Fransa ilə
iqtisadi əlaqələr
qarşılıqlı maraqlara söykənir
Prezident İlham Əliyevin Fransaya
bu ayın ikinci
ongünlüyündəki işgüzar
səfəri də mühüm əhəmiyyət
daşıyır. Bu səfər iki ölkə arasında olan
siyasi-iqtisadi münasibətləri daha da yaxınlaşdırmaqla
məhdudlaşmır. Fransa dünyada, o cümlədən
Avropada söz sahibi olan, beynəlxalq məsələlərin
həllinə təsir göstərə bilən dövlətlərdəndir.
Fransanın ölkəmiz üçün
bir əhəmiyyəti də ondan ibarətdir ki, bu dövlətin nümayəndəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən
biridir. Bu səbəbdən
Avropanın bu qüdrətli dövləti
ilə normal münasibətlər ölkəmiz
üçün çox
faydalıdır.
Fransa da ölkəmizə
böyük maraq
göstərir. Bu ölkə Avropanın enerji təhlükəsizliyinə xüsusi önəm verdiyindən Azərbaycanla
enerji sahəsində
qarşılıqlı əməkdaşlıqda
maraqlıdır. Heç təsadüfi deyil ki, Fransaya budəfəki səfər
çərçivəsində Prezident İlham Əliyevlə görüşündə
Fransanın dövlət başçısı Fransua Olland iki ölkə arasında sürətlə inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrdən
məmnun olduğunu bildirmişdir.
Fransa şirkətlərinin Azərbaycan
iqtisadiyyatında fəal rolu və ölkəmizə
sərmayə qoymasının əhəmiyyətini vurğulayan Olland bu sahədə əməkdaşlığın
yaxşı perspektivlərinin olduğunu
söyləmişdir.
Səfər
zamanı Prezident İlham
Əliyevin "Fransa Sahibkarlar
Təşkilatına - MEDEF İnternational"a üzv olan
müxtəlif şirkətləri təmsil edən 60-a
yaxın iş adamı ilə də görüşü olmuşdur.
Bu görüş səbəbsiz
deyildi. Belə ki, dünya maliyyə
böhranının səngimədiyi bir
dövrdə Azərbaycanın dinamik
inkişafı fransız sahibkarları çox
maraqlandırır. Çünki
Avropadakı iqtisadi tənəzzül
fransız iş adamları üçün yeni bazar və tərəfdaşlar axtarıb tapmaqda xüsusi əhəmiyyət
kəsb edir. Buna
görə də Fransanın işgüzar
həyatında mühüm rol oynayan bütün
şirkətlərin rəhbərləri Prezident
İlham Əliyevlə keçirilən
görüşə ümidlə qatılmışdılar.
Prezident İlham Əliyev
görüşdə bildirdi ki, ölkəmiz enerji təminatı
marşrutlarının şaxələndirilməsinə xüsusi əhəmiyyət verir
və bu da Azərbaycanla
Avropanın maraqlarının üst-üstə düşməsi
deməkdir. Dövlət başçısı
həmçinin vurğuladı ki, həyata
keçirilən iqtisadi siyasət nəticəsində
Azərbaycanda iqtisadiyyatın
şaxələndirilməsinə nail olunmuşdur. Ölkəmizin
qazandığı uğurlardan söz açan Azərbaycan
Prezidenti qeyd etdi ki, bu
ilin 6 ayı ərzində qeyri-enerji
sektorunda ümumi daxili məhsul 10 faiz
artıb, ümumiyyətlə son 8 ildə
üç dəfə artım qeydə
alınıb. Dövlət
başçısı iştirakçılara həmçinin
Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, ölkəmizdə
çalışan Fransa şirkətlərinin
fəaliyyəti, enerji, nəqliyyat, səhiyyə,
turizm, informasiya və
kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə
əməkdaşlığın mühüm
istiqamətləri barədə geniş
məlumat verdi.
"Total" şirkətini təmsil edən Mişel Borrel isə
ölkəmizlə neft sektorunda
uzunmüddətli əməkdaşlıqdan məmnun
qaldığını bildirdi. O dedi: "Hesab edirəm ki, şərhimin üç
əsas elementində də qeyd etdiyim kimi, SOCAR ilə və
Azərbaycandakı digər şirkətlərlə tərəfdaşlıq
bizim uğurumuzun
açarıdır. "Total"ın Azərbaycandakı sərmayə
payı ölkənizin investisiya mühitinin cəlbediciliyi, sabitlik
və bizə layihələrimizə uzun
müddətə milyardlarla dollar investisiya yatırmaq
imkanı verən güvənlik haqqında söylədiklərinizin
aydın şəkildə nümayişidir".
Çıxışlardan
sonra Azərbaycanın dövlət
başçısı iştirakçıları
maraqlandıran sualları cavablandırdı. Prezident
Azərbaycanda kosmik sənayenin
inkişafı ilə bağlı sualı cavablandırarkən
dedi: "Strateji cəhətdən
önəmli olan sahələrdə biz vaxt itkisinə yol vermirik. Bu
məqsədlərə nail olmaq istiqamətində fəaliyyət göstəririk.
Biz çox zaman qarşımıza ambisiyalı və
qısamüddətli planlar, hədəflər
qoyuruq. Lakin bunları
icra etmək heç
də mümkünsüz deyildir.
Biz o cür
fəal və cəld şəkildə işləməsəydik,
əks təqdirdə 8 il müddətində
ümumi daxili məhsulu
üç dəfə artıra bilməzdik.
Bu, yaxın gələcək üçün nəzərdə tutulmuş bir layihədir.
Mən sizin "Azərkosmos" ilə əməkdaşlığınızı
tam dəstəkləyirəm və bu sahədə möhkəm əməkdaşlıq
münasibətlərinin yaranacağına əminəm".
Dövlət
başçısı tədbirin sonunda
ölkəmizin qarşısında duran inkişaf perspektivlərindən
danışaraq bildirdi ki,
müstəqilliyimizin ilk illəri ölkəmiz
üçün çox
çətin olub. Ermənistanın
ölkəmizə təcavüzü, ərazilərimizin işğal olunması, vətəndaş
müharibəsi, iqtisadiyyatın tənəzzülə
uğraması müstəqilliyimizin ilk
illərində qarşılaşdığımız çətinliklər
idi. Odur ki, dövlətçiliyimizi bərpa etmək
üçün hər şeyi
sıfırdan aşağı həddən başlamağa
məcbur olduq. Bunun üçün ölkədə siyasi sabitlik bərpa edildi, geniş iqtisadi islahatlar həyata keçirildi.
Ölkəmizin inkişaf perspektivlərindən
danışarkən isə Prezident bildirdi: "Bizim gələcəyə
baxışımız aydındır. Biz
Azərbaycanı gələcəkdə müasir,
inkişaf etmiş,
beynəlxalq birliyə tam inteqrasiya
olunmuş və bütün
azadlıqlar, o cümlədən iqtisadi azadıqlar təmin edilmiş
yüksək həyat standartlarına malik
olan ölkə kimi görürük. Yəqin ki,
hər bir ölkə rəhbəri
ölkəsi və vətəndaşları üçün
bunları arzulayır. Bizim bunlara nail olmaq
üçün çox
yaxşı imkanlarımız vardır. Yenidən əvvəldə
dediyimiz sözlərə qayıtmaq istərdim.
Fransa ilə Azərbaycan arasında ikitərəfli
münasibətlər çox əhəmiyyətlidir.
Bütün bu illər ərzində biz yüksək səviyyəli
qarşılıqlı əməkdaşlıq və
anlaşmanın şahidi olmuşuq.
Ötən gün Prezident
Fransua Olland ilə görüşümüz bir
daha təsdiqlədi ki,
indiyədək görülmüş
işlər yeni əməkdaşlıq
üçün qapılar açır. Ona görə də şirkətlərin rolu əvvəlkindən daha
çox ola bilər. Çünki indi Azərbaycan
10 il əvvəlkindən daha
çox imkanlara malikdir. Biz islahatlar
xəttini davam etdirəcəyik və gələcəkdə
şirkətlərimiz üçün yeni layihələr daha da artacaqdır".
Prezident İlham Əliyev öz
çıxışlarında dəfələrlə qeyd
etmişdir ki, dövlətimiz inkişaf etmiş ölkələrlə
iqtisadi münasibətlər qurmağa üstünlük verir
və bu məqsədlə həmin ölkələrlə
iqtisadi əməkdaşlığı ildən-ilə genişləndirir.
Prezidentin Fransaya son səfəri və bu ölkənin
işgüzar dairələri ilə olan görüşlərə
əsaslanıb deyə bilərik ki, Fransa ilə iqtisadi əlaqələrimiz də
daha yüksək səviyyəyə çatacaq.
Rüstəm KAMAL
Azərbaycan.-2012.-28
sentyabr.-S.5.