Yaşıl
texnologiyanın tətbiqi ilə bağlı seminar
keçirildi
Sentyabrın 27-də Bakıda
Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan
Sənaye və Energetika Nazirliyinin (SEN) təşkilatçılığı
ilə "Greenevo - Yaşıl Texnologiyaların
Akseleratoru" adlı iqtisadi seminar keçirilmişdir. Polşanın
Azərbaycandakı səfiri Mixal Labenda son illərdə
ölkəsinin iqtisadiyyatının inkişaf etdiyini, hətta
qlobal maliyyə böhranı dövründə
iqtisadiyyatında artım qeydə alındığını
vurğulamışdır. Bildirilmişdir ki, Polşa ekologiya
və yeni texnologiyalara sərmayə yatıran ölkədir,
üçüncü rübdə burada ümumi daxili məhsul
2,4 faiz artmışdır. Sənaye
və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov
bildirmişdir ki, Azərbaycanda hər il təxminən 50
milyon ton neft, 27 milyard kubmetr qaz və 18 milyard kVt/saat elektrik
enerjisi istehsal olunur. Yanacağın böyük həcmdə
istifadəsi nəticəsində ekoloji çətinliklər
yaranır. Məhz bu baxımdan Azərbaycanda yaşıl
texnologiyalardan istifadə vacibdir. Qeyri-neft sektorunda da
yaşıl texnologiyanın tətbiqinə böyük ehtiyac
vardır. Aparat rəhbəri Sumqayıt Texnologiyalar Parkı,
Balaxanı Sənaye Parkı və bu sahədə
görülən işlərdən
danışmışdır. Tədbir
çərçivəsində Polşanın yaşıl
texnologiyalardan istifadə edən 11 şirkətinin təqdimatı
keçirilmişdir.
Azərbaycan.-2012.-28
sentyabr.-S.3.