Azərbaycanın xarici
işlər naziri BMT Baş
Məclisinin 67-ci sessiyasında iştirakı çərçivəsində
bir sıra görüşlər keçirmişdir
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci
sessiyasında iştirakı çərçivəsində
Qəmər Adalarının xarici işlər naziri Ahmed Ben
Said Jaffare ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə Ahmed Ben
Said Jaffare aramsız yağan leysan
yağışlarının ölkəsinin iqtisadiyyatına
mənfi təsir göstərdiyini, kənd təsərrüfatına
və infrastruktura ciddi
ziyan dəydiyini qeyd etmişdir. O, Azərbaycan şirkətlərinin Qəmər
Adalarında infrastruktur layihələrinin
həyata keçirilməsində iştirak
imkanlarının nəzərdən keçirilməsini xahiş etmişdir.
Nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq
Təşkilatının Qəmər Adalarındakı vəziyyətlə
bağlı üzv dövlətlərə müraciət
etdiyini xatırladaraq, Azərbaycanın dəstək göstərməyə
hazır olduğunu bildirmişdir. Nazir, eyni zamanda, Qəmər
Adalarından olan tələbə və gənc
diplomatların Azərbaycan Diplomatik Akademiyasında təhsil
almaları üçün imkanların mövcud olduğunu
qeyd etmişdir.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci
sessiyası çərçivəsində Sinqapurun xarici
siyasət idarəsinin rəhbəri Kasivisvanatan Şanmugam ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə nazirlər Azərbaycan-Sinqapur əməkdaşlığının
inkişaf etdirilməsi məqsədi ilə müxtəlif sahələri
əhatə edən hüquqi bazanın genişləndirilməsi
və tərəflər arasında rəsmi sənədlərin
imzalanması məsələsinin nəzərdən
keçirilməsi barədə razılığa gəlmişlər.
Nazirlər ikitərəfli münasibətlər
üçün zəruri olan beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın
möhkəmləndirilməsinin və
qarşılıqlı səfərlərin həyata
keçirilməsinin vacibliyini vurğulamışlar.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci
sessiyası çərçivəsində sloveniyalı həmkarı
Karl Erjavec ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Azərbaycan ilə
Sloveniya arasında münasibətlərin inkişaf perspektivləri
müzakirə olunmuş və əlaqələrimizin
genişləndirilməsinə qarşılıqlı maraq
ifadə olunmuşdur.
Tərəflər
ölkələrimiz arasında hüquq-müqavilə
bazasının genişləndirilməsi,
qarşılıqlı səfərlərin təşkili,
iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq
imkanlarının öyrənilməsi məqsədi ilə hər
iki ölkədə biznes
forumların keçirilməsi
barədə razılıq əldə etmişlər.
Sentyabrın 27-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin
67-ci sessiyası çərçivəsində Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) baş katibi Xəlil
Akıncı ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Azərbaycan ilə
TDƏŞ arasında əlaqələr, qurumun BMT və digər
beynəlxalq təşkilatlar yanında müşahidəçi
statusu alması istiqamətində görülən işlər
müzakirə olunmuşdur.
Görüşdə, həmçinin
qurumun üzvü olan ölkələr arasında iqtisadi
inteqrasiyanın artırılması, müxtəlif regionlarda
diplomatik nümayəndəliklər səviyyəsində məsləhətləşmələr
mexanizminin yaradılması, eləcə də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Sentyabrın 27-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin
67-ci sessiyası çərçivəsində serbiyalı həmkarı
İvan Mrkiç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Azərbaycan ilə
Serbiya arasında ikitərəfli münasibətlərin
hazırkı vəziyyəti və əlaqələrin
inkişaf perspektivləri müzakirə edilmişdir.
Tərəflər iki ölkə arasında siyasi
əlaqələrin yüksək səviyyəsindən məmnunluq
ifadə edərək iqtisadi sahədə
də əməkdaşlığın daha
da genişləndirilməsi istiqamətində
lazımi addımların atılması, o
cümlədən qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müvafiq ikitərəfli sənədlərin
imzalanması barədə razılığa gəlmişlər.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci
sessiyasında iştirakı çərçivəsində
sentyabrın 27-də Xorvatiyanın xarici işlər və
Avropa məsələləri üzrə naziri xanım Vesna
Pusiç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə nazirlər ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi
imkanlarını müzakirə edərək,
qarşılıqlı maraq doğuran sahələr üzrə
hüquqi sənədlərin imzalanması istiqamətində
işlərin aparılması barədə razılığa
gəlmişlər.
Xanım
Vesna Pusiç ölkəsində həyata keçirilən
layihələrə Azərbaycandan investisiya cəlb edilməsində
maraqlı olduqlarını vurğulamışdır.
Nazir Elmar Məmmədyarov Azərbaycanın
Balkan ölkələri, o cümlədən Xorvatiya ilə əməkdaşlığı
genişləndirmək marağında olduğunu bildirmiş
və bu istiqamətdə müvafiq addımların
atılması üçün bu ölkədə həyata
keçirilən infrastruktur layihələrində iştirak
etmək imkanlarının öyrənilməsinin vacibliyini
vurğulamışdır. Azərbaycanın xarici siyasət
idarəsinin rəhbəri, həmçinin iqtisadiyyat, turizm və
energetika sahələrində iki ölkə arasında əməkdaşlıq
imkanlarının dəyərləndirilməsi
üçün aidiyyəti sahələr üzrə
nümayəndə heyətlərinin qarşılıqlı
səfərlərinin həyata keçirilməsinin zəruriliyini
qeyd etmişdir.
Azərbaycan.-2012.-28
sentyabr.-S.2.