Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə
və Turizm İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının II Konqresi
keçirilmişdir
Sentyabrın
27-də Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı,
Meşə və Turizm İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının II Konqresi keçirilmişdir.
Konqresdə Türkiyə, Azərbaycan,
Rumıniya, Monteneqro, Bosniya və Herseqovina, Gürcüstan və
s. ölkələrin sahə həmkarlar ittifaqlarının
nümayəndələri iştirak etmişlər.
Tədbirdə federasiyanın prezidenti
Cemail Bakındı Avrasiya Federasiyasının I Konqresindən
sonra görülən işlər və qarşıda duran vəzifələr
barədə məruzə ilə çıxış
etmiş, bu sahədə Azərbaycan ilə Türkiyənin əməkdaşlığından
danışmışdır.
Konqresdə çıxış edən
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyev bildirmişdir ki, 2007-ci ildə təsis edilmiş
Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və
Turizm İşçiləri Həmkarlar İttifaqı
Federasiyası 5 ildən bir özünün konqresini
keçirir. Federasiyanın yaradılmasının məqsədi
Avrasiya bölgəsində fəaliyyət göstərən
sahə həmkarlar ittifaqlarının işçilərin
qanuni hüquqlarının qorunması, layiqli əmək,
azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi
sahəsində üzləşdikləri oxşar problemlərin
həllinə dəstək verilməsi, bölgədə yerləşən
transmilli şirkətlərlə danışıqların
aparılması prosesində qarşılıqlı əməkdaşlıq
və təcrübə mübadiləsinin təşkilini həyata
keçirməkdir. Təşkilat bölgənin 12 ölkəsinin
sahə həmkarlar ittifaqlarını birləşdirir.
Federasiyanın ilk konqresi 2007-ci ildə İstanbulda
keçirilmişdir. İkinci konqresin Bakıda keçirilməsinin
ölkəmiz üçün
çox böyük əhəmiyyəti vardır.
S.Mehbalıyev Dağlıq Qarabağ
probleminə toxunmuş, Azərbaycanın 1 milyondan çox
qaçqın və məcburi köçkününün
olduğunu iştirakçıların diqqətinə
çatdırmışdır.
Daha sonra S.Mehbalıyev tədbir
iştirakçılarına Azərbaycan
iqtisadiyyatının inkişafı, bu sahədə
aparılan islahatlar, əldə olunan nailiyyətlər,
regionların tərəqqisi, ölkədə yeni iş yerlərinin
yaradılması, qeyri-neft sektorunun, turizmin inkişafı barədə
geniş məlumat vermişdir.
Tədbirdə federasiyanın 2012-2017-ci
illər üçün fəaliyyət proqramı təsdiq
edilmiş, rəhbər orqanlar seçilmişdir.
AzərTAc
Azərbaycan.-2012.-28
sentyabr.-S.4.