Yaltada MDB Hökumət
Başçıları Şurasının iclası olmuşdur
MDB İcraiyyə Komitəsinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
sentyabrın 28-də Yaltada (Krım, Ukrayna) MDB Hökumət
Başçıları Şurasının (HBŞ) növbəti
iclası olmuşdur. Azərbaycanın
nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq etmişdir.
Gündəlikdə
Birlik çərçivəsində
qarşılıqlı inteqrasiya əlaqələrinin
müxtəlif cəhətlərinə aid
iyirmidən çox məsələ olmuşdur.
HBŞ 2020-ci ilədək
olan dövr üçün MDB dövlətlərinin innovasiya əməkdaşlığına dair Dövlətlərarası proqramın həyata
keçirilməsi barədə 2012-2014-cü illər üçün Tədbirlər kompleksini təsdiq etmişdir.
Həmçinin 2015-ci ilədək olan dövr üçün informasiya cəmiyyətinin qurulmasında və
inkişafında MDB dövlətlərinin əməkdaşlıq
strategiyası və onun həyata
keçirilməsinə dair Fəaliyyət
Planı təsdiq olunmuşdur.
Azad ticarət zonası haqqında
müqavilənin qüvvəyə minməsi ilə əlaqədar
iclasda hökumət
başçılarının Bəyanatı qəbul edilmişdir. Hökumət
başçıları müqavilənin hazırlanması
sahəsində uzun illər boyu aparılmış işin
başa çatdırılmasını
alqışlayaraq bildirmişlər ki, bu sənəddə həm ÜTT-in
üzvü olan
dövlətlərin, həm də adı çəkilən
təşkilata qoşulmaq məsələsi
gündəlikdə duran dövlətlərin
mənafelərini birləşdirmək mümkün
olmuşdur. Bəyanatda qeyd edilmişdir ki, səmərəli fəaliyyət göstərən
azad ticarət zonası hazırda MDB-nin iştirakçısı olan dövlətlərin optimal
birgə fəaliyyət modelidir və Birliyin dövlətləri arasında ticarət-iqtisadi
münasibətlərin keyfiyyətcə yeni
səviyyədə və yeni hüquqi zəmində
formalaşdırılması üçün
əsas olacaqdır. Müqavilənin əsas müddəalarının
inkişafı iştirakçı dövlətlərin
xalqlarının rifahı naminə Birliyin
daha da möhkəmləndirilməsinə
təminat verəcəkdir.
İclasın
iştirakçıları Özbəkistan
Respublikasının Azad ticarət
zonası haqqında müqavilədə iştirakı məsələsinə
baxmışlar. Müvafiq ekspert
qrupuna tapşırılmışdır ki, 2011-ci ilin oktyabrında
razılaşdırılmış mövqelər əsasında
sənədin layihəsini hazırlasın. Nəzərdə
tutulur ki, bu məsələ barədə
danışıqların iştirakçısı olan dövlətlərin hökumətləri
göstərilən sənədin cari ilin sonunadək imzalanması məqsədilə
onun layihəsinin dövlətdaxili
razılaşdırılmasını həyata keçirəcəklər.
Birlik ölkələrinin pərakəndə ticarət
şəbəkələrində ərzaq mallarının
satışı xidmətləri bazarında rəqabətin vəziyyəti
müzakirə edilmişdir. İclasın
iştirakçıları MDB-nin
iştirakçısı olan dövlətlərin
antiinhisar orqanları və Dövlətlərarası
Antiinhisar Siyasəti Şurası tərəfindən aparılan və pərakəndə
ticarət şəbəkələrində bərabər rəqabət
imkanlarının təmin edilməsinə və genişləndirilməsinə
yönəldilmiş işi bəyənmişlər.
Dövlətlərarası
Antiinhisar Siyasəti Şurasına
tövsiyə edilmişdir ki,
milli antiinhisar
orqanlarına və pərakəndə ticarət bazarında rəqabətin
inkişaf etdirilməsində, o cümlədən antirəqabət sazişlərinin
və analoji mallar
göndərənlər barəsində ayrı-seçkilik
praktikasının aradan qaldırılması sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin ticarət
sferasını tənzimləyən müvəkkil orqanlara kömək göstərsin.
Hökumət
başçılarına Moskvada Ümumrusiya Sərgi Mərkəzi əsasında
Birlik dövlətlərinin daimi fəaliyyət göstərən sərgilərinin
yaradılması işlərinin gedişi
barədə məlumat verilmişdir.
İclasın iştirakçıları "Mir"
Dövlətlərarası Teleradio
Şirkəti əsasında "Mir -24" informasiya
telekanalının Konsepsiyasını təsdiq etmişlər.
HBŞ-in üzvləri MDB-nin
baza təşkilatları statusunun
verilməsi barədə qərar qəbul etmişlər: MDB-nin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinə - nanotexnologiyalar sahəsində elmi
və innovasiya fəaliyyəti üzrə,
Rusiya Federasiyasının hökuməti
yanında Maliyyə Universitetinə və Ukrayna
Dövlət Vergi Xidmətinin Milli Universitetinə - vergilər və vergitutma sahəsində kadrların
hazırlanması, peşə hazırlığı və
ixtisasartırması üzrə.
İclasın
iştirakçıları qlobal maliyyə
sabitliyi naminə maliyyə tənzimi və
nəzarəti sahəsində Maliyyə Sabitliyi
Şurasının üzvü olmayan dövlətlərlə
qarşılıqlı əlaqələri genişləndirmək
məqsədilə Şurada Müstəqil
Dövlətlər Birliyi məkanında Regional Məsləhət Qrupunun yaradılması barədə Rusiya Federasiyası Maliyyə Nazirliyinin
informasiyasını bəyənmişlər.
Hökumət
Başçıları Şurası Vladimir
Sokolini MDB-nin Dövlətlərarası
Statistika Komitəsinin sədri təsdiq etmiş, MDB dövlətlərinin Sərhəd
Qoşunları Komandanları Şurasının təklifi ilə
polkovnik Marat
Abdırayevi (Qırğızıstan) MDB dövlətlərinin
Antiterror Mərkəzi rəhbərinin müavini, Birlik dövlətlərinin
Müdafiə Nazirləri Şurasının təklifi ilə
Veniamin Solovyovu (Rusiya) MDB dövlətlərinin Antiterror Mərkəzi rəhbərinin müavini təyin etmişdir.
Birliyin fəaliyyətinin bir
sıra büdcə-maliyyə və təşkilati məsələləri
də müzakirə olunmuşdur.
MDB Hökumət
Başçıları Şurasının növbəti
iclasının 2013-cü il mayın 31-də Minskdə
keçirilməsi nəzərdə tutulmuşdur.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.-2012.- 29 sentyabr.-
S.2.