Əli ƏHMƏDOV: Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirmişdir

 

 "Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirmişdir. Yeni Azərbaycan Partiyası partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir".

AzərTAc xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov söyləmişdir.

Əli Əhmədov demişdir ki, birmənalı şəkildə, belə hərəkətlər YAP-ın prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır. Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda, o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə YAP-ı Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir.

Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən YAP sədrinin müavini xüsusi vurğulamışdır ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyildir.

Əli Əhmədov demişdir: "Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunurbundan sonra da ifşa olunacaqlar. Dələduzların "yardımı" ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır".

Əli Əhmədov qeyd etmişdir ki, videogörüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılmışdır. Hüquq-mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcəkdir.

 

 

Azərbaycan.-2012.- 29 sentyabr.- S.2.