«Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

 Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında "Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, elm, mədəniyyət xadimlərinin, bəstəkarların və musiqişünasların iştirak etdikləri konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ölməz sənətkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən danışmışdır. Konfransın aktual mövzuya həsr edildiyini bildirən F.Əlizadə qəzəl janrının inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Konfransda professor Tərlan Quliyevin "Klassik Şərq və Azərbaycan musiqişünaslığında qəzələ münasibət", bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın "Ü.Hacıbəylinin musiqili qəzəllərində əruzun təzahürünə dair", Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Kərimlinin "Azərbaycan muğam mətnlərinin poetik xüsusiyyətləri", musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin "Ü.Hacıbəylinin qəzəl-romanslarının musiqi-mətn əlaqələrində intonasiya uyğunluğu", tədqiqatçı Hacı Ələmdar Mahirin "Müasir şeirimizdə qəzəl" və xalq artisti Canəli Əkbərovun "Rast" muğamına bir nəzər" mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.