "Azərbaycanın çayları, gölləri və su anbarları" monoqrafiyası nəşr olunmuşdur.

Bəhlul müəllim 1969-cu ilin oktyabrında müsabiqə yolu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fiziki-coğrafiya kafedrasına dosent vəzifəsinə seçilmişdir. Onun Pedaqoji İnstitutda elmipedaqoji fəaliyyəti daha səmərəli olmuşdur. B.Cəfərov 10 il Fiziki-coğrafiya kafedrasına rəhbərlik etmiş və yüksək səviyyəli elmi araşdırmalar aparmışdır. Bu zaman onun Pedaqoji İnstitutun nəşriyyatı tərəfindən kafedrada əsas fənn olan "Materiklərin fiziki-coğrafiyası" proqramı (A.Əliyev və N.Süleymanova ilə birgə yazdıqları) nəşr olunur. Bununla yanaşı, "Azərbaycanda fiziki-zoocoğrafiyanın müasir problemləri", "Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması", "Azərbaycanın fiziki-zoocoğrafiyası (ümumi hissə)" və başqa dərs vəsaitləri çapdan çıxıb.

Bəhlul müəllim Azərbaycan Sovet Ensiklopediyasının müxtəlif cildlərində nəşr olunan "Dünyanın çayları, gölləri və su anbarları" silsilə məqalələrin də müəllifidir.

2012-ci ildə universitetin nəşriyyatı tərəfindən alimin N.Süleymanova və A.Əliyevlə birlikdə hazırladıqları "Avrasiya materikinin fiziki-zoocoğrafiyası" və "Materiklərin fiziki-coğrafiyası (Şimali və Cənubi Amerika)" dərslikləri fakültə elmi şurasının qərarı ilə çap olunmuşdur.

Bəhlul müəllim yalnız elmi-ictimai fəaliyyəti ilə deyil, həm də xeyirxahlığı, təvazökarlığı ilə seçilən ziyalılarımızdandır.

Keçən əsrin 80-ci illərində materiklərin fiziki-coğrafiyasından birinci mühazirə dərsimiz idi. Zəng vuruldu və auditoriyaya ortayaşlı, gursaçlı, qarabuğdayı bir müəllim daxil oldu. İlk baxışdan çox zəhmli görünən bu insan az keçmədən hamımızın sevimlisinə çevrildi.

Təsadüf elə gətirdi ki, mən Bəhlul müəllimin ailəsi ilə də yaxından tanış oldum. 1986-cı ildə indiki AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının əyani aspiranturasına daxil oldum. Bəhlul müəllimin oğlu Azər də aspiranturanın qiyabi şöbəsində təhsil alırdı. Hər ikimizin elmi rəhbəri görkəmli alim, ekologiya sahəsində respublikada tanınmış mütəxəssislərdən olan akademik Qərib Məmmədov idi. Bərdə, Tərtər, Goranboy rayonlarında çöl təqiqatlarımız da birlikdə keçdi. Hazırda Azər AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, bir çox dəyərli elmi əsərlərin, dərslik və məqalələrin müəllifidir. O, eyni zamanda, Bakı Dövlət Universitetində torpaqşünaslıq və ekologiya sahəsində müxtəlif fənlərdən mühazirə və seminar dərsləri aparır. Bəhlul müəllimin qızı Afət 176 saylı məktəbdə riyaziyyat müəlliməsidir. Alimin ömür-gün yoldaşı mərhum Şəfiqə xanim isə uzun müddət 52 saylı orta məktəbdə coğrafiya müəlliməsi ışləmişdir.

Bəhlul müəllim uzunillik elmi-pedaqoji fəaliyyəti dövründə həmkarlarının və tələbələrin böyük hörmətini qazanmış, onların sevimlisinə çevrilmişdir.

 

 

Mətanət ƏSGƏROVA,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Coğrafiya

 və ÇQH fakültəsinin dekanı,

dosent

 

Azərbaycan.-2012.- 27 sentyabr.- S. 7.