Azərbaycan arxeologiyasının uğurları və problemləri

 

 Dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da tarixin qədim dövr mərhələləri yalnız arxeoloji qazıntılar əsasında tədqiq edilir. Yazılı məlumatların çox da zəngin olmadığı antikorta əsrlər dövrlərinin tarixinin tədqiqini də arxeoloji araşdırmalarsız təsəvvür etmək mümkün deyil. Bu baxımdan Azərbaycan arxeoloqları XX əsrdə və XXI əsrin əvvəlində olduqca böyük işlər görmüşlər.

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Qarabağdakı Azıx mağarasında aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışlar. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün şəhərləri, yüzlərlə qəbir abidələri, antikorta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr aşkar olunub tədqiq edilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycanda arxeolojietnoqrafik tədqiqatların yüz ildən artıq tarixinin olmasına baxmayaraq bu sahələrdə inqilabi inkişafa yalnız məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - ötən əsrin 70-80-ci illərində nail olunmuşdur. Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeolojietnoqrafik ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr - arxeoloji-etnoqrafik materiallar toplanmışdır. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın, demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmış, qədim və yaxın tariximizin ən nəfis nümunələrini nümayiş etdirmək, qorumaq və tədqiq etmək məqsədi ilə bu muzeylərdə toplanmışdır. Xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilmiş, regionlarda arxeoloji qazıntı işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün arxeoloji bazalar yaradılmışdır.

Ulu öndər Heydər Əliyev tarixi abidələrdə və arxeoloji qazıntı sahələrində dəfələrlə olmuş, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini həmişə qeyd etmişdi.

Onun respublikamıza rəhbərlik etdiyi illərdə tarixi abidələrin mühafizəsinin çox mühüm hüquqi bazası yaradılmışdı. Belə ki "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" 1998-ci il 10 aprel tarixli və "Arxeoloji irsin mühafizəsi haqqında Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" 1999-cu il 20 oktyabr tarixli qanunlar qəbul edilmişdir. Ulu öndər 2003-cü ildə "Şabran" və "Çıraqqala" qoruqlarının yaradılmasını və "İçərişəhər" qoruğunun fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan sərəncamlar imzalamışdı.

2008-ci il fevralın 5-də ölkə Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Həmin sərəncama əsasən 2008-2009-cu illərdə arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı xüsusi vəsait ayrılmış, bu da arxeoloji ekspedisiyaların fəaliyyətini xeyli gücləndirmişdir. 2012-ci ildə arxeoloji araşdırmalarla bağlı Prezident daha iki sərəncam imzaladı. Onlardan biri Tovuz rayonundakı neolit dövrünə aid "Göytəpə" abidəsində geniş tədqiqatların aparılmasını və orada arxeoparkın yaradılmasını, ikincisi isə 2012-2014-cü illərdə respublika ərazisində arxeoloji araşdırmaların aparılması üçün məqsədyönlü vəsaitin ayrılmasını nəzərdə tutur. Bu sərəncamlar arxeoloji abidələrimizin tədqiqinə göstərilən ən böyük diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, qədim tariximizin daha dərindən öyrənilməsi üçün arxeoloq alimlər qarşısında mühüm vəzifələr qoymuşdur.

Son üç ildə tədqiqata cəlb edilmiş abidələr qədim insan düşərgələri, erkən oturaq əkinçi mədəniyyətlərinə aid yaşayış məskənləri və qəbir abidələri, tunc dövrünün yaşayış məskənləri və qəbir abidələri, antik və erkən orta əsrlər dövrünün şəhər mədəniyyəti və müxtəlif tip qəbir abidələri, orta əsrlər dövrünün möhtəşəm şəhərləridir. Son tədqiqatlar isə aşağıda izahını verəcəyimiz nəticələrə gəlməyə imkan verir:

Qədim daş dövrünə aid qazıntı və arxeoloji kəşfiyyat işləri aparılmışdır. Lerik rayonundakı Zuvandçay, Şərurdakı Qazma mağaralarında arxeoloji qazıntılar aparılmış, ibtidai insanların yaşayış tərzi barədə yeni məlumatlar toplanmışdır. Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində, İsmayıllı, Qəbələ rayonlarında paleolit abidələrinin axtarış işləri aparılmış, bu bölgədə bəşəriyyət tarixinin hələlik ən azı 450-500 min il olduğu, Azərbaycanın qərb bölgəsində isə qədim insanların məskunlaşma tarixinin əvvəllər hesab edildiyindən daha qədim - ən azı 1 milyon il olması müəyyən edilmişdir.

Son illər Azərbaycanın neoliteneolit dövrlərinin erkən əkinçi maldar tayfalarının tarixini özündə əks etdirən qədim abidələrin tədqiqi diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrinin (Almaniya, Fransa, Yaponiyas.) arxeoloqlarının bu dövr abidələrinə xüsusi marağı onlarda geniş arxeoloji tədqiqatların aparılmasını xüsusilə aktual bir məsələyə çevirib. 2009-cu ildə Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində neoliteneolit dövrlərinə aid qədim yaşayış məskənlərində geniş arxeoloji qazıntı işləri aparılıb.

Ağstafa rayonundakı neolit dövrü Həsənsu yaşayış yerində aparılan qazıntılar elmi baxımdan xüsusilə maraq doğurur. Belə ki, bu abidənin mədəni təbəqəsinin alt qatlarında aşkar edilmiş arxaik səciyyəli maddi mədəniyyət qalıqları bölgədə məlum olan erkən əkinçi-maldar tayfalara məxsus Şomutəpə arxeoloji mədəniyyətinin (e.ə. VI minillik) daha erkən, keramikaya qədərki istehsal neoliti əsasında təşəkkül tapdığını, ümumiyyətlə, əkinçilik mədəniyyətinin Azərbaycanda yerli köklərə bağlı olduğunu göstərmişdir. Həsənsu yaşayış məskəni bu gün bütövlükdə Cənubi Qafqazda neolit dövrünün erkən əkinçiliyə aid ən qədim abidəsi olub, e.ə. VII minilliyin sonu - VI minilliyin əvvəlini əhatə etmişdir.

Tovuz rayonundakı neolit dövrü Göytəpə yaşayış yerinin qazıntısına əcnəbi alimlərin də cəlb edilməsi bu abidənin müasir texnologiyanın köməyi ilə daha ətraflı öyrənilməsinə şərait yaratmışdır. Belə ki bu abidədən götürülmüş maddi mədəniyyət nümunələrinin, osteoloji qalıqların və s. trasaloji, radiokarbon, paleobotanik, paleozooloji analizləri Yaponiyanın müasir laboratoriya avadanlığı ilə aparılmışdır. Hazırda Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən Göytəpədə arxeoparkın yaradılması işləri həyata keçirilir.

Neolit dövrünə aid abidələrdən Qarabağda - Ağcabədi rayonu ərazisində Azərbaycan - Almaniya beynəlxalq ekspedisiyası tərəfindən qazılan, e.ə. VI minilliyə aid Kamiltəpə yaşayış yerini qeyd etmək lazımdır. Burada aşkara çıxarılmış qədim memarlıq strukturlarının analoqu Qafqazda məlum deyil.

Eneolit dövrünün (e.ə. V min. sonu - IV min. əvvəli) ən maraqlı abidələrindən biri Qəbələ aeroportu ərazisində tikinti zamanı aşkar edilmiş Qala yeri qədim yaşayış məskənidir. Leylatəpə arxeoloji mədəniyyətinə aid bu abidədə aparılan qazıntılar eneolit dövründə Mesopotamiyadan Cənubi Qafqaza, daha sonra Şimali Qafqaza qədim tayfaların miqrasiyalarının, qədim mədəniyyətlərin qarşılıqlı əlaqələri tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir.

Sonrakı tarixi mərhələyə - ilk tunc dövrünə (e.ə. IV - III minilliklər) aid Xaçmazda (Sərkərtəpə), Şərurda (I Maxta), Abşeronda (Türkan), Goranboyda (Göl yeri), Qubada (Xınalıq) və s. yerlərdə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə ilk tunc dövrü insanlarının yayılma arealını, məişəti, maddi və mənəvi mədəniyyətini, dini inamlarını, dəfn adətlərini əks etdirən zəngin tapıntılar əldə edilmişdir.

Naxçıvanda erkən şəhər mədəniyyətinə aid orta tunc dövrü (e.ə. III min. sonları - II min. birinci yarısı) - II Kültəpə yaşayış məskənində aparılan qazıntılar bu qədim şəhərdəki istehsal emalatxanalarının aşkar edilməsi ilə nəticələnmişdi. Oğuz rayonundakı orta tunc dövrünə aid kurqan abidələrinin qazıntısı olduqca zəngin keramikametal məmulatının aşkarlanması, maraqlı dəfn adətinin izlənməsi ilə müşayiət edilmişdir. Belə kurqanlar Azərbaycan ərazisində çox az sayda qazılmışdır. Oğuz rayonundakı bütöv bir kurqan nekropolunun aşkar edilməsi və buradakı kurqanların qazıntısı bu mədəniyyətin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmasını sübut etmişdir.

Son tunc - erkən dəmir dövründə (e.ə. II min. ikinci yarısı - I min. əvvəli) iqtisadiyyatın sürətli inkişafı, cəmiyyətdə baş verən sosial, iqtisadisiyasi yüksəliş prosesləri tarixi, Azərbaycan ərazisindəki bu dövrə aid müxtəlif növ abidələrin qazıntısı ilə tədqiq edilir. Gəncə - Qazax, Qarabağ, Naxçıvan bölgələrində son tunc erkən dəmir dövrünə aid qədim yaşayış məskənləri (Şahtaxtı, Sarvantəpə, Sumbatan, Oğlanqalas.), müxtəlif tip qəbir abidələri (Goranboy, Gədəbəy, Göygöl, Ağdams. rayonlarda) qazılmışdır. Bu qazıntılar nəticəsində son tunc-erkən dəmir dövrü sakinlərinin həyat tərzi, təsərrüfat məşğuliyyəti, iqtisadi, siyasi və mədəni əlaqələri, dəfn adətləri haqqında maddi faktlar əldə edilmişdir.

Şəmkir rayonundakı e.ə. I minilliyin ortalarına - erkən antik dövrə aid Qaracəmirli şəhər tipli yaşayış məskənində beynəlxalq ekspedisiyanın qazıntıları nəticəsində bölgədə o dövrün ən böyük şəhərinin qalıqları aşkara çıxarılmışdır. Burada şəhərin strukturunu, tikinti texnikasını və s. məsələləri izləmək mümkündür. Qazıntılar göstərdi ki, burada qeyd edilən dövrdə qaynar şəhər həyatı mövcud olmuşdur.

 

(ardı var)

 

 

Nəcəf MÜSEYİBLİ,

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun

 elmi işlər üzrə direktor müavini

Azərbaycan.-2012.- 28 sentyabr.- S. 8.