Böyük şairin yubileyinə yüksək səviyyədə
hazırlıq görülür
Neçə vaxt
idi ki, bu
əlamətdar günə hazırlıq görülürdü.
Gəncə başdan-başa
Nizami nuruna boyanıb. "Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
870 illik yubileyinin keçirilməsi haqqında"
dövlət başçısı
İlham Əliyevin sərəncamına uyğun
olaraq bir-birindən maraqlı və məzmunlu tədbirlər
təşkil edildi. Şairin məqbərəsi,
Nizami meydanı, "Xəmsə" kompleksi, Nizami küçəsi, onun adı ilə
bağlı olan digər yerlər tamamilə yenidən quruldu, ulu şairin
ədəbi irsinin öyrənilməsi və
təbliği üçün
dövlət səviyyəsində
sistemli işlər görüldü.
İndi Gəncəni
tanımaq olmur. Nizami məqbərəsindən
şəhərin ən
müxtəlif guşələrinə
kimi hər yer al qumaşa bürünüb. Nizaminin
portretləri, əsərlərindən
fraqmentlər, miniatürlər,
ulu şairin müdrik sözləri hər yanı bəzəyir.
Mərkəzi meydan başdan-başa yenidən qurulub. Bir-birindən yaraşıqlı,
zəngin pavilyonlar yan-yana düzülüb.
Bu, Nizamiyə gəncəlilərin
sevgi və məhəbbətini əks
etdirən nəhəng
bir muzeyə bənzəyir. Elm, təhsil,
səhiyyə, mədəniyyət
müəssisələrinin, ayrı-ayrı həvəskarların
ulu şairin yubileyinə hazırladıqları
ən müxtəlif töhfələr nümayiş
etdirilir.
Geniş meydan
əsl Nizami ovsununa düşüb.
Hara baxırsan, ulu şairin əsərləri,
personajları, sənətsevərlərin
ona həsr etdikləri töhfələr,
"Xəmsə"nin motivləri
əsasında hazırlanmış
səhnəciklər nümayiş
olunur. Əsaslı surətdə bərpa olunmuş və yanında üçrəngli
bayraq ucaldılmış
inzibati binanın sütunları "Xəmsə"nin
beş incisinin ən önəmli fraqmentləri ilə bəzənib. Başda da ulu öndər
Heydər Əliyevin müdrik sözləri:
"Azərbaycan xalqının
qədim tarixini, ədəbiyyatını Şərq
aləmində, bütün
dünyada Nizami Gəncəvi ilə tanıyırlar".
Ümummilli lider
Heydər Əliyevin qayğısı və köməyi ilə Azərbaycan müstəqillik
əldə edəndən
sonra şairin ölməz ədəbi irsi daha qayğı
və diqqətlə öyrənilir, geniş təbliğ olunur. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev türk xalqının iftixarı,
Azərbaycanın ölməz
oğlu Nizami Gəncəviyə öz əməli fəaliyyəti
ilə sonsuz məhəbbətini bildirir.
Dövlət başçısı
İlham Əliyevin sərəncamı ilə
belə möhtəşəm
tədbirin keçirilməsi
ümumən ulu tariximizə, onun ədəbiyyatına, incəsənətinə,
ölməz dühalarına
olan dərin ehtiramın təcəssümüdür.
Dövlətin qayğısı və köməyi ilə Gəncədə elmi-tədqiqat
Nizami İnstitutu fəaliyyətə başladı,
altı şöbədən
ibarət Nizami mərkəzi yaradıldı.
Yubileyin tədbirlər
planına uyğun olaraq professor Xəlil Yusifli "Leyli və Məcnun" poemasını əruz vəznində tərcümə
etdi, Samir Pişnamazzadənin "Nizami
Gəncəvi yaradıcılığına
əxilik ideologiyasının
təsiri" adlı
monoqrafiyası, tanınmış
alim Əfrasiyab Vəkilovun "Blokadalı
Leninqradda Nizami yubileyi" kitabı,
professor Mübariz Yusifovun
"Nizamidə azərbaycançılıq"
əsəri, habelə
31 alimin iştirakı
ilə hazırlanmış
"Gəncə şəhərinin
tarixi" kitabı çap olundu. Otuz illik fasilədən
sonra "Nizamişünaslıq"
jurnalının nəşri
bərpa edildi, qonaqlar üçün Gəncə şəhəri
barədə "Bələdçi"
- məlumat toplusu hazırlandı. "Gəncənin
səsi" və
"Novosti Qyandji"
qəzetlərinin xüsusi
nömrələri buraxıldı.
Yubiley ərəfəsində
daha bir çox dəyərli iş görüldü. Avstriya, Almaniya, Böyük Britaniya kitabxanalarında, Saltikov Şedrin adına Rusiya Milli Kitabxanasında
və digər yerlərdə qorunan "Xəmsə" əlyazmalarının
nadir nüsxələrinin surətləri
Gəncəyə gətirildi.
"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvi" adlı
kitab, şairin sözlərinə bəstələnmiş
mahnılardan ibarət
kompakt disk və sənətşünas Sevda
Qurbanəliyevanın hazırladığı
"Nizami əsərləri
miniatürlərdə" toplusu nəfis şəkildə sənətsevərlərə
çatdırıldı.
Şəhər təhsil idarəsində,
Gəncə Dövlət
Universitetində, Dövlət
Aqrar Universitetdə, Texnologiya Universitetində,
Müəllimlər İnstitutunun
Gəncə filialında,
Humanitar Kollecdə və Çağ Öyrətim Liseyində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr
olunmuş praktik konfranslar keçirildi, ölməz şairin zəngin ədəbi-fəlsəfi
irsi ətrafında elmi məruzələr dinlənildi.
Ayrı-ayrı kollektivlər dəyərli
töhfələr hazırladılar.
Məsələn, 44 nömrəli
bağça-məktəb-liseyin kütləvi tirajla hazırladığı Nizami
döş nişanı
diqqəti cəlb edir. Yeni istifadəyə
verilmiş 30 nömrəli
məktəbdə Nizami
guşəsi, Dövlət
Aqrar Universitetində Nizaminin təbiət aləmi kompleksi, Gəncənin qocaman ocağı olan 1 nömrəli məktəbdə
Nizami muzeyi, onlarca məktəbdə və mədəniyyət
ocağında Nizami guşələri yaradılıb.
Yubileyə hazırlığın
miqyası çox geniş idi. Dünyanın bir sıra tanınmış
alimləri bu mühüm işə cəlb olunmuşdu. Almaniyalı nizamişünas
Sevil Fuksun iştirakı ilə Gəncə
Regional Elm Mərkəzində keçirilən seminar çox
mətləblərə işıq
saldı. Misirin İsgəndəriyyə kitabxanasının
rəhbəri, doktor İsmayıl Serageldinin Nizami irsinin təbliğindəki fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Gəncədə
İ.Serageldi ilə birlikdə dahi şairin yubileyi münasibəti ilə görülən digər
tədbirlər də
təqdirəlayiqdir.
Gəncə böyük
fərəh içindədir.
Dünəndən yaxın-uzaq
ellərdən möhtərəm
qonaqlar şənliklərdə
iştirak etmək üçün Nizami yurduna gəlirlər. Onlar gül-çiçəklə,
mahnı, musiqi ilə qarşılandı,
beynəlxalq tələblərə
tam cavab verən
"Ramada-plaza" mehmanxanasında yerləşdirildi.
Sentyabrın 29-da isə möhtəşəm
yubiley tədbirləri
ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanacaq, məqbərə kompleksinin
önündə möhtəşəm
bayram şənliklərinə
meydan veriləcəkdir.
Rəngarəng tədbirdə
qonaqlar ədəbi-bədii
kompozisiyanın təqdimatı,
ölməz şairin
poemalarına həsr olunmuş rəsmlərin,
xalça və tətbiqi sənət əsərlərinin sərgisi
ilə tanış olacaq, müxtəlif dillərdə şairin ölməz əsərlərindən
parçaları dinləyəcəklər.
Sonra Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təməli
qoyulacaq, ulu şairin poemalarının
və yeni tərcümə edilmiş
kitabların təqdimatı
olacaqdır.
Ayın 30-da keçiriləcək yekun
tədbirlərdə əsaslı
surətdə yenidən
qurulan Gəncənin görkəmli yerləri, Heydər Əliyev adına meydan, Şah Abbas məscidi, Çökək
hamam, Cavad xan türbəsi, Gəncə seyrangahı, Bayraq meydanı, "Xəmsə" kompleksi ilə tanışlıq,
dahi şairin adına yeraltı keçidin açılışı
və kitabxananın təməlinin qoyulması
nəzərdə tutulub.
Həmin gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Himayədarlar Şurasının
təsis yığıncağının
və beynəlxalq elmi-praktik konfransın keçirilməsi, Gəncə
Şəhər İcra
Hakimiyyəti ilə İsgəndəriyyə, Türkiyə,
Gürcüstan və
Kəşmir milli kitabxanaları arasında əməkdaşlıq haqqında
niyyət protokolunun, Gəncə şəhəri
ilə Tacikistan Respublikasının Xocənd
şəhəri arasında
"Qardaşlaşmış şəhərlər" sazişinin imzalanması, sonda isə Heydər Əliyev adına meydanda incəsənət ustalarının
bayram konserti gözlənilir.
Gəncə elliklə
yubileyə gəlir. Hamının qəlbi sevinclə, fərəhlə
döyünür.
Əhməd İSAYEV
Azərbaycan.-2012.-28
sentyabr.-S.6.