Bakıda 18-ci Azərbaycan
beynəlxalq səhiyyə sərgisi
açılmışdır
Sentyabrın 27-də Səhiyyə Nazirliyinin dəstəyi ilə "İteca Caspian"
şirkəti tərəfindən Bakı Ekspo
Mərkəzində təşkil edilmiş
18-ci Azərbaycan beynəlxalq səhiyyə sərgisinin
("BİHE-2012") rəsmi açılışı olmuşdur.
AzərTAc xəbər
verir ki, sərgiyə,
həmçinin Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyası, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) da təşkilati dəstək
göstərir.
Açılış
mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev,
Azərbaycan Stomatoloji
Assosiasiyasının prezidenti Rəna Əliyeva,
"İteca Caspian"
şirkətinin prezidenti Fərid Məmmədov çıxış edərək,
ölkəmizdə dövlət tərəfindən səhiyyəyə
böyük diqqət və qayğı
göstərildiyini bildirmiş, sərginin əhəmiyyətindən
danışmışlar.
Vurğulanmışdır
ki, bu sərgidə iştirak edən ölkələrin
sayının ildən-ilə artması Azərbaycanda səhiyyə
sahəsində sürətli inkişafın, o
cümlədən ictimai-siyasi sabitliyin əyani
sübutudur.
Bildirilmişdir ki, son illərdə Azərbaycanda 450-dən çox səhiyyə ocağı əsaslı
təmir olunaraq, yaxud
yenidən tikilərək istifadəyə verilmişdir.
İlin sonunadək isə daha
15 tibb müəssisəsinin
açılması gözlənilir.
Qeyd olunmuşdur ki, bu sərgi
çərçivəsində dövlət
qurumlarının nümayəndələri, tibbi
avadanlıq və məhsulların istehsalçıları, həkimlər
və tibb sənayesi mütəxəssisləri
artıq 18-ci dəfədir bir məkana toplaşırlar. "BIHE-2012" sərgisi
dünyanın 16 ölkəsindən 107 şirkəti bir araya gətirmişdir. İki
gün ərzində Azərbaycan ilə
yanaşı, Belçika,
Belarus, Rusiya, İran və Türkiyə şirkətləri
sərgidə müasir səhiyyə sahəsi
üçün zəruri və tələb
olunan ən yeni
texnologiyaları nümayiş etdirəcəklər.
Məlumat verilmişdir ki,
"BIHE-2012" sərgisi ilə eyni vaxtda daha iki
tədbir - 7-ci Azərbaycan Beynəlxalq Stomatologiya
sərgisi ("Stomatologiya
Azerbaijan-2012") və 6-cı Azərbaycan Beynəlxalq
Gözəllik və estetik tibb sərgisi ("Beauty
Azerbaijan-2012") də keçiriləcəkdir.
Açılış
mərasimindən sonra Qafqazın ən böyük səhiyyə sərgisi
qapılarını iştirakçıların üzünə
açmışdır.
Bu il sərgidə
təqdim olunan məhsulların çeşidi xeyli
genişləndirilmişdir. Sərgidə tibbi və laboratoriya
avadanlıqları, əczaçılıq preparatları, dezinfeksiya vasitələri, ortopedik
məhsullar, klinikalar
üçün proqram
təminatı və tibbi geyimlər təqdim
olunur. Əczaçılıq bölməsində
isə Rusiya Federasiyası, İran, Belarus, Suriya və Banqladeşin
şirkətləri rəqabət aparırlar.
Sərgidə
klinikaların ekspozisiyalarına
daha geniş yer ayrılmışdır. Bu
bölmədə Türkiyənin 5 müalicə və diaqnostika müəssisəsi iştirak
edir. Bundan əlavə,
sərginin tarixində ilk dəfə əksər
Türkiyə klinikalarının üzv
olduqları Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi
ayrıca stendlə iştirak edir.
"Beauty Azerbaijan-2012" sərgisində Azərbaycan
ilə yanaşı, Belçika, İtaliya, Latviya və
Rusiyanın qabaqcıl şirkətləri gözəllik
salonları, fitnes-klublar, SPA mərkəzləri
və bərbərxanaların işində tətbiq olunan məhsul və texnologiyaları təqdim
edirlər.
"Stomatologiya Azerbaijan-2012" sərgisində
isə implantologiya və dişlərin ağardılması
sahəsində ən yeni texnologiyalar nümayiş etdirilir.
Azərbaycan.-2012.-
28 sentyabr.- S. 3.