«Ərzaq təhlükəsizliyi» mövzusunda təqdimat mərasimi keçirilmişdir

 

 Sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi (UNDPİ)  BMT-nin Dünya Ərzaq Proqramı (DƏP) ilə birgə "Ərzaq təhlükəsizliyi" mövzusunda təqdimat keçirmişdir.

KİV nümayəndələrinin iştirak etdikləri  mərasimdə BMT DƏP-in Azərbaycandakı nümayəndəliyinin başçısı Fuad Hüseynov  qurumun yaranma tarixi, fəaliyyətinin məqsəd və missiyası, maliyyə imkanları və s. barədə ətraflı məlumat vermişdir.

Ötən il ABŞ, Avropa Komissiyası, BMT, Kanada, Böyük Britaniya, Niderland, Yaponiya, Avstraliya, Almaniyaİsveçin DƏP-in  əsas donorları  olduqlarını xatırladan F.Hüseynov bildirmişdir ki, 2011-ci ildə qurumun büdcəsi 8 milyard ABŞ dolları məbləğində olmuşdur.

DƏP əsasən ayrı-ayrı ölkələrdə müxtəlif səbəblərdən, xüsusilə fövqəladə hallarda qida çatışmazlığından əziyyət çəkən insanlara yardımlar göstərir. Dünyada 1 milyarddan çox insan qida çatışmazlığından əziyyət çəkir. Onların əksəriyyəti qadınlar və uşaqlardır. DƏP 2011-ci ildə 90 ölkədə 100 milyon insanı ərzaqla təmin etmiş, ümumilikdə 4 milyon ton ərzaq paylanmışdır.

1994-2008-ci illərdə DƏP Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı (1988-1993) doğma yurdlarından  didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərə də yardımlar göstərdiyini xatırladan F.Hüseynov bu gün Azərbaycanın dinamik inkişaf etdiyini, donor ölkələrdən biri olduğunu söyləmişdir.

F.Hüseynov qurumun qarşısında duran vəzifələrdən də danışmışdır.  

Tədbirdə BMT-nin fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.

Sonra KİV nümayəndələrinin sualları cavablandırılmışdır. 

Xatırladaq ki, Azərbaycan iki il müddətinə - 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.3.