Almaniya deputatı Piter QAUVEYLER: Ermənistan münaqişəni daha da alovlandırmağa çalışır

 

 Ermənistan rəsmiləri iddia edirlər ki, guya Macarıstan hökumətinin Ramil Səfərovun ekstradisiyası çərçivəsində atdığı addımlar Cənubi Qafqaz regionundakı vəziyyətə mənfi təsir göstərir  və Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarını təhlükə altında qoyur.

Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a verilən məlumata görə, bu sözləri Almaniya Bundestaqının xarici işlər komitəsinin üzvü Piter Qauveyler demişdir.

Almaniya deputatı qeyd etmişdir ki, Ermənistan rəsmilərinin bu istiqamətdə səsləndirdikləri bütün bəyanatlar əsassızdır və qəbuledilməzdir. Ermənilər məsələni beynəlxalq səviyyədə bu cür qabartmaqla sülh danışıqlarını, münaqişənin diplomatik yollarla həlli prosesini ləngidirlər.

"Ümumiyyətlə, bizim dostumuz və tərəfdaşımız Macarıstana qarşı yönəldilmiş bu kimi şişirdilmiş bəyanatlar səsləndirməklə yanaşı, ermənilər bir sıra digər hərəkətləri ilə də beynəlxalq hüququn normalarını və prinsiplərini pozmuşlar. Məsələn, ermənilərin beynəlxalq səviyyədə tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nda birtərəfli qaydada qeyri-qanuni prezident seçkiləri keçirməsi bunu sübut edir. Ermənilərin bu addımı, həmçinin bölgədə o qədər möhkəm olmayan atəşkəs rejiminin pozulması üçün şərait yaradır", - deyə P.Qauveyler vurğulamışdır.

Deputat demişdir ki, Ermənistan mövcud münaqişəni daha da alovlandırmağa çalışır. Bu ölkənin sülhün tərəfdarı olmadığı aydın görünür.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.4.