Azərbaycan artıq regionun coğrafiyasına sığmayan böyük bir siyasi önəm kəsb etməyə başlayıb

 

 Bu, dünya dövlətlərinin ölkəmizə maraqlarını daha da artırıb

 

 "Bu gün Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq enerji siyasətində iştirakı dünya dövlətlərinin ölkəmizə marağını daha da artırıb. Bunun nəticəsi olaraq Azərbaycan xarici siyasətdə böyük uğurlar əldə edib. Prezident İlham Əliyev də xarici ölkələrdə fəaliyyət göstərən diplomatik xidmət orqanlarının rəhbərləri ilə görüşdə bütün bu məsələlərə bir daha toxunaraq onlara daha fəal olmağı tapşırıb. Bu tapşırıqlar, sözsüz ki, Azərbaycanın xarici siyasətinin qazandığı uğurların davamlılığına daha da müsbət təsir göstərəcək".  

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli söyləyib. Deputat qeyd edib ki, dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əbəs yerə ölkənin tarixinin ən böyük siyasi və diplomatik qələbəsi adlandırmayıb. Bu, bir həqiqətdir ki, Azərbaycanın belə bir quruma üzvlüyünü, sadəcə olaraq, bir zaman kəsiyində dövlətin atdığı addım kimi qiymətləndirmək olmaz. Çünki BMT-nin üzvü olan ölkələrin böyük arzuları Təhlükəsizlik Şurasına üzv seçilməkdir: "Bu gün 155 ölkə Azərbaycanın apardığı xarici siyasəti dəstəkləyir. Bu isə o deməkdir ki, 20 illik müstəqillik tarixi olan Azərbaycan xarici siyasətində kifayət qədər uğurlar qazana bilib. Bir məqam isə unudulmamalıdır. Bu, Azərbaycanın istəyinə nail olması üçün getdiyi yoldur. Cənubi Qafqazda yerləşən bir ölkə kimi Azərbaycan bu yolda çox sərt döngələrdən keçməli olub. Dünyada mövcud olan erməni lobbisi və onların daha çox təsir göstərə biləcəyi dövlətlər, Qafqaza maraq dairəsini özlərinin xarici siyasətində önəmli hesab edən ölkələr Azərbaycanı sıxmaq, müstəqil siyasətinə qarşı çıxmaq və digər metodlara əl atırlar. Bu mərhələləri, bu ağırlıqları keçən Azərbaycan 155 ölkənin dəstəyini ala bilib".

Deputatın fikrincə, Qafqaz regionuna böyük dövlətlərin marağı və Azərbaycanın Dağlıq Qarabağ problemi olmasaydı, 20 illik müstəqilliyi olan ölkəmiz daha böyük uğurlar qazana bilərdi. Ona görə də Azərbaycanın bu uğurlarını təkcə bir dövlətin apardığı xarici siyasətin uğurları kimi yox, həm də çox böyük maneələri dəf edən tarixi uğur adlandırmaq lazımdır. Bu gün Azərbaycanın dünyanın bir çox ölkələrində səfirlikləri, diplomatik korpusları fəaliyyət göstərir. Ancaq çoxəsrlik tarixi olan elə dövlətlər var ki, onun başqa-başqa ölkələrdə səfirliklər açmaq üçün maddi imkanı belə yoxdur. Azərbaycan bu cəhətdən də uğurlar əldə edib. F.İbrahimli onu da qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə xidmət göstərən diplomatlarının fəaliyyəti müsbət qiymətləndirilir. Bir çox ölkələrdə Xocalı faciəsi soyqırımı kimi tanınıb. Dünya artıq erməni vəhşiliyinin şahidi olur. Bütün bunlar diplomatik uğurlardır: "Dövlət başçısının diplomatlarla görüşü, eyni zamanda, tarixə baxış, qarşıda duran vəzifələrin müəyyən edilməsi və əldə edilən uğurların daha da möhkəmlənməsi yolunda verilən rəhbər göstərişidir".

Deputat, eyni zamanda, bildirib ki, 20 il bundan öncə böyük bir imperiyanın əsarəti altında olan bir dövlətin az bir zaman ərzində belə bir sıçrayışlı inkişafı təəccüb doğurmaya bilməz. MDB məkanında olan və hazırda müstəqil dövlətlər sayılan ölkələrin iqtisadi, siyasi və digər sahələrdə olan göstəriciləri Azərbaycandan xeyli geridədir. Bu səbəbdən də Azərbaycanın belə sürətli inkişafı bəzi dövlətlərdə qısqanclıq yaradır. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycan öz haqq işini başa vuracaq, dünya miqyasında böyük dövlətlərin Azərbaycanı dəstəkləməsi ölkənin ağrılı  probleminin həllinə imkan yaradacaq. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın istədiyi kimi həll olunacaq.         

Milli Məclisin deputatı Zahid ORUC isə hesab edir ki, artıq Azərbaycanın xarici siyasət kursunun həyata keçirilməsinin mühüm bir dövlət ənənəsi formalaşmaqdadır. Prezident İlham Əliyevin xaricdə fəaliyyət göstərən diplomatik korpus təmsilçilərini bir yerə toplayaraq ən mühüm hədəfləri onlar qarşısında qoyması, ölkənin ümumi siyasətini təqdim etməsi, şübhəsiz ki, Azərbaycanın milli maraqlarını, təhlükəsizlik niyyətlərini özündə ehtiva edir və gələcək dövr üçün mühüm bir proqram sənədlərinə çevrilir.

Deputat qeyd edib ki, dövlət başçısının tapşırıqları və qarşıdakı hədəflər milli strateji düşüncəni özündə ehtiva etməklə xalqın iradəsini ifadə edən mövqelərdir. Eyni zamanda, Prezident İlham Əliyevin liderlik qabiliyyəti, beynəlxalq hadisələri düzgün qiymətləndirmək və ona adekvat ölkənin kursunu müəyyənləşdirmək bacarığı, tapşırıqları zamanında verərək, onların icrasını tələb etməsi də bunu sübut edir. Onun sözlərinə görə, Azərbaycanın dostlarının sayını artırmaq, xarici strateji tərəfdaşlığı genişləndirmək, dövlətimizə marağı cəlb etmək, ölkənin əleyhinə aparılan kampaniyaları xeyli dərəcədə azaltmaq və bu istiqamətdə aparılan bütün təbliğati işlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın milli maraqlar anlayışı tamamilə formalaşıb. Bəlkə də 20 il öncə bu məsələdən danışmaq çox bəsit olardı. Ölkədaxili xaosun içərisində hansısa xarici siyasət hədəflərindən bəhs etmək düzgün deyildi. Digər bir tərəfdən Azərbaycan bölgədə aparıcı dövlət olmaqla yanaşı, əsas cərəyanları, tendensiyaları yaxşı müəyyənləşdirib və xarici siyasət kursu balanslı formada həyata keçirilir. Bu isə onu göstərir ki, Azərbaycan hansısa bloklara qarşı və yaxud hansısa blokların içərisində olub digərlərinə qarşı fəaliyyət aparmır.

Zahid Oruc bildirir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətlə ölkənin qət etdiyi bu dövr uğurlu gələcəyi vəd edir: "Bu gün Azərbaycan böyük bir yolu qət edib. Artıq dövlətimizin daha böyük potensialla beynəlxalq qurumlarda iştirak etmək hüququ var. BMT-də Azərbaycanın Təhlükəsizlik Şurasına üzv seçilməsi 7 raunddan keçən bir mübarizəyə çevrilmişdi. Ona görə də dövlət başçısı bildirib ki, BMT TŞ-yə qəbul olunmağımız Azərbaycanın nəinki diplomatiyada, ümumiyyətlə, tarixdə ən böyük siyasi və diplomatik qələbəsidir". Deputatın fikrincə, Xocalı soyqırımının xarici aləmdə tanıdılması və Ermənistanın saxta kampaniyalarının qarşısına sədd çəkilməsi də xarici siyasətin uğurlarıdır. Fransada "erməni soyqırımı" məsələsinin ən yüksək səviyyədə müzakirəsi zamanı Azərbaycanın xüsusi fəallığı  çoxlarını təəccübləndirdi. 

Deputat qeyd edib ki, Prezident nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyinə bir daha aydınlıq gətirib. Dövlət başçısı həmin toplantıda bir daha Azərbaycanın işğalçı ölkədən qat-qat güclü olduğunu söyləyib. Bu isə çox vacib məqamdır: "Çünki ölkə xaricində olan qüvvələr bir sıra hallarda əleyhimizə aparılan təbliğatlar fonunda hətta diplomatlarımız da sanki gözləmə mövqeyi seçmiş olurlar. Ancaq dövlətin əsas vəzifəsi ondan ibarətdir ki, öz komandasını təşkil etməklə yanaşı, onlara realist bir məqsədlərlə Qarabağ məsələsinin həlli yollarına aid proqramını təqdim etsin. Biz bu yöndə Ermənistanı xeyli qabaqlamışıq. Son hadisələr zamanı Azərbaycan haqqında səslənən ifadələr, verilən bəyanatlar isə yalnız cəfəngiyatdır. Bu kampaniya yenə də Ermənistanın özünün əleyhinə çevrildi".

Z.Oruc hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatlara verdiyi tapşırıqlar çox əsaslı prinsiplərlə müəyyənləşdirilib və bundan sonra beynəlxalq aləmdə Azərbaycanın siyasi çəkisi daha da artacaq. Azərbaycan artıq bu məkanın coğrafiyasına sığmayan böyük bir siyasi önəm kəsb etməyə başlayıb.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.3.