Bakıda diplomatik
akademiyaların 40-cı Ümumdünya Forumu
işə başlamışdır
Sentyabrın 27-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində Diplomatik
Akademiya və Beynəlxalq Münasibətlər
institutlarının rektor və
dekanlarının 40-cı Ümumdünya
Forumu işə başlamışdır.
Tədbiri açan ADA-nın rektoru,
xarici işlər nazirinin
müavini Hafiz Paşayev akademiyanın yeni
tədris kompleksi barədə məlumat vermişdir. Rektor bildirmişdir
ki, bu kompleksdə
tədris prosesi yeni metodlarla aparılır. Regionda ilk dəfə
olaraq bu tədris kompleksində alternativ enerji mənbələrindən istifadə
olunur. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ enerjini inkişaf etdirmək niyyətindəyik.
Çünki bu, gələcəyə
bir töhfədir.
Kompleksdə energetika və
ətraf mühitlə
bağlı yeni mərkəz açılmışdır.
Fəaliyyətə başladığı dövrdən sürətlə
inkişafda olan akademiyanın beynəlxalq
əlaqələrini genişləndirdiyini
vurğulayan Hafiz Paşayev
ADA-nın dünyanın
başqa diplomatik akademiyaları ilə bir çox sahələrdə, o cümlədən
alternativ enerji sahəsində də fəal əməkdaşlıq
etdiyini demişdir. Bildirilmişdir ki, ADA bir çox proqram və layihələr həyata keçirməklə
öz fəaliyyətini
durmadan genişləndirir.
Corctaun Universitetinin Diplomatiya
Araşdırmaları İnstitutunun
direktoru Paula Nyuberq Azərbaycan Diplomatik Akademiyasının müasir
tələblərə cavab
verən yeni tədris kompleksində belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsindən
məmnunluğunu bildirmişdir.
Vyana Diplomatik
Akademiyasının direktor
köməkçisi Nadya
Vozoniq çıxış
edərək diplomatların,
Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının
rektor və dekanlarının, gənc
professorların bu sahədəki fikirlərinin
öyrənilməsi, eləcə
də beynəlxalq münasibətlər və
beynəlxalq biznes sahəsində əməkdaşlığın
daha da dərinləşdirilməsi
baxımından forumun
əhəmiyyətini vurğulamışdır.
ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında
akademiyanın sürətli
inkişaf yolundan və beynəlxalq əlaqələrindən danışmışdır. Bildirilmişdir ki, ildən-ilə
inkişaf edən bu təhsil ocağında 2009-cu ildən
tədris proqramının
genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində
magistratura proqramının
reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən
isə "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə
bakalavr ixtisasları yaradılmışdır. Ən müasir tələblərə
cavab verən akademiyada hazırda 19 ölkədən olan tələbələr də
təhsil alır.
Forumun əhəmiyyətindən danışan F.İsmayılzadə
iştirakçılara tədbirin
gündəliyi və
müzakirə olunacaq
mövzularla bağlı
məlumat vermişdir.
Sonra forum işini panel iclaslarında
davam etdirmişdir.
Moderatoru ADA-nın müəllimi Kavus Abuşov olan "Kiçik dövlətlərin diplomatiyası"
mövzusundakı birinci
panel iclasında Azərbaycan
xarici işlər nazirinin müavini Araz Əzimov, Xorvatiya Diplomatik Akademiyasının rektoru,
səfir Mladen Adrliç və Belçikanın Avropa Kollecinin professoru Siqlind Gstöhl qloballaşmanın hazırkı
kontekstində kiçik
dövlətlərin üzləşdiyi
çağırışları, qlobal iqtisadiyyata və siyasi institutlara inteqrasiya olunarkən, eyni zamanda milli suverenliyi
və mədəni dəyərləri qorumaq cəhdləri məsələlərini
müzakirə etmişlər.
"Enerji və ətraf mühit diplomatiyası"
mövzusundakı ikinci
panel iclasının moderatoru
ADA-nın Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin
rəhbəri professor Elnur
Soltanov, çıxış
edənlər isə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Elşad Nəsirov, İsrailin Hayfa Universitetinin professoru Brenda
Şafer, Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
səfir Roland Kobia olmuşlar. Bu panel iclasında dövlətlərin
xarici siyasətində
enerjinin rolu vurğulanmış, həmçinin
beynəlxalq aləmdə
iqlim dəyişiklikləri
və ətraf mühit məsələlərinin
artan əhəmiyyəti
önə çəkilmiş,
bu istiqamətdə müzakirələr aparılmışdır.
Forum işini sentyabrın 28-də "Dünya
siyasətində dəyişikliklərin
mənzərəsi" və
"Regional təşkilatların diplomatiyasının inkişafı"
mövzularındakı panel iclasları ilə davam etdirəcəkdir.
1972-ci ildə təsis olunmuş foruma Vyana Diplomatik
Akademiyası (Avstriya)
və Corctaun Universiteti (ABŞ) həmsədrlik
edirlər. Ötən
il bu
tədbir ABŞ-ın
Boston şəhərində keçirilmişdir. Növbəti
il isə
forumun Serbiyanın Belqrad şəhərində
keçirilməsi gözlənilir.
ADA 2007-ci ildən forumun fəal iştirakçısıdır.
"Diplomatik təlim üzrə beynəlxalq Forum" adlanan
bu toplantının mövzusu "XXI əsrdə
diplomatik təlim: Təcrübə mübadiləsi
və yeni çağırışların görüşməsi"dir. Forumda
60 ölkənin diplomatik
təhsil verən ali məktəblərinin
90-dan artıq rektor və dekanı iştirak edir. Tədbirdə diplomatik təlim,
qlobal siyasi məsələlər və
onların müasir təhsilə təsiri müzakirə olunur.
Mövzular arasında enerji
diplomatiyası, kiçik
ölkələrin diplomatiyası,
qlobal siyasi dəyişikliklər, regional təşkilatların
inkişafı və ekoloji məsələlər
vardır.
Forum sentyabrın
30-dək davam edəcəkdir. Tədbirin sonunda ADA ilə Perunun, Qətərin, Koreya Respublikasının,
Mərakeşin, Macarıstanın
və Serbiyanın diplomatik akademiyaları arasında əməkdaşlıq
sazişləri imzalanacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-28
sentyabr.-S.4.