Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin yeni fərmanı tapılmışdır

 

 Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin yeni fərmanı tapılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov AzərTAc-a bildirmişdir ki,  fərmanın surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından götürülmüşdür.

P.Kərimov demişdir ki, fərmanın surətini ABŞ-da yaşayan azərbaycanlı tədqiqatçı Həsən Cavadi göndərmişdir. O, Azərbaycan tarixinə aid iki maraqlı material yollamışdır. Onlardan biri bu fərmandır. Fərmanda Səfəvi hökmdarının Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin etməsi əks olunmuşdur. Fərman "Əbülmüzəffər sözümüz" başlığı altında verilmişdir.

"Əbülmüzəffər" I Şah İsmayılın təxəllüsü olmuşdur. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında "sözümüz" yazılması da çox diqqətəlayiqdir Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini bariz surətdə əks etdirir.

Fərmanda əmr mənasında doğma dilimizdəki "buyuruq" sözünün işlədildiyini görürük. Hicri tarixi ilə 917-ci il rəbiüləvvəl ayının 7-də, miladi tarixi ilə 1511-ci il  iyunun 5-də imzalanmış bu fərmanın dilinin sadəliyi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətlərdəndir.

Digər material isə Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan ingilis dillərində çap edilmiş bu səfərnaməni Həsən Cavadi fars dilinə tərcümə etmişdir. Əsərdə XVI əsrin ortalarında Səfəvilər dövlətində, Anadolu Gürcüstanda siyasi-iqtisadi vəziyyət, baş vermiş bəzi tarixi hadisələr, ölkənin mədəniyyəti, yerli adət-ənənələr, Təbriz, Ərdəbil, Marağa şəhərləri barədə maraqlı məlumatlar vardır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 28 sentyabr.- S. 8.