Məsud YILMAZ: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır

 

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Bu sözləri Bakıda jurnalistlərə müsahibəsində Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Yılmaz vurğulamışdır ki, təcavüzkar ölkənin bu ədalətsiz mövqeyini davam etdirməsi mümkün deyildir. Gec-tez bu məsələ öz həllini tapacaqdır. Hazırda isə zaman Azərbaycanın lehinə işləyir.

M.Yılmaz qeyd etmişdir ki, bu münaqişə nəinki Azərbaycanın, bütün bölgənin problemidir. Bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün bu münaqişə tez bir zamanda həll olunmalıdır. M.Yılmaz demişdir ki, Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir və münasibətlər inkişaf edir.

Sonuncu dəfə Azərbaycana 1998-ci ildə gəldiyini deyən qonaq bu müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini bildirmişdir.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.4.