Azərbaycan Prokurorluğunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir

 

 Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır.

 

İlham ƏLİYEV

 

 

 Yenidən əldə edilmiş müstəqilliyinin ikinci iyirmiilliyini yaşayan Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına inamla həyata keçirilən müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanaraq sürətlə inkişaf etməkdə, daha irimiqyaslı uğurlara və əhəmiyyətli qələbələrə imza atmaqda davam edir. Ötən illərin müqayisəli təhlili qeyd etməyə əsas verir ki, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər, tərəqqi endensiyası güclənərək özünü ildən-ilə daha qabarıq şəkildə göstərməklə yanaşı, yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu isə Azərbaycan Respublikasının inkişaf etmiş ölkələr sırasına daxil olmasına, onun beynəlxalq nüfuzunun artmasına, dünya dövlətləri sırasında layiqli yer tutmasına, bəşəri norma və prinsiplərə əməl edən müstəqil, sivil, demokratik və hüquqi dövlət kimi tanınmasına zəmin yaradır. Bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla həyata keçirilməyə başlanılmış, sonradan isə onun layiqli davamçısı, xalqına xidməti özünün həyat amalına çevirmiş möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən qlobal islahatların, ölkəmizin strateji inkişaf konsepsiyasının ardıcıl olaraq məqsədyönlü şəkildə reallaşdırılması nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Nazirlər Kabinetinin cari ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş iclasında söylədiyi yekun nitqində qeyd etmişdir ki, "Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük. Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir. Dünyanın üç aparıcı reytinq agentliyi - "Standard & Poor's", "Fitch" və "Moody's" Azərbaycanın kredit reytinqini artırmışlar. Baxmayaraq ki, Avropa ölkələrinin və Avropa banklarının reytinqləri eyni agentliklər tərəfindən aşağı salındı, Azərbaycanın kredit reytinqi qalxdı. Yəni bu, görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir".

Müstəqilliyinin ötən iyirmi ili ərzində misli görünməmiş inkişaf yolu keçərək ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanmış Azərbaycan Respublikasında növbəti eyni müddətdə  daha ciddi irəliləyiş yolu keçmək, ardıcıl inkişaf dinamikasına nail olmaq, daha əhəmiyyətli nailiyyətlər əldə etmək, qloballaşan dünyanı narahat edən bəşəri problemlərin həllində yaxından iştirak etmək, ölkəmizin gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirmək, irimiqyaslı sosial proqramları həyata keçirmək - bütövlükdə ölkənin yüksəkgəlirli ölkələr sırasına daxil olaraq vətəndaşlara beynəlxalq standartlara uyğun layiqli həyat səviyyəsini təmin etmək üçün konsepsiya və proqramlar hazırlanır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli 1862 nömrəli Sərəncamı ilə dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan-2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması tapşırılmışdır. Sərəncamda qeyd olunduğu kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Həyata keçirilən köklü və sistemli islahatlar nəticəsində hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda inkişaf etmiş dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara uyğun olan hüquq və qanunvericilik sistemi yaradılmış,  dövlət  təsisatları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmış, o cümlədən  prokurorluq orqanları tam yenidən qurulmaqla yeni dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə   əsaslanan müasir məzmunlu bir orqana çevrilmişdir. Sürətlə inkişaf edən ölkəmizdə ictimai münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq orqanlarının qarşısında duran vəzifələrin həcmi və məzmununa dair tələblər də adekvat dəyişikliyə məruz qalaraq artır. Bu isə prokurorluğun fəaliyyətinin ictimai tələbata uyğun olaraq təkmilləşdirilməsi və müasirləşdirilməsi prosesinin daimi olaraq həyata keçirilməsi zərurətini yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prokurorluğunun müasirləşdirilməsi cəmiyyətin və dövlətin inkişafı ilə bərabər davam edən  bir prosesə çevrilmişdir.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli 3065 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" müstəsna  əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə, inkişaf və hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi təmin olunmuşdur. Baş prokurorun müavinlərinin və idarə rəislərinin rəhbərliyi ilə yaradılmış çoxsaylı komissiya və işçi qruplarının səmərəli fəaliyyəti nəticəsində dövlət proqramında nəzərdə tutulmuş 23 bəndin, habelə onun yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 60-dan artıq tapşırığın müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrasına nail olunmuşdur. Görülmüş işlər son nəticədə hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin hərtərəfli müasirləşdirilməsinə, şəffaf prosedurlar əsasında gənc kadrların işə qəbulunun daha da intensiv davam etdirilməsinə, hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsinə, fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yeni tələblər səviyyəsində yeniləşdirilməsinə, Elm-Tədris Mərkəzi yaradılmaqla kadrların peşə hazırlığının artırılması işinin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır.

Dövlət proqramının icra müddətinin başa çatmasına baxmayaraq, prokurorluq orqanlarına  dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğının təzahürü olan bu mühüm sənəd fəaliyyətimizin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətlərini müəyyənləşdirən uzunmüddətli proqram kimi bundan sonra da əhəmiyyətli stimul rolunu oynayacaq, gələcəkdə planlaşdırılan bütün islahat tədbirlərimizin fundamental əsası olacaqdır.

Ölkə  həyatının bütün sahələrində uğur və nailiyyətlər əldə etməsi, daha yüksək inkişaf mərhələsinə qədəm qoyaraq yeni prioritet və hədəfləri müəyyən etməklə onlara nail olunması yollarını və mexanizmlərini araması bütün dövlət idarə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, xüsusən də prokurorluğun üzərinə yeni, daha mühüm vəzifə və öhdəliklər qoymaqla, daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir. Bunları dərk edən prokurorluq işçiləri öz vəzifə borclarını vicdanla yerinə yetirərək, vətəninə və xalqına  sədaqətlə xidmət etməyə, fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq, zamanın tələbləri səviyyəsində qurmağa çalışırlar. Fəaliyyətimizin əsas istiqamət və prioritetləri qüvvədə olan qanunvericiliyin müddəalarına və dövlət başçısının çıxış və nitqlərində göstərilən tələb və tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Cənab İlham Əliyevin 8 sentyabr 2011-ci il tarixdə Ceyranbatanda  sutəmizləyici qurğunun təməlqoyma mərasimindəki nitqində dövlət orqanlarının fəaliyyəti ilə bağlı qeyd etdiyi  "Müasirlik, qabaqcıl texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir" ifadəsi prokurorluq işçilərinin iş devizinə və əsas fəaliyyət tələbinə çevrilmişdir.

1 oktyabr 2012-ci il tarixdə prokurorluq işçilərinin peşə bayramı növbəti dəfə prokurorluq işçiləri və  ölkənin hüquq ictimaiyyəti tərəfindən  təntənəli şəkildə  qeyd ediləcəkdir. Nəzərə alsaq ki, prokurorluq işçilərinin peşə bayramı 1998-ci ildən qeyd olunur, biz dövlət səviyyəsində bu böyük diqqət və töhfənin sevincini artıq 15-ci dəfə yaşayacağıq. Hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə müəyyənləşdirilmişdir. Milli prokurorluq orqanlarının tarixinin 1 oktyabr 1918-ci ildən, Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının həmin tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun təsis edilməsindən hesablanmasına, 94 illik müddət ərzində  prokurorluğun çətin və şərəfli bir inkişaf yolu keçməsinə, mövcud olduğu vaxtdan prokurorluq orqanlarına həmişə mühüm vəzifələrin həvalə edilməsinə  baxmayaraq, bu təsisatın  dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, konstitusion statusa, yüksək nüfuzlu orqan olaraq hüquq sisteminin inkişafında əhəmiyyətli rola malik olması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  həyata keçirilərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bu təsisata olan yüksək dövlət qayğısının bariz nümunəsidir.

Hər dəfə öz peşə bayramını qeyd edərkən prokurorluq işçiləri ümummilli lider Heydər Əliyevin bu əlamətdar günün respublikamızda ilk dəfə olaraq 1998-ci ildə qeyd olunmasında iştirakını yüksək fəxr və qürurla yada salırlar. Prokurorluq işçilərinin peşə bayramına və prokurorluq orqanlarının yaradılmasının 80 illik  yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli dövlət tədbirində söylədiyi tarixi nitqində ulu öndər  prokurorluq işçilərinə dəyərli tövsiyələrini verərək prokurorluq orqanları qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Heydər Əliyevin  prokurorluq işçilərinin gündəlik fəaliyyət şüarına çevrilmiş  "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" kəlamı böyük ruh yüksəkliyi və iftixar hissi yaratmışdır.

Prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi prokurorluq orqanlarının tarixində silinməz izlər buraxan əlamətdar bir hadisə olmuşdur. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, müasir tələblərə cavab verən hüquq sisteminin formalaşması, dövlət orqan və təsisatlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində ardıcıl və ciddi islahatlar  həyata keçirən dövlət başçısı cənab İlham Əliyev prokurorluğa xüsusi qayğı göstərərək prokurorluq işçilərini 90 illik yubiley münasibətilə təbrik etməklə, bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını diqqətə çatdırmışdır.

Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklər baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüldüyü göstərilməklə yanaşı, prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələr vurğulanaraq, əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğu xüsusi olaraq göstərilmişdir.

Dövlət başçısının bu tövsiyələrinin icrası ilə əlaqədar olaraq qeyd olunan tələblərə cavab verən prokurorluq işçiləri korpusunun formalaşdırılması istiqamətində aparılan işlər ardıcıl olaraq davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq gənc hüquqşünasların işə qəbulu ilə əlaqədar 2011-ci ildə test imtahanı, yazılı imtahan və müsahibədən ibarət növbəti 10-cu müsabiqə keçirilməklə hər üç mərhələni uğurla başa vurmuş 108 namizəd Ədliyyə Nazirliyinin Akademiyasında icbari təhsilə cəlb edilərək peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra vakant vəzifələrə təyin edilmişlər.

Hazırda cari il mayın 31-də 100 ştat vahidi üzrə elan edilmiş  müsabiqənin uğurla həyata keçirilməsi üçün zəruri təşkilati tədbirlərin görülməsi təmin olunur. Bu müsabiqə ilə əlaqədar 13 sentyabr 2012-ci il tarixdə 442 gənc hüquqşünasın iştirak etdiyi  test imtahanı keçirilmişdir. Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmiş, imtahanı 30-dan yuxarı hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər. İmtahan başa çatdıqdan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasında elektron-hesablayıcı maşınlar vasitəsilə namizədlərin cavab kartları yoxlanılmış və 90 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda  iştirak etmək hüququ qazanmışdır.

Prokurorluq orqanlarında vakant vəzifələrin demokratik və şəffaf prosedurlar əsasında dövlətçiliyə sadiq, sağlam mənəviyyata, geniş dünyagörüşünə və yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə 2002-ci ildən başlayaraq indiyədək 10 müsabiqə keçirilməklə 499 şəxsin prokurorluğa qulluğa qəbul edilməsi nəticəsində yeni nəsil prokurorluq işçilərinin nisbəti 16 dəfədən çox artaraq prokurorluq işçilərinin cəminin təxminən 50 faizini  təşkil etmişdir. Cari ildə keçirilən 11-ci müsabiqə başa çatdıqdan sonra isə bu nisbət daha da artaraq prokurorluq orqanlarının əməliyyat işçilərinin böyük hissəsini yeni işə qəbul edilmiş şəxslər təşkil edəcəklər.

Aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibi əksər hissədə, o cümlədən bütün struktur qurumların rəhbərliyi yenilənmiş, rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifələrinə ilk dəfə olaraq təyin edilən şəxslərin sayı əsaslı surətdə artmışdır. Prokurorluqda 2000-ci ildən həyata keçirilən, obyektivlik və ədalətlilik meyarlarına əsaslanan, yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam düşüncəli və mənəviyyatlı, dövlətçiliyə, vətəninə və xalqına sadiq, qanunun aliliyinə, hüquqi dövlətin prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilmə prosesi uğurla davam etdirilmişdir. Bu amillər həm prokurorluq orqanlarına qulluğa yeni qəbul edilən şəxslərin seçimi zamanı, həm də kadrların yerdəyişməsi (rotasiyası), xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi prosesində əhəmiyyətli olmuşdur. Təqdirəlayiq haldır ki, yuxarı təsnifatlar üzrə vəzifədə irəli çəkilmiş şəxslərin 200-dən çoxu əvvəlki müsabiqələrin nəticələrinə görə prokurorluq orqanlarına qulluğa qəbul edilmiş şəxslərdir, o cümlədən 85 nəfəri prokurorluğun mərkəzi aparatına - Baş Prokurorluğa, 6 nəfəri isə rəhbər vəzifələrə təyin edilmişlər. Kadrlarla işin səmərəli təşkilinin nəticəsi olaraq 2011-ci ildə fəaliyyətləri müsbət qiymətləndirilmiş 21 nəfər, cari ilin birinci yarımilliyində isə 5 nəfər müstəqil rayon və şəhər prokurorları vəzifələrinə təyin edilmiş, onlardan 13 nəfəri bu vəzifəyə ilk dəfə irəli çəkilən şəxslər olmuşdur. Ümumilikdə ötən il ərzində 169 prokurorluq işçisi yuxarı təsnifat üzrə vəzifələrə irəli çəkilmiş, xidmətdə fərqləndiklərinə görə 153 əməkdaş mükafatlandırılmışdır. Cari ilin birinci yarımilliyində 78 nəfər mükafatlandırılmış, 42 prokurorluq işçisi isə yuxarı vəzifələrə irəli çəkilmişdir.

Prokurorluq işçilərinin fəaliyyətinin obyektiv meyarlar və şəffaf prosedurlar əsasında qiymətləndirilməsi, kadrların rotasiyası siyasətinin təkmilləşdirilməsini, habelə müasir informasiya texnologiyalarından səmərəli istifadə edilməklə attestasiyaların keçirilməsi işinin müasirləşdirilməsini təmin etmək məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlərin verilməsi  təmin edilmişdir.

Ümumilikdə "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərinin tənzim edilməsi üçün son  illərdə 50-dən yuxarı əmr, 20-yə yaxın təlimat və qaydalar qəbul olunaraq icraya yönəldilmişdir. Prokurorluğun fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi sahəsində görülmüş işlərin nəticəsi olaraq "Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri" adlı yeni kitabın çap edilməsi və 2 cilddən ibarət bu nəşrin 27 sentyabr 2011-ci il tarixdə təqdimatı keçirilmişdir.

 Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə  2000-ci ilin aprelin 26-da keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra  həyata keçirilən islahatların mühüm tərkib hissəsi kimi xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi və ciddi nizam-intizam yaradılması, əməkdaşların məsuliyyətinin daha da artırılması məsələləri aktual olaraq qalmaqdadır. Belə ki, xidməti, icra və əmək intizamının tələblərini pozduqlarına görə 2011-ci il və cari ilin ötən dövrü ərzində müvafiq olaraq 68 və 47 əməkdaş intizam qaydasında ciddi  cəzalandırılmış, xidməti intizamın kobud pozuntusuna, müstəntiq və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə, cinayət xarakterli məlumatların araşdırılması zamanı qanunsuzluqlara və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərinin pozuntusu hallarına, cinayət qanunvericiliyi ilə təqib olunan əməllərə yol verdiklərinə görə müvafiq olaraq 4 və 9 əməkdaş  prokurorluq orqanlarından xaric edilmiş, onlardan 3-ü cinayət  məsuliyyətinə cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Prokurorluq orqanlarının əməkdaşları tərəfindən yol verilən bütün neqativ təzahürlərə qarşı qətiyyətli və prinsipial mübarizə xətti bundan sonra da eyni intensivliklə davam etdiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi yüksəlmişdir. Bu prosesin həyata keçirilməsində, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır. Korrupsiyaya qarşı səmərəli və barışmaz mübarizənin aparılması dövlət başçısı cənab İlham Əliyev  tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətini təşkil etdiyindən, bu sosial bəlaya qarşı əks təsirin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi  məsələlərinə xüsusi diqqət yetirilir.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən yuxarıda qeyd olunan vəzifələrin icrası üzrə zəruri iş aparılmaqla mübarizənin gücləndirilməsi, korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya", onun həyata keçirilməsi üzrə 2007-2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi istiqamətində  müvafiq tədbirlər görülmüşdür.

Qeyd edilməlidir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar respublikamızda bu ümumbəşəri bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə şərait yaratmışdır. Dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr edilmiş iclasındakı yekun nitqində bu mübarizənin vəziyyətini yüksək qiymətləndirərək demişdir: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir. Burada, əlbəttə ki, cəza tədbirləri tətbiq olunmalıdır. Eyni zamanda, institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, "elektron hökumət"in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik.  Əminəm ki, növbəti aylar ərzində daha da böyük nəticələr olacaqdır".

Korrupsiyanın aradan qaldırılması məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilməsini müşahidə etmək üçün  cari ilin ötən aylarında və ondan əvvəlki ildə görülən işlərin bir hissəsini nəzərdən keçirmək kifayət edər. Bu dövrdə korrupsiyaya qarşı mübarizənin daha mükəmməl aparılmasının normativ-hüquqi və təşkilati əsaslarının möhkəmləndirilməsi istiqamətində ciddi islahatlar aparılmaqla  qanunvericilikdə bir sıra dəyişikliklər edilərək bu sahədə görülən işlərin səmərəliliyi yüksəlmiş, xüsusilə profilaktiki fəaliyyətin, preventiv təsirin  gücləndirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılaraq uğurla davam etdirilmişdir. Dövlət başçısının 11 mart 2011-ci il tarixli fərmanına əsasən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçiləri 2,5 dəfə, texniki işçiləri isə müvafiq sayda artırılmışdır. Korrupsiya ilə bağlı cinayətlərin aşkar edilməsi və açılması prosesinin təmin edilməsi məqsədi ilə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 18 mart 2011-ci il tarixli qanunlarla Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir. Müstəqil Dövlətlər Birliyi ölkələri, habelə Azərbaycan tarixində ilk dəfə olaraq prokurorluğun struktur qurumuna əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi səlahiyyətinin verilməsi çox mühüm yenilik, ciddi islahat kimi qəbul edilməlidir. İdarənin əməliyyat-axtarış fəaliyyətini həyata keçirdiyi ötən ayların təcrübəsi bu islahatın korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində, bu qəbildən olan cinayətləri törətmiş şəxslərlə mübarizənin aparılmasında çox əhəmiyyətli olduğunu qeyd etməyə əsas verir. Belə ki, 2012-ci ilin birinci yarımili ərzində axtarışda olan 21 nəfər şəxsdən 14-ü tutulub istintaqa təhvil  verilmiş, qalan 7 nəfər respublikanın hüdudlarından kənarda olduqlarından onların tutulması üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Korrupsiya ilə mübarizədə ictimaiyyətin köməyindən istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılması məqsədilə  03 mart 2011-ci il tarixdən fəaliyyət göstərən "Qaynar xətt" əlaqə mərkəzinin işi onu deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş bu yenilik müsbət nəticələr verməklə əhali tərəfindən rəğbətlə qarşılanır. Mərkəzin təşkil edildiyi vaxtdan 2011-ci ilin sonunadək olan təxminən 10 ay ərzində mərkəzə daxil olmuş müraciətlər üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsion fəaliyyətləri ilə bağlı 27 cinayət işi başlanılmışdır. 2012-ci ilin birinci yarımili ərzində keçirilmiş əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayəti törətmiş şəxslər barəsində başlanılmış 25 cinayət işindən 13-ü "Qaynar xətt" əlaqə mərkəzinə, 12-si isə adi qaydada daxil olmuş müraciətlər üzrə olmuşdur.

 Daxil olmuş məlumatların araşdırılması prosesində aşkar olunan qanun pozuntularına qarşı preventiv tədbirlərin görülməsi məsələsinə də  xüsusi diqqət yetirilir. Belə ki, daxil olmuş müraciətlərin, eləcə də kütləvi informasiya vasitələrində dərc edilən məlumatların  ümumiləşdirilməsi son zamanlar çoxmənzilli yaşayış binalarının inşası və bu binalarda mənzillərin vətəndaşlara satılması prosesində kütləvi və ciddi qanun pozuntularına, o cümlədən dələduzluq hallarına yol verildiyi müəyyən olunduğundan, preventiv xarakterli tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin davamı olaraq 2012-ci ilin aprel ayında "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir.

Korrupsiya ilə mübarizə üzrə fəaliyyətin daha çevik və səmərəli təşkili nəticəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işi, cari ilin  birinci yarımili ərzində isə  160 şəxs barəsində 82 cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.

Son dövrlər ərzində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiya və rüşvətxorluq kimi sosial bəlaya qarşı fundamental mübarizəyə başlanılmasının, dövlət başçısı cənab İlham Əliyevin qeyd edilən neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "Asan xidmət" mərkəzlərinin yaradılması, 2012-2015-ci illər üçün nəzərdə tutulmuş Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının təsdiq edilməsi bu istiqamətdə görülən  böyük işlərdir. Hazırda  Milli Fəaliyyət Planının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəldilmiş müvafiq işlər görülür.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi və elektron sənəd dövriyyəsi sisteminə keçid müasir dövrün ən vacib tələblərindən biri olmaqla hər bir dövlət qurumunun və təsisatının təkmilləşdirilməsini və inkişafını şərtləndirən hal olduğundan Azərbaycan Respublikası Prokurorluğunda bu məsələlərə xüsusi önəm verilir. Dövlət başçısının 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edilmişdir. Elektron sistemə keçid sahəsində mühüm əhəmiyyətə malik olan bu sənədin icrası istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanı ilə "Elektron Azərbaycan" Proqramında nəzərdə tutulmuş, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sisteminin yaradılması məqsədilə "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Əsasnamədə elektron sənəd dövriyyəsi sisteminin iştirakçıları olan dövlət orqanları və qurumlarına aid edildiyindən elektron sənəd dövriyyəsinə keçidlə bağlı prokurorluq orqanlarında görülən təşkilati və digər işlərin bu sənədin prinsip və tələblərinə uyğunluğu baxımından daha da təkmilləşdirilməsi və səmərəli qurulması prosesi həyata keçirilir.

Baş Prokurorluğun 03 fevral 2012-ci il tarixli geniş kollegiya iclasının qərarına uyğun olaraq "Elektron sənəd dövriyyəsi" Proqramının Baş Prokurorluğun bütün struktur qurumlarında hərtərəfli mənimsənilməsi və səmərəli tətbiqi həyata keçirilməklə sistemin normal fəaliyyəti təmin edilir. Bakı şəhər və respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının elektron sənəd dövriyyəsi sisteminə qoşulması prosesi mərhələli şəkildə reallaşdırılır. Bu məqsədlə hazırda respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarına optik və elektron sənəd dövriyyəsini təmin edəcək daxili şəbəkə xətlərinin çəkilişi davam etdirilir, server otağının hazırlanması və server avadanlıqlarının alınması həyata keçirilir.

Qeyd edilən proqramda aparılan əməliyyatlar, informasiyanın elektron formada göndərilməsi prosedurları, proqramın digər funksional imkanları barədə tam və ətraflı məlumat verilməsini təmin etmək məqsədilə hazırlanmış "Elektron sənəd dövriyyəsi" Proqramından istifadə qaydaları" nəşr edilərək bütün prokurorluq işçilərinə verilmişdir. 2012-ci ilin ilk günlərindən Baş Prokurorluğa daxil olan bütün sənədlərin hərəkəti "Elektron sənəd dövriyyəsi" Proqramı vasitəsilə həyata keçirilir. Proqramdan istifadə ilə əlaqədar prokurorluq işçilərində müvafiq vərdişlərin yaranmasını təmin etmək üçün mütəmadi olaraq fəaliyyət göstərən xüsusi hazırlıq kursları təşkil edilmişdir. Baş Prokurorluğun struktur qurumlarının daxili kompyuter proqram təminatı həyata keçirilərək, idarə və şöbələrin fəaliyyətinə dair bütün məlumat və göstəriciləri əks etdirən, elektron vasitələrdən istifadə edilməklə təhlillərin və analitik işin, ümumiləşdirmələrin aparılmasına, fəaliyyətin qiymətləndirilməsinə və təkmilləşdirilməsinə optimal şərait yaradan müasir tipli proqramların hazırlanıb istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Bu prosesin yekunlaşdığı qurumlarda, o cümlədən Kadrlar idarəsində daxili proqramdan istifadə edilməsi işin xeyli hissəsinin avtomatlaşdırılmasına və nəticədə iş vaxtından daha səmərəli istifadə olunaraq fəaliyyətdə daha yüksək göstəricilərin əldə edilməsinə şərait yaratmışdır.

Baş Prokurorluğun müvafiq kollegiya iclasının qərarına əsasən prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyini daha da artırmaq məqsədilə həyata keçirilməyə başlanmış "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("Elektron Cinayət") informasiya sisteminin yaradılması prosesi uğurla başa çatdırılmışdır. "Elektron Cinayət" informasiya sistemində cinayət işi üzrə təqibin həyata keçirilməsinin bütün mərhələləri, cinayət haqqında məlumat daxil olduğu andan iş üzrə cinayət prosesi başa çatanadək, o cümlədən bütün istintaq və prosessual hərəkətlər, işin gedişatı, işlə bağlı qəbul edilmiş istintaq və məhkəmə orqanlarının qərarları tam və ardıcıl olaraq əks olunur. Bu elektron sistem prokurorluq orqanlarının müvafiq sahədə fəaliyyətinin daha yüksək keyfiyyət müstəvisində həyata keçirilməsinə və iş vaxtının daha səmərəli istifadəsinə imkan yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 avqust 2012-ci il tarixdə müqəddəs ramazan ayı münasibətilə verilən iftar mərasimində söylədiyi nitqindəki "Müstəqil siyasət aparmaq üçün, əlbəttə ki, güclü iqtisadi dayaqlar və güclü ideoloji əsaslar olmalıdır. Azərbaycanda bu amillər vardır. Bizim ideoloji əsaslarımızı azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq məfkurəsi təşkil edir. Bizim iqtisadi islahatların təməlində bazar iqtisadiyyatı prinsipləri dayanır. Sosial siyasətin təməlində isə insan amili dayanır. Vaxtilə "nefti insan kapitalına çevirmək lazımdır" siyasəti bəyan edilmişdi. Bu siyasət artıq öz bəhrəsini verməkdədir" sözləri bütün dövlət orqanlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının uğurla həyata keçirdiyi, təməlində insan amili dayanan sosial siyasətin müəyyən etdiyi prioritetlərə müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu tərəfindən müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi, bu sahədə fəaliyyətin elektron texnologiyalardan geniş istifadə edilməklə təkmilləşdirilməsi, daxil olan müraciətlərə bütün instansiyalarda diqqətlə yanaşılaraq obyektiv baxılması, vətəndaşların maneəsiz olaraq qəbulunun təşkilinə xüsusi diqqət yetirilməsi, vətəndaşları narahat edən məsələlər üzrə təxirəsalınmaz qanuni  tədbirlərin görülməsinin təmin edilməsi ilə əlaqədar prokurorluq orqanlarına əhalinin və ictimaiyyətin inam və etibarının artmasının nəticəsidir ki, 2011-ci ildə prokurorluq orqanlarına 2010-cu illə müqayisədə 33,7 faiz çox - yəni 56,8 mindən yuxarı ərizə və şikayət daxil olmuşdur. Bu ərizə və şikayətlərin 16,3 mini müvafiq qaydada həll edilmiş, o cümlədən 2360 müraciət qaldırılan məsələlər əsaslı olduğundan təmin olunmuş, 24 mindən çox vətəndaş, o cümlədən 12,4 mindən çoxu prokurorlar tərəfindən qəbul edilmişdir. Baş Prokurorluğun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 274 (2010-cu ildə 60 olmuşdur) müraciətə qısa müddət ərzində baxılaraq müvafiq tədbirlər görülmüşdür.

Diqqətə çatdırmaq istərdim ki, vəzifə borcuna məsuliyyətli münasibətin, bütün sahələr üzrə ciddi nəzarət mexanizminin yaradılmasının nəticəsidir ki, keçən peşə bayramından sonrakı dövr ərzində prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətləri üzrə müsbət iş göstəricilərinə nail olunmuşdur. 2011-ci il və cari ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq-mühafizə, ilk növbədə isə daxili işlər və milli təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətin nəticəsi olaraq kriminogen durum stabilləşmiş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmışdır. Məqsədyönlü istintaq-əməliyyat tədbirləri nəticəsində, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi təmin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilən nəticələr Prezident cənab İlham Əliyevin ölkəmizdə möhkəm və dayanıqlı ictimai-siyasi sabitliyin yaradılmasına yönəldilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

"Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlər görülmüşdür. 2012-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmişdir. Baş Prokurorluğun rəhbər heyəti və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, Ağsu, Tərtər və Masallı rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş və hazırda onların icrası üçün məqsədyönlü  tədbirlər görülür.

Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son bir il ərzində Azərbaycan Prokurorluğunun maddi-texniki bazasının müasir  standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, çoxsaylı yeni inzibati binaların tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunmuş, hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün 1700 kv.metrlik ölçüdə iki hissədən ibarət müasir və milli ornamentlərlə zəngin, yeni informasiya texnologiyalarının geniş tətbiqi üçün bütün imkanları olan inzibati binanın tikintisi yekunlaşmaq məhhələsindədir. Eyni zamanda, prokurorluq orqanlarının avtomobil parkının tamamilə yeniləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prokurorluğu öz fəaliyyəti barədə mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını özünün ümdə vəzifələrindən biri hesab edir və bu sahədə zəruri olan bütün işləri görür. Təsadüfi deyildir ki, "Hesabatlılığın təmin edilməsi" "Açıq Hökumətin təşviqinə  dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda qeyd olunmuş Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin dörd əsas prinsipi içərisində prokurorluq ikinci olaraq göstərilmişdir. Dövlət orqanlarının fəaliyyətinin başlanğıc prinsipi kimi isə "şəffaflığın artırılması" nəzərdə tutulmuşdur ki, onun da həyata keçirilməsi "hesabatlılığın təmin edilməsi" ilə sıx əlaqəlidir. Hər il oktyabr ayının əvvəlində prokurorluq işçilərinin öz peşə gününü  qeyd edərkən bayram əhval-ruhiyyəsi yaşamaqla yanaşı, bu əlamətdar tarixin yaratdığı fürsətdən istifadə edərək eyni zamanda ictimaiyyətə fəaliyyətləri barədə hesabat vermələri artıq bir ənənəyə çevrilmişdir. 1 oktyabr 2012-ci ildə prokurorluq işçilərinin peşə bayramı  qeyd olunarkən ötən bir illik dövrə nəzər salınması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilən strateji kursa uyğun olaraq prokurorluq orqanlarında təkmilləşdirmə prosesinin ardıcıl və sistemli şəkildə aparılaraq bu mühüm dövlət təsisatının yeni inkişaf mərhələsinin tələblərinə uyğun, yüksək standartlara cavab verə bilən səviyyədə müasirləşməkdə davam etdiyini qeyd etməyə əsas verir. Prokurorluq orqanlarının bütün sahələr üzrə fəaliyyətində ötən dövr ərzində nəzərə çarpan irəliləyişlər əldə edilmiş, uğurlar qazanılmış, bu dövlət təsisatı qarşısında dayanan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü tələblər səviyyəsində və müasir dövrün beynəlxalq standartlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmiş, prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işinin səmərəliliyinin daha da artırılması məqsədilə gündəlik fəaliyyətdə istifadə edilməsi nəzərdə tutulmuş xeyli sayda metodiki vəsaitlərin hazırlanıb nəşr edilərək işçilərə paylanılması təmin edilmişdir.

Müstəqil inkişaf yollarında inamla addımlayan Azərbaycan Respublikasının qarşısında hazırda çox mühüm vəzifələr durur. Dövlət başçısı cənab İlham Əliyev  cari il sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə işgüzar görüşündə  demişdir: "Bizim gələcəyə baxışımız aydındır. Biz Azərbaycanı gələcəkdə müasir, inkişaf etmiş, beynəlxalq birliyə tam inteqrasiya olunmuş və bütün azadlıqlar, o cümlədən iqtisadi azadlıqlar təmin edilmiş yüksək həyat standartlarına  malik ölkə kimi görürük. Ölkə rəhbəri kimi ölkəmiz və vətəndaşlarımız üçün bunları arzulayıram. Bizim bunlara nail olmaq üçün çox yaxşı imkanlarımız vardır".

Hər bir Azərbaycan vətəndaşı kimi, prokurorluq əməkdaşları da qürur hissi keçirirlər  ki, yüksək templərlə inkişaf etməkdə olan yeni, müstəqil Azərbaycanın yaradıldığı və ölkəmizin simasını dəyişən qlobal yeniliklərin həyata keçirildiyi bir dövrdə yaşayırlar və səlahiyyət hədləri daxilində bu proseslərdə yaxından iştirak edirlər. Dövlətçiliyə sadiqliyini əməli fəaliyyəti ilə sübuta yetirmiş prokurorluğun kollektivi və fəal vətəndaşlıq mövqeyində olan hər bir əməkdaşımız  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış  dayanıqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

 

 

 Zakir Qaralov,

Azərbaycan Respublikasının

Baş prokuroru I dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.-2012.- 29 sentyabr.- S.3.